Sən nə yamansan, Dzyuba

Sən nə yamansan, Dzyuba
Artyom Dzyubanı tanımayan çox az futbol həvəskarı olar. Şimal qonşumuz Rusiyanın tanınmış hücumçularındandı. Sonuncu dünya çempionatından sonra isə daha da məşhurlaşdı.

30 yaşını avqustda tamamlayacaq hücumçu əsasən "Zenit”dəki çıxışıyla tanınıb. Artyom 2015-ci ildən Sankt-Peterburq klubunun şərəfini qoruyur. "Mavi”lərin heyətində 72 oyun keçirib, 30 qola imza atandan sonra Tula "Arsenal”ına icarəyə verilmişdi. İtalyan Mançini ona əsas heyət üzvü kimi baxmırdı və bunun nəticəsində də yanvarda Dzyubanı Tula klubuna icarəyə verdilər. Özünü sübut etmək həvəsi "Arsenal”ın "Zenit”lə oyununda fontan vurdu. 3:3 hesabıyla yekunlaşan gərgin qarşılaşmada Atyom bir məhsuldar ötürmənin müəllifi oldu, son dəqiqələrdə vurduğu qolla isə oyunun yekun nəticəsini müəyyənləşdirdi. Yəni, "Zenit”i qələbədən məhrum, "Arsenal”ı məğlubiyyətdən xilas etdi.

Onun dünya çempionatında iştirak edib-etməyəcəyi uzun müddət müzakirə mövzusu oldu. Nəhayət ki, iyunun 3-də Çerçesov yekun qərarını verdi və Artyom Dzyubanın yekun heyətdə yer alacağını, dünya çempionatında oynayacağını bildirdi. Çoxlarının ağız büzdüyü, hesabdan silməyə tələsdiyi Dzyuba mundialın ən parlaq futbolçularından birinə çevrildi. Səudiyyə Ərəbistanı ilə oyunda əvəzetmədən meydana daxil oldu və cəmi bir dəqiqə sonra adını tabloya yazdırdı. İspaniya ilə oyunda yerinə yetirdiyi penalti zərbəsi isə rusları ¼ finalın iştirakçısına çevirdi. Ümumilikdə 3 qolun və iki məhsuldar ötürmənin müəllifi olan Artyom yekunda çempionatın simvolik yığmasına da daxil edildi.

Düşünmək olardı ki, mundialdan sonra uzun müddət istirahətə çəkiləcək. Onun üçün enişli-yoxuşlu keçən mövsümün fiziki və psixoloji yorğunluğunu üzərindən atacaq, bir qədər də günəşli yayın ləzzətini çıxaracaq. Amma Dzyuba belə davranmadı. İspaniya və Xovatiya ilə 120 dəqiqə davam edən ağır oyunların iştirakçısı olan hücumçu cəmi altı gün istirahət etdi. Həmin 6 günlük istirahətdən sonra təlim-məşq toplanışında olan "Zenit”in düşərgəsinə yollandı. Yollandı ki, yeni mövsümün startına hazır olsun, heyətdəki yerini başqasına verməsin.

Bunu da bacardı. Mövsümün ilk oyununda Sergey Semak 30 yaşlı hücumçuya start heyətə yer vermiş, ilk dəqiqələrdə Artyoma güvənmişdi. Elitaya yüksəlməyin həyacanını yaşayan, ilk oyunda uduzmamağa çalışan "Yenisey”lə oyun xeyli gərgin keçdi. Hər şey qolsuz heç-heçəyə, "Zenit”in startdaca büdrəməsinə doğru gedərkən Artyom səhnəyə çıxdı və 82-ci dəqiqədə vurduğu qolla Piter təmsilçisini gərginlikdən, təzyiqdən xilas etdi. Sonrası isə asan idi. Daha bir qol vuran "Zenit” Sibirdən vacib 3 xalla qayıtdı.

Bu qələbənin memarı sözsüz ki, Artyom Dzyuba idi. Dünya çempionatının qəhrəmanlarından biri Tümendəki oyunun da əsas fiqurlarından biri oldu. Mundialdan sonra cəmi 6 gün istirahət etməklə kifayətlənmiş, "Zenit”in hazırlığlna qatılmağa tələsmiş 30 yaşlı hücumçu. Əsl peşəkar və xarakater sahibi. Vurduğu qollar isə onun bu xarakterinin mükafatıdı.

Bu sətirləri ona görə yazıram ki, bizimkilər də oxusunlar. Fərqi yoxdu, gənc və ya təcrübəli futbolçular, hamınızın Dzyubadan öyrənməyə çox ehtiyacınız var. Cəmi səkkiz klubun yarışdığı, oyunlarının əksəriyyəti Bakıda keçirilən Premyer Liqanın iştirakçıları ondan əsl futbolçu xarakterini öyrənməli, yorğunluqdan şikayətlənməməlidi. Öyrənmək isə heç vaxt gec deyil!

Amal ABUŞOV
 

Xəbər lenti