Serenata di Calcio 17

Serenata di Calcio 17

Milad bayramı və Yeni il ilə əlaqədar olaraq yaranacaq iki həftəlik fasilə öncəsi A Seriyasında 17-ci turun oyunları baş tutub. Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkuboku səbəbindən "Latsio”nun oyunu təxirə salındığı üçün bu həftə çempionatda 9 görüş oynanılıb. Turun oyunlarında ümumilikdə 33 qol (orta hesabla hər oyuna 3,7 qol) vuruldu. Bu, vurulan qolların sayına görə mövsümün ilk həftəsində qeydə alınan rekordun yenidən təkrarlanması deməkdir. Bu həftə 9 oyun keçirildiyini nəzərə alsaq, çempionatın 17-ci turunu indilik mövsümün ən məhsuldar turu hesab edə bilərik. Həmçinin baş tutan bütün oyunlarda qapılara minimum 2 qol vuruldu. "Udineze” və "Kalyari” arasındakı qarşılaşmada isə qapılara endirilən hər 3 zərbə qol ilə nəticələndi.

A Seriyasının 17-ci həftəsində qeydə alınan nəticələr:

"Sampdoriya” – "Yuventus” 1-2
"Fiorentina” – "Roma” 1-4
"Udineze” – "Kalyari” 2-1
"İnter” – "Cenoa” 4-0
"Torino” – SPAL 1-2
"Atalanta” – "Milan” 5-0
"Leççe” – "Bolonya” 2-3
"Parma” – "Breşiya” 1-1
"Sassuolo” – "Napoli” 1-2
 


Nəhayət ki, "Napoli" bu həftə 8 oyunluq qələbəsizlik seriyasını qırmağa müvəffəq oldu. Bu, baş məşqçi Cenaro Qatuzonun yeni komandasının sükanı arxasında ilk xalları və ilk qələbəsi idi. "Milan” isə tarixində dördüncü dəfə çempionatda 5 top fərqi ilə məğlub oldu. Bu, "rossonerilərin” 1998-ci ildən sonra və ümumilikdə XXI əsrdə ilk böyük hesablı məğlubiyyəti idi. 
 


Bu həftə hakimlər kobudluqlara görə 55 dəfə (orta hesabla 6,1 vərəqə) əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqələrdən 52-nin rəngi sarı, 3-nün isə qırmızı olub. Ən çox vərəqə Mixael Fabbrinin idarə etdiyi "Torino” və SPAL komandalarının arasındakı qarşılaşmada qeydə alınıb. Hakim bu oyunda biri qırmızı vərəqə olmaqla, ümumilikdə 8 vərəqə göstərib. 

Çempionatın 17-ci həftəsində baş tutan oyunları ümumilkdə 226 min 489 nəfər insan (hər oyuna orta hesabla təxminən 22 min 649 nəfər) izləyib. Stadionun həcminə görə ən çox azarkeş Berqamoda baş tutan turun mərkəzi qarşılaşmasında qeydə alınıb. Arenada yerlərin 98%-i dolmuşdu. Ən çox azarkeş "Cuzeppe Meatsa”da, ən az azarkeş isə "Mapey Arena"da qeydə alınıb.

Çempionatın 17-ci həftəsində qeydə alınan azarkeş statistikaları:

"Sampdoriya” – "Yuventus” – 23 136 (63%)
"Fiorentina” – "Roma” – 33 055 (77%)
"Udineze” – "Kalyari” – 19 882 (79%)
"İnter” – "Cenoa” – 57 490 (72%)
"Torino” – SPAL – 18 553 (66%)
"Atalanta” – "Milan” – 20 940 (98%)
"Leççe” – "Bolonya” – 24 178 (71%)
"Parma” – "Breşiya” – 16 686 (60%)
"Sassuolo” – "Napoli” – 12 570 (53%)

Bu həftə bir çox futbolçu şəxsi statistiki göstəricilərini yaxşılaşdırdılar. "Napoli” ilə qarşılaşmada hesabı açan Hamed Traore "top-5” çempionatlarda 2000-ci il 1 yanvar tarixindən sonra doğulan futbolçular arasında son 2 mövsümdə ümumilikdə minimum 4 qol vuran ikinci futbolçu (digəri - Ceydon Sanço) oldu. "Napoli”nin hücumçusu Xose Kalyexon son 10 mövsümdə Avropanın "top-5” çempionatlarında ən çox oyun keçirən futbolçu kimi tarixə düşüb. Bu müddət ərzində futbolçu 351 oyunda meydanda olub.
 


"İnter”in yeni ulduz namizədlərindən Sebastyan Espozito əsas komandasının formasında ilk rəsmi oyununa çıxıb. Debüt matçında fərqlənməyi bacaran hücumçu "İnter”in XXI əsrdə ən gənc qol vuran futbolçusu (17 il 172 gün) ünvanına sahib olub. O, bu göstərici üzrə Mario Balotellini (17 il 203 gün) qabaqlayıb. Espozito həm də "İnter”in tarixində Mario Korsodan (17 il 97 gün) sonra qol vuran ikinci ən gənc futbolçudu. "Cenoa” ilə oyunda qol müəlliflərindən daha biri - Roberto Qalyardini çempionatda vurduğu qolların sayını 9-a çatdırıb. Maraqlı məqam ondan ibarətdi ki, o, bu qollardan beşini "Cenoa”nın qapısından keçirib. Samir Handanoviç 100-cü dəfə A Seriayasının oyunlarında qapısını toxunulmaz saxlamağı bacardı. O, 2012/13 mövsümündən sonra buna ən çox nail olan qapıçıdır. "Fiorentina” ilə oyunda fərqlənən Aleksandr Kolarov isə 2019-cu ildə vurduğu qolların sayını doqquza çatdırıb. Serbiyalı futbolçu Massimo Oddodan sonra (2006-cı il, 10 qol) bir təqvim ilində çempionatda ən çox qol vuran ikinci müdafiəçidir. Bundan başqa, Kolarov 3 qolla Messidən sonra (4 qol) "top-5” çempionatlarda birbaşa cərimə zərbəsindən ən çox qol vuran ikinci futbolçudur. (ardı var)  



OXŞAR XƏBƏRLƏR