Sən də getdin...

Sən də getdin...
Oxşar hissləri Reynaldo "Qarabağ”ı tərk edərkən yaşamışdıq. Təəssüf hissi narahatçılığa qarışmışdı. Cavabsız sualların sayı-hesabı yox idi: "O gedəndən sonra necə olacaq?", "Başqa klublarda "Qarabağ”dakı kimi özünü sevdirə, başqalarına sübut edə biləcəkdimi?", "Bəs "Qarabağ” Reynaldonun gedişiylə yaranan boşluğu necə dolduracaq?"

Zaman suallarımızın cavabını tapdı. Reynaldonın başı daşdan daşa dəydi. Sabitliyə, meydan üzünə, qol sevincinə uzun müddət həsrət qaldı. Türkiyədən başlayan yolu fərqli ölkələrdən keçdi. Amma getdiyi heç yer onun üçün "Qarabağ” kimi isti yuvaya çevrilmədi. Özü də əvvəlki deyildi. Hazırkı dayanacağı Qazaxıstandı. Xəzərin o tayında, çempionatın sonuncusu "Aktöbe”nin formasını geyinir. "Aktöbe” hazırda bizim "Kəpəz” kimidi. Öyünməyə təkcə keçmişi qalıb. Başqa heç nə. Düzdü, son iki oyunda Reynaldo 3 qolun müəllifi olub. Amma bu qolların Reynaldonun klubunu elitada saxlayacağına inam o qədər də yüksək deyil. 

Almeydadan yazacaqdım, Reynaldodan başladım və Qazaxıstana qədər gedib çıxdım. Ona görə ki, Almeydanın gələcək karyerası bizim üçün Reynaldodan daha vacibi. "Rey"i "milliləşdirməyə” macal tapmadıq, amma Almeyda təxminən bir ildi ki, milli komandamızın üzvüdü. Deməli, onun işlərinin yaxşı getməsi, daim formada və meydanda olması milli komandamız üçün faydalıdı. Yerini doldurmağımız çətin olan fiqurlardandı.

Gedəcəyi yeri bilmirik. Deyəsən, heç özü də bilmir, qərarsızdı. Biri "Fiorentina” deyir, o birisi Dinonun getdiyi Çin klubunu işarə verir. Prinsipcə, mahiyyət dəyişmir. Almeyda daha səviyyəli çempionatda oynamaq və daha çox qazanmaq arzusundadı. 10 aydan sonra 30 yaşını tamam edəcək. Bilir ki, Azərbaycanda bundan sonra qazancı bundan artıq olmayacaq. Həm maddi, həm də mənəvi baxımdan. Ona görə də getməyi "türkün sözü” kafasına qoyub. Qurban Qurbanov da onun bu qərarına hörmətlə, anlayışla yanaşır.

Elə biz də. Düzdü, bizim yanaşmağımız heç də həlledici deyil. Amma hara getsə, bizim üçün dəyərli və əziz olacaq. Həm də ona görə ki, Riçard bizim birimizdi, milli komandamızın üzvüdü. Onun işlərinin qaydasında getməsi üçün duaçı olacağıq.

Reynaldonun aqibətinin ondan uzaq olmasını ürəkdən arzulayırıq. Reynaldonu Almeydadan heç də az sevməmişdik. İstedadları, "Qarabağ” can yandırmaları arasında da böyük fərq yoxdu. İkisinin də baxımlı oyunu, vacib oyunlarda vurduğu qollar zövqümüzü oxşayıb, bizi yetərincə sevindirib. Reynaldo "Qarabağ”dan kənarda davamını gətirə bilmədi. Bəlkə də xarakterindəki problemlər, yaxud da burda da tez-tez ona əziyyət verən zədəsi imkan vermədi.

Keçənə güzəşt deyək. Almeydanın bu halla qarşılaşmayacağına inanaq. Getdiyi yerdə də "Qarabağ”dakı kimi sevilsin, həlledici fiqur olsun, əsas heyətdə meydana çıxsın. "Qarabağ”a isə onsuz çətin olacaq. Əvəzolunmaz insan yoxdu deyimi belə burda keçərsizdi. Almeydanı əvəz etmək üçün təkcə layiqli əvəzedici yox, xeyli zaman lazımdı.

Reynaldonun gedişi ilə "Qarabağ”da bir dönəm yarılanmışdı. Almeydanın gedişi isə həmin dönəmi tamamən qapatdı. "Sambaçı”ların duetini, meydanda çıxardıqları "hoqqaları” isə uzun müddət unutmayacağıq. Yolun açıq olsun, Almeyda!

Amal ABUŞOV
 

Xəbər lenti