Serenata di Calcio 15

Serenata di Calcio 15

İtaliya A Seriyasında 15-ci turun oyunları baş tutub. 10 görüşün dördündə bərabərlik qeydə alınıb. Digər 6 matçda isə həm qonaqların, həm də ev sahibi komandaların qələbə simmetrikliyi qorunub: üç-üç. Keçirilən oyunlarda qapılara ümumilikdə 29 qol (hər oyunda orta hesabla 2,9 qol) vurulub.
 


Tur "Yuventus”un mövsümdə ilk məğlubiyyəti ilə yadda qaldı. "İnter” bu şansdan istifadə etməməklə yanaşı, mövsümdə ilk dəfə oyunu qol vurmadan bitirdi. "İnter” və "Roma” arasında daxili çempionatda keçirilən ardıcıl dördüncü oyunda da bərabərlik qeydə alındı. "Latsio” 2003-cü ilin dekabr ayından sonra ilk dəfə A Seriyasında öz doğma meydanında "Yuventus” a qalib gəldi. "Kalyari” çempionatdakı məğlubiyyətsizlik seriyasını 13 matça çatırmaqla özünün 1972-ci ildən sonra ən yaxşı nəticəsini göstərdi.

"Napoli” ardıcıl 7 görüşdür ki, çempionatda qələbə üzünə həsrətdi. "Breşiya” nəhayət ki, 10 oyundan sonra ilk qələbəsini qazandı. "Milan” Stefano Pyolinin başçılığı altında ilk dəfə ardıcıl ikinci qələbəsini qeyd etdi. Bu, həm də "Bolonya”nın  13 oyunluq qələbəsizlik seriyasının davamı demək idi: 4 bərabərlik, 9 məğlubiyyət. "Fiorentina” çempionatdakı son 7 oyunda beşinci, ardıcıl isə dördüncü məğlubiyyətini qeyd etdiyi halda, "Leççe” 1998-ci ildən sonra ilk dəfə ardıcıl dörd ev oyununu bərabərliklə başa çatdırdı.
 


A Seriyasının 15-ci həftəsində qeydə alınan nəticələr:

"İnter” – "Roma” 0-0
"Atalanta” – "Verona” 3-2
"Udineze” "Napoli” 1-1
"Latsio” – "Yuventus” 3-1
"Leççe” – Cenoa” 2-2
"Sassuolo” – "Kalyari” 2-2
SPAL – "Breşiya” 0-1
"Torino” – "Fiorentina” 2-1
"Sampdoriya” – "Parma” 0-1
"Bolonya” – "Milan” 2-3

Çempionatın 15-ci həftəsində baş tutan oyunlarda hakimlər ümumilikdə kobudluqlara görə 67 dəfə (orta hesabla hər oyuna 6,7 vərəqə) əllərini ciblərinə salmalı olublar. Bunlardan 62-nin rəngi sarı, 5-nin rəngi isə qırmızı olub. Maraqlı məqam bütün qırmızı vərəqələrin qonaq komandalara göstərilməsi olub. Ən çox vərəqə Canluka Rokkinin idarə etdiyi "Leççe” və "Cenoa” arasındakı qarşılaşmada qeydə alınıb. Hakim bu oyunda ümumilikdə futbolçulara 11 – 9 sarı, 2 qırmızı – vərəqə göstərib.

Turun oyunlarını ümumilkdə 276 min 774 nəfər azarkeş izləyib. Bu, orta hesabla hər matça 27 min 677 nəfər azarkeş deməkdir. Ən çox azarkeş həftənin mərkəzi oyununda qeydə alındı. "Cuzeppe Meatsa”dakı oyuna 67 mindən artıq insan toplaşmışdı. Ən az azarkeş isə "Paolo Matsa”da qeydə alındı: 12 min 442 nəfər.   

Çempionatın 15-ci həftəsində qeydə alınan azarkeş statistikaları:

"İnter” – "Roma” - 67 008 (84%)
"Atalanta” – "Verona” – 19 335 (49%)
"Udineze” "Napoli” – 20 405 (81%)
"Latsio” – "Yuventus” – 60 000 (82%)
"Leççe” – Cenoa” – 21 740 (64%)
"Sassuolo” – "Kalyari” – 12 666 (53%)
SPAL – "Breşiya” – 12442 (77%)
"Torino” – "Fiorentina” – 19 955 (71%)
"Sampdoriya” – "Parma” – 19 516 (53%)
"Bolonya” – "Milan” – 23 707 (62%)
 


Cari mövsüm məhsuldar oyun sərgiləyən "Atalanta” keçirdiyi oyunların 7-də minimum 3 qol vurub. Bu göstəriciyə görə "berqamolular" çempionatın lideridir. "Atalanta"nın yeni parlayan ulduzlarından olan ukraynalı Ruslan Malinovski çempionatda ilk qoluna imza atmaqla, komandasının cari mövsüm fərqlənməyi bacaran 11-ci futbolçusu oldu. "Napoli”nin iki futbolçusu bu həftə komandanın forması altında keçirdiyi oyunların sayına görə Çiro Ferraraya çatdı. Belə ki, Kalyexon bütün turnirlər nəzərə alınmaqla 322-ci oyununa çıxmaqla, İnsinye isə çempionatdakı 247-ci oyununda forma geyməklə Ferrara ilə göstəricilərini bərabərləşdiriblər. Ardıcıl oyunlarda qol vurmaqla qol sayını 10 çatdıran "Kalyari”nin hücumçusu Joao Pedro klubun tarixində 15 həftəyə buna nail olan ikinci futbolçu olub. Bu, ilk dəfə 1968/69 və 1973/74 mövsümlərində Luici Rivaya müəssər olmuşdu.
 


Vurduğu yeganə qolla komandası "Breşiya”ya qələbə qazandıran Mario Balotelli İtaliya çempionatındakı qollarının sayını 50-yə çatdırdı. Onun A Seriyasındakı son qələbə qolu 2014-cü ilin fevralına təsadüf etmişdi ("Milan” – "Bolonya” 1-0). "Milan”ın əsas ulduzuna çevrilməkdə olan Teo Ernandes qollarının sayını dördə çatdırmaqla "Milan” tarixində, birinci mövsümdə buna nail olan ilk müdafiəçi ünvanına sahib olub. "Cenoa”nın təcrübəli futbolçusu Qoran Pandev cari mövsümün ən uzun müsafədən vurulan qolunun müəllifi oldu. Belə ki, o, 43 m. məsafədən "Leççe”nin qapısına yol tapıb. Mövsümün ən çox qol ötürməsi edən futbolçusu Luis Alberto isə assistlərinin sayını 11-ə çatdırmaqla A Seriyasının 20 komandalı dönəmində bu göstəriciyə ən tez nail futbolçu ünvanını ələ keçirib. (ardı var)



OXŞAR XƏBƏRLƏR