Serenata di Calcio 13

Serenata di Calcio 13

Avro-2020-nin təsnifat mərhələsi səbəbindən yaranan fasilədən sonra İtaliya A Seriyasında 13-cü turun görüşləri keçirildi. Baş tutan 10 oyunda qapılara ümumilikdə 29 qol (orta hesabla 2,9 qol) vuruldu. Qarşılaşmaların üçündə ev sahibləri, üçündə qonaqlar qələbə qazandığı halda, mövsümün ən çox bərabərlik qeydə alınan həftəsinin dörd oyunu sülhlə nəticələndi. 

Nəhayət ki, "Sampdoriya” ilk hissədə fərqlənməyi bacardı. Bu, cari mövsümdə ilk belə haldı. Onlar buna 203 gündən sonra nail oldular. "İnter” ilk 13 həftədə 11 dəfə qələbə qazanmaqla özünün 1950/51 mövsümündəki ən yaxşı göstəricisini təkrarladı. Digər Milan təmsilçisi isə ilk 13 oyunda 14 xal toplamaqla özünün 2013/14 mövsümündəki ən zəif göstəricisini təkrarladı. Həmçinin bu, komandanın 3 xallıq sistemdə ən zəif göstəricisidir. "Kalyari” 2011-ci ildən sonra ilk dəfə çempionatda 2+ qol üstünlüyü olan oyunda qələbəni əldən verdi. Maraqlı məqam ondan ibarətdir ki, 2011-ci ildə "Kalyari”nin həmin qarşılaşmadakı rəqibi də "Leççe” idi. Sözügedən oyun 3-3 hesablı bərabərliklə yekunlaşmışdı. 
 


Çempionatın 13-cü həftəsində qeydə alınan nəticələr:

"Atalanta” – "Yuventus” 1-3
"Milan” – "Napoli” 1-1
"Torino” – "İnter” 0-3
"Bolonya” – "Parma” 2-2
"Verona” – "Fiorentina” 1-0
"Roma” – "Breşiya” 3-0
"Sassuolo” – "Latsio” 1-2
"Sampdoriya” – "Udineze” 2-1
"Leççe” – "Kalyari” 2-2
SPAL – "Cenoa” 1-1

Ümumilikdə keçirilən oyunlarda hakimlər kobudluqlara görə 48 dəfə vərəqə üçün əllərini ciblərinə salmalı oldular. Bunların 44-ü sarı, 4-ü isə qırmızı vərəqə idi. Heç-heçələrlə diqqət çəkən həftədə sarı vərəqə sayında da ev sahibi və qonaq komandalar arasında bərabərlik qeydə alındı: 22-22. Mauritsio Marianinin idarə etdiyi "Leççe” - "Kalyari” oyununda hakim futbolçulara üç qırmızı vərəqə göstərdi. Vərəqə sayına görə ən kobud oyun isə Canluka Rokkinin idarə etdiyi, turun mərkəzi oyunu hesab olunan "Atalanta” və "Yuventus” arasındakı qarşılaşma idi. Belə ki, hakim bu qarşılaşmada ümumilikdə futbolçulara 8 sarı vərəqə göstərib.

Turun oyunlarını ümumilkdə 249 min 994 nəfər azarkeş izləyib. Bu, orta hesabla hər oyuna təxminən 24 min 999 nəfər deməkdir. Ən çox azarkeş, həmişəki kimi, "San Siro”da qeydə alındı: 61 min 658 nəfər. Stadionun ümumi tutumuna görə əsl anşlaq isə "Qevis” arenada keçirilən turun mərkəzi oyununda idi: 20 min 899 nəfər. Ən az azarkeş isə "Sassuolo” və "Latsio” arasında "Mapey” stadionunda baş tutan matçda qeydə alındı: 12 min 794 nəfər. 

Çempionatın 13-cü həftəsində qeydə alınan azarkeş statistikaları:

"Atalanta” – "Yuventus” – 20 min 899 nəfər
"Milan” – "Napoli” – 61 658
"Torino” – "İnter” – 26 059
"Bolonya” – "Parma” – 21 419
"Verona” – "Fiorentina” – 22 581
"Roma” – "Breşiya” – 33 695
"Sassuolo” – "Latsio” – 12 794
"Sampdoriya” – "Udineze” – 17 031
"Leççe” – "Kalyari” – 21 435
SPAL – "Cenoa” – 12 423
 


A Seriyasının 13-cü həftəsi, demək olar ki, bir çox futbolçunun şəxsi statistikasındakı göstəricilərin yaxşılaşdırılması ilə yadda qaldı. Paolo Dibala ümumilikdə İtaliya çempionatında 200-cü oyununa çıxdığı halda, "Milan”ın uzun müddət zədədən əziyyət çəkən yarımmüdafiəçisi Cakomo Bonaventura 412 gündən sonra ilk dəfə qol vurmağı bacardı. O, sonuncu dəfə 2018-ci ilin oktyabr ayında buna nail olmuşdu. "İnter”in "qol maşını" Lukaku bu həftə də fərqlənməqlə ilk 13 tur ərzində vurduğu qolların sayını 13-ə çatdırdı. Sonuncu dəfə "İnter”də belə bir göstəriciyə 1948/49 mövsümündə Stefano Nayers imza atmışdı. Komandanın digər qoluna imza atan Lautaro Martines isə bütün turnirlər nəzərə alınmaqla cari mövsümdəki qollarının sayını 9-a çatdırdı. O, bu qolların səkkizinə oyunların ilk 30 dəqiqəsi ərzində imza atıb.
 


15 qolla çempionatın vahid bombardiri olan Çiro İmmobile bu həftə də fərqlənməqlə "Latsio”nun A Seriyasındakı ən məhsuldar futbolçuları siyahısında "ilk üçlüy"ə daxil olaraq Tommazo Rokkiyə çatdı. Onun İtaliya çempionatında "Latsio” forması ilə vurduğu qolların sayı 82-yə bərabərdir. "Roma”da böyük yüksəlişə nail olan Kris Smollinq cari mövsümdə yeni komandasının heyətində vurduğu qolların sayını ikiyə çatdırmaqla, A Seriyasında bir mövsüm ərzində ən çox qol vuran ingilis futbolçusu Devid Bekhemə çatdı. Onun həmvətəni bu göstəriciyə 2008/09 mövsümündə "Milan”da nail olmuşdu. "Kalyari”nin əsas qol silahı Joa Pedro cari mövsümdə qollarının sayını yeddiyə çatdırmaqla öz şəxsi rekordunu təkrarladı. "Parma”nın bu mövsüm əsas tapıntısı olan isveçli Deyan Kulusevski Avropanın "top-5” liqalarında Kevin De Bröynedən sonra ən çox "açar ötürmə" edən ikinci futbolçudur – 32 dəfə. Komandanın digər üzvü Simone Yakoponi "Parma" ilə son 5 turnirdə iştirak edib və hər birində qol vurmağı bacarıb. "Cenoa”dan Paolo Qiqliyone isə "Liverpul”un müdafiəçisi Robertson ilə birlikdə cari mövsüm Avropanın "top-5” liqalarında ən çox qol ötürməsi (5 dəfə) edən müdafiəçilərdir. (ardı var)



OXŞAR XƏBƏRLƏR