Sənan Qurbanov: "Yaxşı olardı ki, hakimlər işlərinin öhdəsindən gəlsinlər"

Sənan Qurbanov:
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov növbəti turda baş tutacaq "Sabah"la matçın hazırlıqlarından danışıb.

Sənan bəy Sport7.az-a müsahibəsində bunları söyləyib: "Qəbələdə hazırlaşırıq, oyunumuz burda olacaq. Əhval-ruhiyyə yaxşıdı. "Sumqayıt"la görüşdən sonra oyunumuzu təhlil edib səhvlərimizin üzərində çalışırıq ki, təkrarlanmasın. İstəyirik ki, öz meydanımızda 3 xal üçün mübarizə aparaq".

- Komandada  psixoloji durum nə yerdədi?

- Normaldı, "Sumqayıt"la oyunda həm yaxşı qol vəziyyətlərimiz, həm də çatışmayan cəhətlərimiz vardı. Futbolçular bunu dərk edir. Çalışırıq ki, bu səhvləri bir daha təkrarlamamaq və psixoloji gərginliyin altına düşməmək şərtilə hamısının öhdəsindən gələk.

- "Sumqayıt"la oyunda baş verənlər komandaya necə təsir edib?

- Oyundan sonra da demişdim ki, qırmızı vərəqə olan epizodlara təkrar baxılmalıdı. O qarışıqlıqda bizə elə gəldi ki, qırmızı vərəqə yox idi. Biz buna əmin idik. Bəzən insan deyir ki, "bəlkə gözlərim məni aldadır?" Amma elə deyil. Gördük ki, epizodların hamısına düzgün baxmışıq. Qarışıqlıq olsa da orda "qırmızılıq" heç nə yox idi. Futbolda emosiyalar olur. Hesab 2:2 idi. Həm "Sumqayıt" həm də biz emosional idik. Bu normal haldı və hakim də  öhdəsindən gəlməyi bacarmalıdı. Qırmızı vərəqələr səhv göstərilmişdi. Şükür Allaha İntizam Komitəsi bunu yoluna qoydu və dərhal ləğv etdi.

- Bu yaşananlar komandaya mənfi təsir etməyib ki?

- Xeyr, əksinə oyundan sonra, məşqlərdə də futbolçularımız inanırdı ki, haqq-ədalət öz yerini tapacaq. Orda qırmızı vərəqəlik heç nə yox idi. Bəhlulu hamı bildi, üstəlik hakim də oyundan sonra da səhvini etiraf etmişdi. Stankoviçə yazılmışdı, amma başa düşmürdü ki, qırmızı vərəqə ona nə üçün göstərilib. Yaxşı oldu ki, doğru qərarlar verildi. Buna sadəcə olaraq sevindik.

- Növbəti oyuna hakimin qərəzli qərarları ilə bağlı qorxu yaranmayıb ki?

- Xeyr (gülür), öz oyunumuz haqda daha çox fikirləşmək istəyirik. Komanda şəklində başqasında heç nə axtarmamağa, öz oyunumuzu daha da inkişaf etdirməyə çalışırıq. Yaxşı olardı ki, hakimlərin də təsiri dəyməsin, işlərinin öhdəsindən layiqincə gəlsinlər. Biz də meydançada öz işimizi görək.

- Artıq ilk dövrə yekunlaşıb və nəticələr ürəkaçan olmadı. İkinci dövrə də belə davam etsə hansısa dəyişiklik gözlənilirmi?

- Əlbəttə, nəticələr ürəkaçan deyil. Hamımız, səylə, komanda şəklində bunun öhdəsindən gəlməyə, nəticələri düzəltməyə çalışırıq. Bəzən istədiyimiz alınmır. Amma çox inanırıq ki, alınacaq. İnancla işləyirik. Nə olacaqsa, zaman göstərəcək. İndidən heç nə demək mümkün deyil.

- Ümumiyyətlə baş məşqçi olaraq dəyişikliyə lüzum görürsüz?

- Gördüyünüz kimi, əlimizdə olan "materiallardan" yararlanmağa çalışırıq. Dəyişikliklər edirik, hamısı inandığımız futbolçulardı. Çalışırıq ki, hamısı meydanda olsun. Onların gücündən, potensialından maksimum yararlanmaq istəyirik. Ona görə də hazırda yerdəyişmələr var. Ola bilər ki, bir mövqedə bu gün başqa, sabah da ayrı bir futbolçu oynasın. Qışda dəyişikliklər, əlbəttə ki, olacaq. hansısa futbolçunun gücümüzə güc qatmasını istərdik. 

- "Sabah"la oyunda heyət və ya oyun üslubu ilə bağlı dəyişikliklər olacaq?

- Hələ oyuna çox var. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçuları hansı mövqedə oynatmağa məşqçilər korpusu qərar verəcək. Hazırda dəyişikliklər haqda nəsə desəm, yalan danışmış olaram. Bunu məşqlər göstərəcək.

Sport7.az

Xəbər lenti