"Şərəfim üzərinə and içirəm ki ..." - Hüseyn Cəbrayıloğlu

Bu müsahibəni çoxdan düşünmüşdüm, ancaq özümü hazır hiss etmirdim. Çünki istər özümə, istərsə də müsahibimə ağır təsir edəcəyini bilirdim. 

Bu tip müsahibələr sadəcə sual-cavab, danışdım-yazdım, bitdi ilə olmur. Ürəyinlə hiss edirsən, hardasa kövrəlirsən, günlərcə təsirindən çıxmırsan. Bəzi duyğular var ki, onu anlatmağa ifadələr tapmırsan, ağrısını da, acısını da ancaq ürək daşıyır. 

Bəlkə də çoxlarına bu duyğular mənasız və ya qəribə gəlir. Qınamaq da olmur. Çünki çoxları üçün futbol sadəcə iş, qazanc yeridi. Bir kluba bağlı olmağı, həyatını, sevgini, marağını ona həsr etməyi hər adam bacarmır. Bunu "Xəzər-Lənkəran"ın keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlunda gördüm. Onun "Xəzər-Lənkəran"a olan sevgisində, həsrətində özümün illərdir yaşadığım "Karvan" həsrətini görürəm. 
 


Futbolçular, məşqçilər, klub rəsmiləri, mətbut işçiləri kimi bir çox futbol adamı klublarını, iş yerlərini dəyişirlər. Ancaq Hüseyn Cəbrayıloğlundakı bu sevgini, sədaqəti kimsə də görmədim.

Bilmirəm bu əvvəldən olan azarkeşlik duyğusundan irəli gəlir, yoxsa doğma rayonun komandası olduğuna görədi... İstənilən halda bu, böyük bir sevgidi. Sevgidə də sorğu sual, niyə, nə üçün olmur... Sadəcə sevirsən... Hələ-hələ bu sevdiyini itirəndə...

Uzun danışdım. Özümdən asılı deyil. Müsahibəni oxuyanda bu qədər kövrək, duyğu köklü yazmağıma haqq qazandıracaqsınız...
 


- Gəlin, lap əvvəldən başlayaq. Sizin futbola gəlişinizdən....İdman mətbuatında çalışmaq öz seçiminiz idi, yoxsa təsadüfən belə alındı?
- Tam olaraq yadımdadır... 1982-ci ildə Lənkəran "Xəzər"inin məşqlərinə gedirdim. Kazbek Tuayev o zaman komandanın baş məşqçisi idi. Demək olar ki, hər məşqə gedirdim. Nikolay Smolnikov, Yuri Yesaulov, Jandarmov və s. futbolçularla o zaman az yaşlı azarkeş kimi dostluq demək olarsa, bu tip münasibətim vardı. "Xəzər-Lənkəran" yarananda stadionun A və B sektorunu dostum Xalidlə biz qızışdırardıq. Tam bir amiqo kimi... Sonra bir gün lap sovet illərində olduğu kimi bir yazı yazdım. Stadionumuzun problemlərini, klubun yol verdiyi nöqsanları yazıb poçtla, yəni məktubla  "Futbol+" qəzetinə göndərdim. Yazı böyük ajiotaj yaratdı və aylar sonra adıçəkilən qəzetin bölgə müxbiri kimi fəaliyyətə başladım, köşələr yazdım. Ancaq mənim mediaya gəlişim 1992-ci ilə təsadüf edir. O zaman məktəbli ola-ola "Elin Səsi" qəzetinin ştatlı əməkdaşı olmuşam. O dövrün çap prosesi bu günə kimi yuxu formasında yadımdadır.
 


- O dövrün mətbuatı ilə bugünkü idman mətbuatının səviyyəsini necə müqayisə edirsiniz?
- İdman mətbuatını deyə bilmərəm. Çünki o zaman siyası mətbuat daha diqqətçəkici idi və 1993-cü ildə "Press Fakt", bir neçə il sonra "Bu gün", "Günsəhər" kimi çox fərqli, oxuyub doya bilməyəcəyin qəzetlər var idi. Məhz həmin illərdə mən hərbi xidmətdə idim və tam olaraq 10 il hansı isə əsgər valideynləri posta gələndə yeməyə büküb gətirdikləri qəzet parçasını, yaxud özüm Murovdan Gəncəyə düşəndə aldığım qəzetləri səmimi deyirəm çörək kimi hissələrə bölüb oxuyurdum. Yəni, bu gün iki səhifə oxuyum ki, bir qəzeti həftəyə bitirib darıxmayım. İndi ölkədə çap mediası demək olar qalmayıb. Maraqlı köşə yazıları tapmaq müşkülə çevrilib. Saytlar konkret olaraq müxtəlif qruplara xidmət edir. Ona görə aclığı tük mediası ilə doldururam.
 


- "Xəzər-Lənkaran"a gəlişiniz necə oldu? Bir zamanlar tribunada dəstəklədiyiniz, doğma rayonunuzun komandasında çalışmaq necə duyğu idi ?
- Özəl bir şirkətdə bölgə müdiri kimi çalışırdım. Şirkətin rəhbər heyəti bu günə kimi münasibətim olan çox dəyərli insanlar idi. Onlar mənə "Xəzər-Lənkəran"ın qış, yay toplanışlarında iştirak etməyə şərait yaradırdılar. Yəni, işimə mane olmurdu. Belə də həm "Futbol+"ə yazılar, reportajlar yazırdım, həm də hər bir futbol jurnalisti üçün inkişafında təkan olacaq toplanışlarda iştirak edirdim. 2013-cü ildə Con Toşakın kluba gəlişi, klubun yaranmasının 10 illiyi ilə bağlı müxtəlif layihələr vardı ki, bütün bunlar dəhşətli formada maraqlı və çəkici idi. Belə bir zamanda Tuyqun Nadirov mənə zəng vurub "Xəzər-Lənkəran"a mətbuat katibi axtardıqlarını dedi. Mən də dedim ki, "İki gün filan vaxt verin araşdırıb məsləhət bildiyim namizədlərin adını sizə söyləyim"... Güldü.... "Zarafat edirəm, namizədimiz sənsən", dedi. Mən isə şirkətdəki işimi itirmək istəmirdim. Nəyim çatmırdı? Yaxşı maaş, vəzifə və üstəlik jurnalist fəaliyyətimə imkan verən rəhbərlik. Belə deyək, kluba getmək əlverişli, sərfəli deyildi. Amma klub israr etdi, layihələrlə tanış oldum və şirkətdəki maaşla aşağı yuxarı eyni, bəlkə də aşağı əmək haqqına təklifi qəbul etdim. Niyə bu detalları deyirəm? Yəni, mən kluba qaça-qaça, hansı isə şirnikləndirici meyarlara görə getmədim. "Xəzər-Lənkəran" mənim canım və qanımdır.  "Xəzər-Lənkəran"ın bir parçası olmaq şərəfdir və Tanrıya o qədər şükürlər edirəm ki, bu hissləri, anıları mənə yaşatdı...
 


- "Xəzər-Lənkaran"a olan böyük məhəbbətiniz bütün futbol ictimaiyyətinə məlumdur. Sevimli komandanızın başına gələnlər hər halda sizin üçün ağırdır?!
- Mən, "Xəzər-Lənkəran"la nəfəs alıram, yaşayıram. Allah şahiddir ki, klubla bağlı yuxularımdan bir çox seriyalı film çəkmək olar, yaxud kitab yazmaq olar. Bu yaxınlarda Xolmili kəndində hüzr yeri vardı ora getmişdim. Həmin kənddən bir yaşlı azarkeş vardı və həmişə media lojaya yaxın tribunada oturardı. Demək olar hər ev oyununda az da olsa onunla təmasa keçərdim. Çox mülayim, ziyalı bir ağsaqqal idi. Mağarda onu gördüm və hüzr yerini tərk edənə kimi özümü gizlətdim. Mənə elə gəldi ki, üz-üzə qalsaq, baxışlarımız toqquşsa ikimiz də hönkür-hönkür ağlayacağıq. Siz təsəvvür edin ki, hər gün mənə azı, təkrar edirəm azı yüz nəfər "Komandadan nə xəbər?" sualı verir. Şərəfim üzərinə and içirəm ki, komanda bərpa olunsun orada top daşımağa, meydana su verən kimi çalışmağa hazıram. Təki bərpa olunsun. Çünki ölkə olaraq Azərbaycan hələ də dərk etmir ki, "Xəzər-Lənkəran" nə deməkdir və yenidən bərpa olunsa hansı gözəlliklər yaşanar.
 


- İnsanların duyğuları ilə belə acımasızcasına oynamaq böyük haqsızlıqdır. Nə istədilər "Xəzər-Lənkəran"dan, belə bir klubun dağılması ilə nə qazandılar axı?
- Sualı belə qoyaq, "Xəzər-Lənkəran" niyə fəaliyyətini dayandırdı? Çeşidli səbəblər var. Klubdan incik düşənlər deyir, rəhbərlik səriştəsiz idi. Mənim cavabım isə, deyək ki, elədir... Amma buna görə Ramil Diniyev kimi adamların əli ilə bizi son turda məğlub etdirdilər? Buna görəmi Avropada uğur qazanan komanda autsayderə gülməli qollarla məğlub oldu? Yaxşı, lap siz deyəndir. Bu il U-13 liqasının zona yarışını bostanlığa, daha sonra asfalt üzərinə saldılar, amma "Xəzər-Lənkəran" stadionuna salmadılar ki, birdən AFFA-nın ödəyəcəyi yer pulu ilə hansı isə natamam işlərimizi tamamlayarıq. Yaxşı bizim klub rəhbərliyi səriştəsiz oldu, bəs İmişli, Yevlax, Zaqatala, Lənkəran stadionları niyə boş qaldı? "Bakı" kimi klubun bazasını ələ keçirdilər, amma onun bir yetirməsini on ilə yetişdirə bilməyəcəklər. Bunları demək lazımdır. Təəssüf ki, AFFA-nın bulağından su içib üstümüzə qaytaranlar bunları görmür, görmək istəmir...

- Bu "soyuq müharibə"nin səbəbi nədir?
- Hər halda gizli deyil ki, klubun yaradıcısı ilə AFFA arasında narazılıq ciddi səbəbdir. Amma kimsə unutmasın ki, federasiyanı evindən gətiməyib və futbol da kiminsə şəxsi oyuncağı deyil.
 


- Dediniz gün ərzində bununla bağlı çox mesaj alırsınız. Elə bu sualı mən də verim, maraqlanan hər kəs xəbər tutsun. "Xəzər-Lənkəran"dan nə xəbər? Klubun yenidən fəaliyyətə başlamasına ümid varmı?
- Real olaraq heç bir ciddi müsbət irəliləyiş yoxdur. Amma ümidliyik. Mən ümumiyyətlə düşünürəm ki, bir gün mütləq ölkə rəhbərliyi futbola vaxt ayıracaq və ciddi tədbirlər olacaq. Çünki ölkədə futbol ölüb və bunu gizlədib sanki futbolun oxşarı ilə bizim başımızı qatırlar. Bizim klub olaraq hər şeyimiz var və hamısı yerində qalıb. Bircə qərar ilə ölkə böyük bir bayram yaşayacaq və bu günü gözləyirik.

- "Xəzər-Lənkəran"la bağlı ən unudulmaz xatirəniz hansıdır?
- "Xəzər-Lənkəran" olan hər gün toy bayram idi. Sonsuz xoş xatirələrim var. Ən acı günüm isə 40 yaşım olan gün idi. Həmin gün əsas komandanın bundan sonra akademiyanın futbolçuları ilə çıxış edəcəyi qərarı alındı və şəxsən mənim üçün Rahid Əmirquliyevi bir daha görməmək, digər təcrübəli futbolçular olmadan meydanda olmaq çox ağır idi. O gün üzərimdə bir dağ ağırlığı daşımaq hissi vardı.
 


- Duyğularla bağlı bir şey mənə maraqlı gəldi. İçinizdə qəlbi qırıq bir futbol azarkeşi var. Bir tərəfdə isə illərin təcrübəsi olan peşəkar jurnalist. Köşə yazarkən hansı duyğularınız qalib gəlir? Peşəkar jurnalist kimi obyektiv yanaşmağa çalışırsınız, yoxsa qəlbi qırılmış futbol azarkeşi kimi subyektiv fikirlərinizə üstünlük verirsiniz?
- Maraqlı sualdır. Həm də çox... Etiraf edim qəlbi qırılmış futbol adamı hisslərimə təsir edir. Ona görə yazılarımda aqressiya sezmək olur. Amma mən heç vaxtı ədalətdən kənara çıxmamışam və kimsə deyə bilməz "Hüseyn Cəbrayıloğlu mənə şər atdı". Ən pis halda deyər ki, sərt yazıb. Yox, əgər kimsə ayrı şey düşünürsə, demək özünə kənardan baxa bilmir ya da düşünür etdiklərimi kimsə bilmir. (gülür)...

Röya Kərimli
Sport7.az
 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR