Serenata di Calcio 19

Serenata di Calcio 19

İtaliya A Seriyasında mövsümün ilk dövrəsi arxada qaldı. 19 turdan sonra son çempion "Yuventus" cari mövsümün "ekvator"unda da liderliyini qoruyub saxlamağı bacardı.

Bu tur baş tutan oyunlarda ümumilikdə 24 qol (orta hesabla hər oyuna 2,4 qol) vuruldu. Bu, cari mövsümün ən aşağı məhsuldarlıqla seçilən həftələrindən biri idi. Bir oyunda bərabərlik qeydə alındı, yeddi oyunda ev sahibləri, iki oyunda isə qonaqlar qələbəyə sevindilər.
 


Ən məhsuldar oyun "Luici Ferraris"də qeydə alındı. Ev sahibi "Sampdoriya"nın 5 dəfə fərqləndiyi matçda ümumilikdə 6 qol (5:1) vuruldu. "Latsio"nun 120 illik yubileyini qeydə etməsi səbəbindən Roma təmsilçilərinin hər ikisi oyunlarını doğma arenaları - "Olimpiko"da keçirməli oldular. Bu, çempionatlar tarixində ikinci, 1988/89 mövsümündən sonra isə ilk belə hal idi. "Qartallar" həmçinin tarixlərində ilk dəfə ardıcıl 10 oyunda qələbə qazandılar.
 


A Seriyasının 19-cu turunda qeydə alınan nəticələr:

"Kalyari" - "Milan" 0-2

"Latsio" - "Napoli" 1-0

"İnter" - "Atalanta" 1-1

"Udineze" - "Sassuolo" 3-0

"Fiorentina" - SPAL 1-0

"Sampdoriya" - "Breşiya" 5-1

"Torino" - "Bolonya" 1-0

"Verona" - "Cenoa" 2-1

"Roma" - "Yuventus" 1-2

"Parma" - "Leççe" 2-0

19-cu turda hakimlər qırmızı vərəqə üçün əllərini ciblərinə atmadılar. Bu, cari mövsümdə ilk belə hal idi. Ümumilikdə isə kobudluqlara görə hakimlər 52 sarı vərəqə göstərməli oldular. Bunlardan 28-i ev sahiblərinə, 24-ü isə qonaqlara ünvanlanıb. "Daçiya Arena"da baş tutan oyunda isə hakim Manuel Volpi vərəqəlik qayda pozuntusu qeydə almadı. 

A Seriyasının 19-cu həftəsi cari mövsümdə azarkeşlər tərəfindən ən çox izlənilən tur kimi ön plana çıxır. Oyunları ümumilikdə 307 min 892 nəfər azarkeş (orta hesabla hər oyuna 30 min 789 nəfər) izləyib. Stadionun həcminə görə əsl anşlaq Sardiniyada qeydə alınıb. Stadion tam dolmuşdu. Ən çox azarkeş isə həmişəki kimi yenidən Milanda qeydə alınıb: 70 min 042 nəfər. Ən az azarkeş isə "Mark Antonio Bentoqodi"yə toplaşmışdı. Tribunaların cəmi 38%-i dolmuşdu.

Çempionatın 19-cu həftəsində qeydə alınan azarkeş statistikaları:

"Kalyari" - "Milan" - 16 412 (100%)

"Latsio" - "Napoli" - 40 000 (55%)

"İnter" - "Atalanta" - 70 042 (87%)

"Udineze" - "Sassuolo" - 21 731 (86%)

"Fiorentina" - SPAL - 33 970 (79%)

"Sampdoriya" - "Breşiya" - 20 117 (55%)

"Torino" - "Bolonya" - 15 000 (53%)

"Verona" - "Cenoa" - 14 849 (38%)

"Roma" - "Yuventus" - 60 513 (83%)

"Parma" - "Leççe" - 15 258 (55%)
 


Bu həftə Zlatan İbrahimoviçin "Milan"a qayıdışından sonra ilk dəfə start heyətində meydana çıxması və ilk qoluna imza atması ilə yadda qaldı. Bununla isveçli futbolçu "rossonerilər"in tarixində A Seriyasında qola imza atan ən yaşlı beşinci futbolçu oldu - 38 yaş 100 gün. Ona qədər Kostakurta, Maldini, İnzaqi və Lidholm bu göstəriciyə nail olmuşdular. Yaşla bağlı daha bir maraqlı statistika: Fabio Kualyarella cari mövsümdə Avropanın "top-5" çempionatlarında dubl edən ən yaşlı futbolçu oldu.
 


Kriştiano Ronaldu dekabr ayından bəri 9 qola imza atıb. O, bu müddət ərzində ən yüksək məhsuldarlığa sahib futbolçudu. Andreas Karnelius ("Parma") 4 qolla Avropanın "top-5" çempionatlarında Anxel Rodriqesdən (6) sonra oyuna əvəzetmədən daxil olub, ən çox qol vuran ikinci futbolçudu. Çempionatın bombardiri İmmobile bu həftə də fərqlənməklə "Latsio"nun A Seriyası tarixində ilk 19 oyunda ən çox qola imza atan futbolçusu ünvanına sahib oldu. Onun aktivində 20 qol var. Merih Demiral isə "Yuventus" tarixində qola imza atan ilk türk futbolçu oldu. Bu həftə həm də "Roma"dan Zanyolo və "Yuventus"dan Demiralın ciddi zədə almaları ilə yadda qaldı. Hər iki futbolçu əməliyyat olunub və cari mövsümdə çıxışlarını böyük ehtimalla başa vurublar. Onların yığmalarının heyətində Avropa çempionatına yollanmaları da sual altındadır. (ardı var) 



OXŞAR XƏBƏRLƏR