Sənan Qurbanov:

Sənan Qurbanov: "Çətin dönəmdən keçdiyimiz üçün, sonda göz yaşları oldu"

"Qəbələ"nin çalışdırıcısı Sənan Qurbanovun Sport7.az saytına müsahibəsi.

- Kubok qazanmaq necə hissdi?

- Möhtəşəm hissdi (gülür). Neçə illərdi bunu gözləyirdik, həsrətindəyik. Qazanmaq çətin oldu. Bu mövsüm də bizim üçün ağır keçdi. Lakin əziyyətimizin sonu belə möhtəşəm şəkildə bitdi. Kuboka sahib olduq, həsrətə son qoyduq. 

- Final matçını komandaya daha yaxın olmaq əvəzinə, tribunadan izlədiz. Yarımfinalda texniki zonadan göndərilməyinizə görə peşiman olmadız?

- "Qarabağ"la oyun zamanı heç nə fikirləşmirdim. Elə bir dönəmdə idik ki, uğur qazana biləcəyimizə inanırdıq. Ona görə də emosiyalarıma hakim ola bilmədim və texniki zonadan göndərildim. Düzdü finalda texniki zonada olmamağıma görə məyus idim. Amma məni elə bir yerə göndərdilər ki, komandaya çox yaxın idim (gülür). Tribunanın arxasında yer vermişdilər, rahat şəkildə danışırdım (gülür). 

- Oyundan sonrakı fotolarda ağlamağınız da diqqət çəkdi. Bu da yəqin ki, böyük arzunun göstəricisi idi. İstər məşqçi istərsə də futbolçu karyeranızda nə vaxtsa belə halla üz-üzə qalmışdız?

- Çox gərgin mövsüm keçirmişdim. Həm də belə bir yükün altına girmişdim. Neçə illərdi "Qəbələ"dəyəm. Bu komandanın həm ağrısını, həm sevincini yaşayan adam olmuşam. Doğurdan da ağır dönəm keçirdik. Bütün bunları göz önünə gətirdim. Oyundan öncə mən də, futbolçularda bu haqda düşünməməyə, matça köklənməyə çalışırdıq. Hamının xəyalı, arzusu vardı ki, oyunsonrası kuboku qazanacağıq. Çətin dönəmdən keçdiyimiz üçün, sonda bu göz yaşları oldu. Hər şeyin yaxşı bitməsinə görə Allaha şükürlər etdim. 

- "Qəbələ" nəyin hesabına ölkə kubokunu qazandı?

- Birmənalı olaraq, birliyin hesabına. Həqiqətən uşaqlar son oyunlarda çox birləşmişdi. Başda kapitan Cavid Hüseynov olmaqla bu haqda danışırdıq. Məşqlərimiz, iclaslarımız, uşaqların sosial həyatları olsun, hər şeydən xəbərdar idim. Çox möhkəm birləşim idi. Hətta məğlubiyyətə uğradığımız bəzi çempionat oyunlarından sonra da futbolçularda dağınıqlıq görmədim. Çünki belə bir yol qət etmişdik. Şükürlər olsun ki, o məğlubiyyətlər bizə təsir etmədi. Böyük birləşim oldu və nə vaxtsa nəticə verməli idik. Bunun astanasındaydıq. 

- Komandanın ən uğurlu baş məşqçilərindən olan Roman Qriqorçukun neçə illər edə bilmədiyini, siz həyata keçirdiz. Görünür ondan "oğurladığınız" biliklər, çempionatda olmasa da, kubokda fayda verib...

- "Qəbələ"də çox adlı-sanlı məşqçilər olub. Sonda da Qriqorçuk gəldi. İstər, Syomin, istər Qriqorçuk olsun, onlardan çox şeylər öyrəndim, təcrübə yığdım. İlk ildə çətin olur, getdikcə təcrübə yığırsan. Etdiyimiz səhvləri gələn il təkrarlamamğa çalışacağıq.

- Kuboku qazanmaqla indiyə qədər "Qəbələ"də çalışan adlı-sanlı məşqçilərdən daha məşhur olmusuz...

- Belə çıxır (gülür). Amma bu futboldu, mənə qismət oldu. Hamısına təşəkkür edirəm ki, onlar da təcrübələrini mənimlə bölüşdülər. O məşqçilərin yanında oldum. Tapşırıqları köməkçi məşqçi olaraq maksimim yerinə yetirdim. 

- Final matçından əvvəl komandaya nə söz vermişdiz?

- Xüsusi söz verilməmişdi. Həftəlik proqramımız var və çox yaxşı hazırlaşmışdıq. Bakı toplanışında oyun zamanı həyata keçirəcəyimiz bütün hücumlara, müdafiəyə, gedişatlara məsuliyyətlə hazırlaşmışdılar. Ancaq oyuna yaxınlaşanda, artıq o stressi hiss edirdim. Lakin çalışırdım futbolçularda bu olmasın, çünki oyunlarına təsir edə bilərdi. Futbolçuları sakitləşdirməyə çalışdıq. Bədənlərindəki bütün kapliyarlarını oyuna hazırlamalarına çalışdıq. Maksimum köklənməli və bir iclasdan sonra futbolçular da artıq özləri-özlərini hazırlamalı idilər. Bu yolu bilirdim. Nətiədə futbolçular özlərini oyuna çox mükəmməl hazırladılar. Bu da gətirib qələbəyə çıxardı. Hamımızın ağlında bir fikir vardı - ölkədəki iki kubokun birinə "Qarabağ" yiyələnib, digərinə də biz sahib ola bilərik. O da çempionluqdu. Qızıl medal, alqışlar, bunlar hamısı uşaqlara təsir etdi. Uşaqlar yüksək motivasiya ilə oyuna çıxdılar, çünki "Qəbələ" tarixinə öz adlarını qızıl hərflərlə yazmaları üçün şansları vardı. 

- "Qəbələ" kuboku qazanmasa komandadan gedəcəkdiz?

- Qazanacağımıza inamım çox idi. Hətta "Qarabağ"la oyunda 0:2 hesabı ilə geridə olanda belə çox inamım vardı. Çempionatda uğursuz çıxış edirdik, amma düşünürdüm ki, "sonda nəsə olmalıdı, biz kuboku qazanacağıq". Həddindən güclü bir inamım vardı.  Çünki işə yanaşma olaraq nə mən, nə də komandam dayanmışdı. Düzgün yanaşma nəticə verir. Amma kuboku almayıb və avrokuboklara vəsiqə qazanmasaydıq çox məyus olacaqdım. Ola bilərdi ki, getmək haqda düşünüm, amma rəhbərliyin qərarına hörmətlə yanaşıram. Təki hər şey "Qəbələ"nin xeyrinə olsun. 

- Avrokuboklar üçün hazırlığa nə vaxtdan start veriləcək?

- Klub rəhbərliyi bizə büdcə ilə bağlı qərarlarını açıqlayacaq. Müqaviləsi bitən futbolçular da gözləyirlər. Bütün bunlara aydınlıq gələndən sonra planımızı hazırlayacağıq. 

- Artıq bir sıra futbolçuları, Monroz, İlqar Qurbanov və sair növbəti mövsümdən komandada görmək istəmədiyinizlə bağlı xəbərlər var. Ümumiyyətlə yay transfer planlarınız necə olacaq? 

- Hələ heç nə dəqiqləşməyib. Müqaviləsi bitən futbolçularımızın bəziləri ilə anlaşmanı yeniləmədik. Amma gözləyənlər də var. Yaxın günlərdə rəhbərlik büdcə ilə bağlı açıqlama verəcək. 

- Ötən avrokuboklarda 3-cü mərhələdə mübarizəni dayandırmağınızı baş məşqçiliyə yeni başlamağınıza, öz sisteminizi yeni-yeni komandaya mənimsətməyinizə bağışladılar. Ancaq bu dəfə güman ki, "Qəbələ" azarkeşləri ən azı 1-2 əla transfer və qrup mərhələsini tələb edəcəklər. Klubun büdcəsi və iddiası buna imkan verəcək?

- Bu dəfə bağışlamayacaqlar (gülür). İstərdik ki, iddialı futbolçuları komandada saxlayaq və heyətimiz güclü olsun, istədiyimiz futbolu meydançada göstərə bilək. Klub rəhbərliyinin bütün qərarlarına böyük hörmətlə yanaşacağıq. Çünki klubun üzvüyük. Hansı büdcə və heyət desələr, ona uyğun canla-başla çalışacağıq. Avropada çıxış etmək üçün, əlbəttə, yaxşı heyətimiz olmalıdı. Ora tam fərqli arenadı. Keçən ildən fərqli komandamızda da dəyişikliklər var. Təcrübəsiz futbolçular, təcrübə qazandılar. Yeni futbolçular dəvət etmişdik, amma uyğunlaşma prosesi gec oldu. Bunlar bizə maneə yaratdı. İndi büdcə açıqlanandan sonra, fikirlərimizi də tez həyata keçirməliyik ki, keçənilki uğursuzluğu yaşamayaq. Büdcə və futbolçu seçimimizdən çox şey asılı olacaq. Komandanın özəyini saxlaya bilsək Avropada da uğurlu çıxış etmək şansımız olar. 

- Böyük dəyişiklik gözlənilir?

- Futboldu, ola bilər. Böyük dəyişiklik olsa yeni futbolçuları tez bir zamanda dəvət etməliyik ki, uyğunlaşa bilsinlər. Çünki sistemə uğunlaşmaq vaxt aparır. Amma komandada əsas futbolçularımız var ki, özək sayılırlar. Onları saxlamaq niyyətindəyik.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR