Serenata di Calcio 3

Serenata di Calcio 3

İtaliya A Seriyasının üçüncü həftəsinin startı turun mərkəzi matç ilə, əsas oyunlara xas olmayan vaxtda - saat 17:00-da Florensiyada yerli komanda ilə son çempion "Yuventus" arasında baş tutdu. Yerlilərin yeni sahibi Rokko Komissonun iştirak etdiyi oyunda Montellanın yetirmələri 1970/71 mövsümündən sonra çempionatda ən pis ardıcıl oyun statistikası tilsimini qıra bilmədilər. 17 oyun A Seriyasında qələbə üzü görməyən "florensiyalılar" (7 bərabərlik, 10 məğlubiyyət) sonuncu dəfə 2019-cu il fevralın 17-də SPAL-ı (1-4) məğlub ediblər. Bu da 209 gün qələbəsizlik seriyası deməkdir. Turun və cari mövsümün qol olmayan yeganə görüşündə, son illərin ən rekord sayda abonement satışını (25 000) edən Toskana təmsilçisinin oyununu "Artemio Franki"də rekord sayda azarkeş izləyirdi: 40 min 312 nəfər.
 


Ümumilikdə A Seriyasında bu həftənin oyunları Lombardiya və Emiliya-Romanyada iki oyun olmaqla, səkkiz regionda baş tutdu. On oyunda ümumilikdə 30 qol (orta hesabla hər oyuna 3) vuruldu. Ən məhsuldar matç "Mario Riqamonti"də "Breşiya" və "Bolonya" (3-4) arasında oynanıldı. Bu oyun da nəzərə alınmaqla, turun iki görüşündə geridönüş baş tutdu. Digər qarşılaşmada isə beş ildi komandasının sükanı arxasında olan Semplicinin yetirmələrinin "Latsio" üzərində 2-1 hesablı əzmkar qələbəsi qeydə alındı.
 


On oyunu ümumilikdə stadionlarda 277 min 485 azarkeş (orta hesabla hər oyuna 27 min 748 nəfər) izləyib. Ən çox azarkeş Milanda, "İnter" və "Udineze" arasındakı oyunda qeydə alınıb: 57 min 991 nəfər. Saya görə ən az azarkeş (13 min 650 nəfər) isə SPAL - "Latsio" oyununda idi, amma ümumi stadionun həcminə görə bu 72% azarkeş deməkdir. Stadionun ümumi həcmi nəzərə alınmaqla ən azarkeş isə "Stadio Olimpiko"da, "Roma" və "Sassuolo" arasındakı oyunda müşahidə edildi: 34 min 407 nəfər (47%).

A Seriyasının üçüncü həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

"Fiorentina" - "Yuventus" - 40 min 312 azarkeş (93%)
"Napoli" - "Sampdoriya" - 32 min 679 (54%)
"İnter" - "Udineze" - 57 min 991 (72%)
"Cenoa" - "Atalanta" - 23 min 395 (64%)
"Breşiya" - "Bolonya" - 15 min (89%)
"Parma" - "Kalyari" - 14 min 068 (50%)
SPAL - "Latsio" - 13 min 650 (84%)
"Roma" - "Sassuolo" - 34 min 407 (47%)
"Verona" - "Milan" - 24 min 363 (62%)
"Torino" - "Leççe" - 21 min 620 (77%)

On oyunda ümumilikdə hakimlər kobudluqlara görə 61 dəfə vərəqə üçün əllərini ciblərinə salmalı oldular: 57 sarı (orta hesabla 5,7) və 4 qırmızı (0,4). İstər sarı, istərsə də qırmızı vərəqələrə görə bu tur cari mövsümün rekordu idi. Hər birində ayrılıqda 9 vərəqə olmaqla, ən kobud "Breşiya" - "Bolonya" və "Verona" - "Milan" oyunları idi. Oyunlarda təyin olunan 11 metrlik zərbələrə görə də bu həftə cari mövsümün rekordunu ələ keçirdi. 4 oyunda 5 penalti təyin edildi, hansı ki, bunun ikisi "Cenoa" - "Atalanta" matçına təsadüf edirdi. Bütün təyin olunan penalti zərbələri dəqiqliklə icra olundu.
 


A Seriyasının üçüncü həftəsi müdafiəçilərin məhsuldarlığı ilə yadda qaldı. Belə ki, 10 oyunda müdafiəçilər 5 qola sevindi. "Kalyari"nin mərkəz müdafiəçisi Luka Çeppitelli iki qola imza atdı. O, cari mövsüm Avropanın top-5 çempionatlarında bir oyunda iki dəfə fərqlənən ilk müdafiəçi oldu. Bundan başqa "Bolonya"da ilk oyununu keçirən yeni transfer Mattia Bani də fərqlənməyi bacardı. Müvafiq olaraq növbəti iki qola "Breşiya"dan Kistana və "Cenoa"dan Krişito imza atdılar. Vurulan qollarla bağlı bu tur müşahidə olunan statistikalara gəlincə, "Roma" 2012-ci ilin yanvar ayında baş tutan "Çezena" ilə oyundan sonra ilk dəfə A Seriyasının ilk 22 dəqiqəsində 3 qola imza atmağı bacardı. Bu oyun həmçinin Edin Ceko üçün də əlamətdar oldu. Belə ki, o, bütün turnirlər nəzərə alınmaqla, "Roma" forması ilə 100-cü qələbəsini qeyd etdi. Lorentso Pelleqrini isə Əl Şəravidən sonra (2017-ci ilin apreli, "Peskara" ilə oyun) "Roma"nın A Seriyasında bir oyunda üç assist edən ilk futbolçusu oldu. 

Bombardirlər siyahısında son iki həftədə 5 qola imza atan Domeniko Berardi liderdi. O, cari mövsümdə rəqib qapılarının çərçivəsi daxilinə endirdiyi yeddi zərbənin beşini qola çevirməyi bacarıb. Beardi bu zərbələrin sayına görə də çempionatın lideridir. Çempionatın ən məhsuldar futbolçuları siyasında ikinci yerdə olan, "Breşiya"nın hücumçusu Alfredo Donnarumma bu tur da qol vurmaqla komandasının ümumilikdə yüksək liqa və aşağı liqadakı ardıcıl 18 ev oyununun 17-də fərqlənməyi bacardı. "İnter"in yeni tapıntısı Stefano Sensi isə bu həftə komandasına qələbə gətirən qolu ilə mövsümdə ikinci şəxsi qoluna imza atmaqla bundan öncəki iki mövsümün hər birində ayrılıqda vurduğu qolların sayını bu mövsüm üç oyunda etməyi bacardı. "Milan" isə bu turda 2019-cu ildə A Seriyasında qapısını ən çox toxunulmaz saxlayan komanda statistikasını özündə saxlamağı bacardı. "Rossonerilər" bu il çempionatda 10 oyundur ki, qapısında qol görmür. 

Turnir cədvəlindəki vəziyyətə gəlincə, ardıcıl üç oyunda qələbə qazanmaqla "İnter" 2017/18 mövsümünün 16-cı həftəsindən sonra ilk dəfə çempionatın şəksiz lideridir. "Yuventus"un bu həftə xal itirməsi nəticəsində "Bolonya" qələbə qazanmaqla xallarını 7-yə yüksəltdi və bu, onların 2002/03 mövsümündən sonra çempionatın ilk üç həftəsində 7 xal topladığı ilk haldır. "Sampdoriya"dan fərqli olaraq, bu həftə "Kalyari", SPAL, "Fiorentina" və "Leççe" ilk xallarını qazandılar. "Leççe" həmçinin 2000-ci ildən sonra ilk dəfə A Seriyasında "Torino"nu səfərdə məğlub etməyi bacardı. (ardı var)



OXŞAR XƏBƏRLƏR