Sənan Qurbanov: "İddialı "Qəbələ" görəcəyik"

Sənan Qurbanov:
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov komandanın təlim-məşq toplanışı ilə bağlı danışıb.

Mütəxəssis Sport7.az-a müsahibəsində bunları bildirib.

- Sənan bəy, əvvəlcə hazırlıqlarla bağlı danışardız. Son durum necədi?

- Bakıda qalası olduq. Son üç gündə iki dəfə olmaqla məşq etdik. Hamı ən optimal formanı yığmaq üçün səylə çalışır. Deyərdim ki, məşqlərimiz yaxşı gedir. Əhval-ruhiyyə də öz qaydasındadı. Avroliqada ilk mərhələni keçə bilmədiyimiz üçün bir qədər psixoloji çətinlik yaranmışdı. Keçə biləcəyimiz rəqib idi. Qəbələdə buraxdığımız səhvləri analiz etdik. İlk oyndan sonra onları daha yaxşı tanıdıq. İkinci oyunda qalib gəlmək üçün söz verdik. Qələbə qazandıq, amma nəticə kifayət etmədi. Təcrübəli futbolçularımız var. Komandanı tez bir zamanda toparlaya bildik. Görüntü olaraq hər şey yaxşıdı.

- "Qəbələ" Avroliqanın ilk mərhələsində mübarizəni dayandırmaqla ümidsizlik yaratdı. Çempionatda daha fərqli komanda görə biləcəyik?

- Elə bu yöndə çalışırıq. Doğurdan da, Avroliqada gözləmədiyimiz nəticə oldu. Komandanın və futbolçular yenidi. Bilirsiz ki, kollektivə gənc futbolçular da qatmışıq. İnşallah, gündən-günə təcrübə qazanacaqlar, Avroliqa da gördülər. "Qəbələ" iddialı klubdu!

- Çoxları düşünür ki, "Qəbələ" bu mövsüm iddiasız olacaq. Deyilənlərin əksinə şahid olacağıqmı?

- Çalışdığımız odu. Bütün məşqlərə yanaşmamız eyni olaraq qalır. Elə bir məşqçi və ya futbolçu yoxdu ki, kənardan deyilənlərin düzgün olduğunu söyləsin. Məğlubiyyət olsa belə, onunla barışmırıq. Durumumuzu daha da yaxşılaşdırmaq üçün daim çalışacağıq. İnşallah, iddialı "Qəbələ" görəcəyik. Çempionat uzun bir marafondu. Heç kim əllərini yanına salmayacaq. Daim işləyəcəyik, səhvlərimizdən nəticə çıxarıb inkişaf edəcəyik. Yolumuz bəllidi.

- İstədiyiniz komandanı formalaşdıra bilibsiz?

- Gündən-günə inkişaf hiss olunur. 

- Bu komandada Qriqorçukun "Qəbələ"sindən fərqli nəsə görə biləcəyik? Məsələn, istər oyun, istər üslub və ya taktika baxımından hər hansı dəyişikliklər edəcəksiz?

- Futbolda həm müdafiə, həm də hücum var. Biz də çalışacağıq ki, müdafiədə, eyni zamanda hücumda kompakt oyun nümayiş etdirək. Qrup, komanda və fərdi üslub var, hər üçündə inkişaf etməlisən. Yavaş-yavaş istədiyimiz futbol da bundan qaynaqlanacaq. Həm müdafiədə, həm də hücumda inkişaf edə bilsək, artıq bir sxem üzərində düşünmək mümkündü. Çünki hər rəqibə qarşı fərqli sistemlə oynamaq istəyirik. Bu da zaman tələb edir. Hər şeyi birdən-birə dəyişmək, heç dünya futbolunda da yoxdu. Dediyim iki komponent çox vacibdi. Hücumlar zamanı ələ düşən imkanlardan istifadə edə bilməlisən. Müdafiədə də eyni şəkildə. Çalışırıq bu komponentlərdə səhvlərimizi analiz edib düzəldək. Sonradan oyun sistemimiz olacaq. İstəyirik ki, rəqib üzərində total şəkildə dominantlıq edək. 

- Yəqin ki, çempionat başlayana qədər daha bir neçə yoldaşlıq görüşü keçirəcəksiz?

- Ayın 31-i əvəzedicilərimizlə oynayacağıq. Avqustun 4-ü üçün isə "Keşlə" ilə danışırıq. İnşallah, müsbət cavab alacağıq. "Keşlə" ilə oyun alınmasa belə, çalışacağıq ki, mütləq hansısa Premyer Liqa komandası ilə görüşək. 

- Transferlərlə bağlı nə düşünürsüz? Yekunlaşdırmısız, yoxsa yeni futbolçular gözlənilir?

- Xeyr, istər yerli, istərsə də əcnəbi transferlərimiz yekunlaşıb. Əlimizdə olan "material"a inanıram, güvənirəm. Bunlarla irəli getməyə çalışacağıq.

Sport7.az

Xəbər lenti