Serenata di Calcio 24

Serenata di Calcio 24

İtaliya A Seriyasında 24-cü turun oyunları baş tutub. Məhsuldarlığın aşağı olduğu həftədə qapılara 23 qol (orta hesabla hər oyuna 2,3 qol) vurulub. On oyunun biri heç-heçə başa çatıb, beşində ev sahibləri, dördündə isə qonaqların qələbəsi qeydə alınıb.

Çempionatın lideri "Yuventus” "Breşiya”ya qalib gəlməklə doğma meydanında sözügedən rəqibə qarşı keçirdiyi oyunlarda məğlubiyyətsizlik seriyasını 23 oyuna çatdırdı: 18 qələbə, 5 bərabərlik. "Fiorentina” son 11 mövsümdə ilk dəfə çempionatın hər iki oyununda "Sampdoriya”nı məğlub etməyi bacardı. "Bolonya” ardıcıl 11 görüşdən sonra ilk dəfə doğma meydanında qola həsrət qaldı. "Cenoa” 2013-cü ilin yanvarından bəri ilk dəfə "Bolonya”nın qapısından birdən artıq qol keçirdi. "Cenoalılar" 2018-ci ilin sentyabr ayından sonra ilk dəfə ardıcıl 2 oyundu qələbə qazandılar. Həmçinin bu, "Cenoa”nın cari mövsümdə ilk səfər qələbəsi idi.
 


"Leççe” son 16 il ərzində ilk dəfədi ki, A Seriyasında ardıcıl 3 oyunda qələbə qazanır. "Sassuolo” cari mövsümdə ilk dəfə öz meydanında qol vurmadı. "Verona” son 20 ildə ilk dəfədi ki, ardıcıl 5 səfər oyununda məğlub olmur. "Napoli” isə son 12 həftədə ilk dəfə qapısından qol buraxmadı. Bu, "neapollular”ın "Kalyari”yə qarşı son 5 oyunda ümumuilikdə 15-0 top fərqi ilə üstünlüyü deməkdir. Çempionata yaxşı start verən "Kalyari” 2015-ci ilin aprel ayından bəri ilk dəfə ardıcıl 10 oyundur ki, qələbəyə həsrətdir.
 


"Torino” 2006/07 mövsümündən sonra ilk dəfə çempionatda ardıcıl 5 oyunda məğlub olur. "Milan” 2017-ci ilin yanvar ayından sonra ilk dəfə mövsüm ərzində bütün turnirlər nəzərə alınmaqla, doğma meydanında 9 oyundur ki, məğlub olmur. Çempionluq uğrunda mübarizə aparan "İnter” cari mövsümdə ilk dəfə səfərdə uduzdu. Bu, onların 16 oyunluq məğlubiyyətsizlik seriyasının qırılması demək idi. Əksinə, ən yaxın rəqibini məğlub edən "Latsio” isə 19 görüşlük məğlubiyyətsizlik rekorduna imza atıb.

Keçirilən oyunlarda qeydə alınan nəticələr:

"Leççe” – SPAL 2-1
"Bolonya” – "Cenoa” 0-3
"Atalanta” – "Roma” 2-1
"Udineze” – "Verona” 0-0
"Yuventus” – "Breşiya” 2-0
"Sampdoriya” – "Fiorentina” 1-5
"Sassuolo” – "Parma” 0-1
"Kalyari” – "Napoli” 0-1
"Latsio” – "İnter” 2-1
"Milan” – "Torino” 1-0

Bu tur hakimlər kobudluqlara görə 62 dəfə əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqələrdən 57-nin rəngi sarı, 5-ninki isə qırmızı olub. İki oyunda ("Bolonya” – "Cenoa” və "Sampdoriya” – "Fiorentina”) hakimlər iki dəfə futbolçuları qırmızı vərəqə ilə cəzalandırıblar. Bu matçlar həmçinin turun ən kobud oyunları kimi də yadda qalıb. Sözügedən oyunlarda hakimlər ümumilikdə 9 dəfə futbolçulara vərəqə göstəriblər. 

Keçirilən oyunları 281 min 653 nəfər azarkeş izləyib. Bu, orta hesabla hər oyuna 28 min 165 nəfər azarkeş deməkdir. Turun ən az azarkeş toplaşdığı oyunu "Mapey Arena”da baş tutdu. Cari mövsümdə ilk dəfə tur ərzində ən çox azarkeş Milanda qeydə alınmadı. Bu səfər əsl anşlaq paytaxtda keçirilən, turun mərkəzi oyununda idi. "Olimpiko” stadionuna 61 min insan toplaşmışdı. Stadionun həcminə görə isə ən çox azarkeş Turində qeydə alındı. Yerlərin 98%-i dolmuşdu.

A Seriyasının 24-cü həftəsində qeydə alınan azarkeş statistikaları:

"Leççe” – SPAL – 24 129 (71%)
"Bolonya” – "Cenoa” – 21 513 (56%)
"Atalanta” – "Roma” – 19 830 (93%)
"Udineze” – "Verona” – 22 308 (89%)
"Yuventus” – "Breşiya” – 40 841 (98%)
"Sampdoriya” – "Fiorentina” – 20 284 (55%)
"Sassuolo” – "Parma” – 12 099 (51%)
"Kalyari” – "Napoli” – 13 535 (83%)
"Latsio” – "İnter” – 61 000 (84%)
"Milan” – "Torino” – 46 114 (58%)
 


Çempionatıın lideri "Yuventus”un çalışdırıcısı Mauritsio Sarri "ağ-qaralar"ın tarixində mövsüm ərzində keçirilən 17 ev oyununun 16-da qələbə qazanan ikinci baş məşqçi oldu. Ona qədər bu göstəriciyə 1960-cı ildə Karlo Parola müvəffəq olmuşdu. Antonio Konte ilk dəfə baş məşqçi kimi "Latsio”ya məğlub oldu. Buna qədər paytaxt klubuna qarşı 7 dəfə komandalarını meydana çıxaran təcrübəli mütəxəssis 5 oyunda qələbəyə sevinmiş, 2-də isə bərabərliyə nail olmuşdu. Mövsümün ilk 9 oyununda heç nə ilə yadda qalmayan Ante Rebiç, 2020-ci ildə "Milan”nın vurduğu 10 qolun yarısının müəllifidir. Həmçinin o, qollarının sayına görə komandanın cari mövsümdəki ən məhsuldar futbolçusu Teo Ernandesə çatıb. Çempionatın aşkar autsayderi SPAL-ın ardıcıl məğlubiyyətlərinə baxmayaraq, qolkiper Etrit Berişa cari mövsümdə ən çox qurtarış edən qapıçıdır. Onun aktivində 102 seyv var. (ardı var)



OXŞAR XƏBƏRLƏR