Sergey Zenyov:

Sergey Zenyov: "Elə dəhşətli bir yerə düşdüm ki..."

"Qəbələ”nin yay fasiləsində ilk əcnəbi transferlərindən olan Sergey Zenyov ümidləri doğruldur. Sport7.az xəbər verir ki, Avropa Liqasının II mərhələsində, "Çukariçki” ilə cavab matçını isə 26 yaşlı eston hücumçunun benefisi saymaq olar. Hər halda, komandamız tarixi qələbəni həm də onun dublu sayəsində qazandı. "Qəbələ İK"ya müsahibə verən estoniyalı forvard yeni klubu ilə yanaşı, bir sıra məsələlərlə bağlı suallara aydınlıq gətirib:

– Xarici görünüşcə estona, ümumiyyətlə, Baltikyanı ölkə təmsilçisinə bənzəmirsən.
– Doğrudur. Ana babam tatar, müsəlman olub. Soyadı Boqudinovdur. Mən uşaq olanda dünyasını dəyişib. Həyat yoldaşı eston olsa da, özü vaxtilə Tatarıstandan köçüb gəlmişdi. Atam rus, anamsa estondur. Estonlar, əsasən, sarışın olur. Mənsə qaraşınam, daha çox qafqazlılara bənzəyirəm. Onlar kimi texnikalı oyunu sevirəm. Bəzən məni ispanlara da bənzədirlər (gülür).

– Bura gəlməzdən öncə bizim futbolu necə təsəvvür edirdin və indi 
hansı fikirdəsən?
– Azərbaycan futbolu barədə az da olsa, eşitmişdim. Ölkənizdə oynayan həmyerlilərimlə söhbət etmişdim. Ancaq konkret təsəvvürüm yox idi. İndi görürəm ki, Azərbaycan futbolu yetərincə yaxşı səviyyədədir. Elə "Qəbələ”də məşq etmək üçün yaxşı imkan, gözəl meydançalar var.

– Buraya gəlməzdən öncə Dmitri Kruqlovun fikrini öyrənmisən...
– Bəli. Çünki estoniyalı futbolçulardan Azərbaycanda ən çox oynayan Kruqlov olub. O, mənə məsləhət gördü ki, Azərbaycana gəlim. Dedi təklifi qəbul etsən, peşman olmazsan. O, "Qəbələ”nin futbol üçün yaxşı şərait yaradan klub olduğunu da demişdi.

– Ancaq gənc oyunçular futbolu daha inkişaf etmiş ölkələrdə legioner həyatı yaşamağı üstün tuturlar. Buraya gələrkən, tərəddüd etmədin ki?
– Ukraynada çıxış etdiyim zaman Avropanın güclü klublarından birinə keçmək istəyirdim. Bu şansı qazandım və İngiltərəyə yollandım. Oynadığım "Blekpul” I divizion klubu olsa da, 3 il əvvəl Premyer Liqada oynayırdı. Ancaq elə dəhşətli bir yerə düşdüm ki... orada gördüklərimi, ümumiyyətlə, xatırlamaq istəmirəm. Yaxın keçmişdə İngiltərə Premyer Liqasında mübarizə aparan bu klubda işlər peşəkarlıqdan uzaq idi. Formalar yuyulmur, futbolla bağlı elementar ləvazimatlar çatışmırdı. Bunları görəndən sonra düşünürdüm ki, bütün işləri qeyri-peşəkar səviyyədə qurulan "Blekpul” necə olub ki, Premyer Liqada çıxış edir?

- Bəs "Blekpul”da olduğu kimi Moskva "Torpedo”sunda da yarım il qalmağın nə ilə bağlı oldu? Ötən mövsüm şərəfini qoruduğun bu klubda da az oyun keçirmisən.
- Görünür, baş məşqçi mənə güvənmək istəmirdi. Komandaya yeni gəlmişdim. "Torpedo” tarixi olan klubdur. Rusiya Premyer Liqası isə səviyyəli çempionatdır. Ancaq bu komanda da liqada qalmaq uğrunda mübarizə aparırdı. Bilirsiniz, son illərdə oynadığım
klubların məqsədi, əsasən, liqada öz yerini qorumaq olub. Belə komandalarda oynayan futbolçularda qələbə ruhu zəif olur. Mən isə əksinə, iddialı klublarda oynamaq istəyirdim.

- Yəni "Qəbələ” istəyinə tam cavab verən klub oldu...
- Bəli. Axır ki arzuladığım kluba keçdim. Çox şadam ki, mükafatlara oynayan, avrokuboklarda çıxış edən, mərhələ adlayan iddalı komandada çıxış edirəm.

– "Qəbələ” məhz sənin dublun sayəsində tarixində ən böyük nəticəyə imza atdı.
– Avropa Liqası turnirinə ciddi önəm veririk. Yarış davam etdikcə, əsas məqsədimiz növbəti mərhələyə çıxmaq olur. Qalib gəlmişiksə, bunda bütün komandanın əməyi var. "Çukariçki”ni dublum sayəsində üstələsək də, özümü qəhrəman saymıram. Çünki futbolu 1 deyil, 11 nəfər oynayır. Heç bir oyunçu təkbaşına nəticə ala bilməz. Deməli, qəhrəman meydanda olanlardır, qapıçıdan tutmuş hücumçuyadək.

– "Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışının əsas səbəbini nədə görürsən?
– Səbəblər çoxdur. Bu, bütün klubun uğurudur. Prezidentimiz, klub rəhbərliyi nəticə qazanmaq üçün gözəl şərait yaradıb. Bu uğurda "Qəbələ” ilə bağlı olan hər bir insanın payı var. Təbii ki, əsas işi futbolçular və məşqçilər görür.

– Komandaya uyğunlaşma prosesi necə gedir?
– Əslində, mən heç 2 ay deyil komandadayam. Hələ ki 5 oyun keçirmişəm. Özümü getdikcə burada daha yaxşı hiss edirəm, tədricən yeni kollektivə uyğunlaşıram. Ümid edirəm ki, vaxt keçdikcə meydanda bir-birimizi daha yaxşı anlayacaq və daha yaxşı oyun göstərəcəyik. Əsas nəticədir ki, bu da bizdə var.

- Aydın məsələdir ki, futbolçunun hansı mövqedə oynayacağını məşqçi müəyyənləşdirir. Ancaq, hər halda, harada oynamaq ürəyincədir, yarımmüdafiənin cinahında, yoxsa, hücumda?
- Hələ uşaqlıqdan, həmişə mərkəz hücumçusu olmuşam. Ancaq "Karpatı” da baş məşqçim, indi "Krasnodar”ı çalışdıran Oleq Kononov məni cinahda yoxladı və uğurlu alındı. Universallığım onun xoşuna gəlirdi. Beləcə, yığmada da məni yarımmüdafi ənin cinahında oynatmağa başladılar. Hər ikisində rahat oynaya bilirəm. Sadəcə, mövqeyim rəqibdən asılı olaraq müəyyənləşir. Elə matçlar olur ki, daha çox cinahlardan hücum qururuq, elə də olur ki, mərkəzdən.

- "Karpatı”da çıxış etdiyin 6 ildə "Qəbələ”dəki ukraynalılardan kimləri tanıyırdın?
- Heç biriylə şəxsən tanış deyildim. Onu bilirdim ki, Baltikyanı ölkələr Roman Qriqorçuka yaxşı tanışdır. Çünki uzun müddət Latviyada oynayıb, karyerasını orada bitirib, məşqçiliyə də orada başlayıb. Ukraynada isə "Çernomorets” də uzun müddət çalışıb.

- Maraqlıdır ki, Ukrayna çempionatında ilk qolunu "Şaxtyor”a, Aleksey Qay həmin komandada oynadığı vaxtda vurmusan.
- İlk qolumu "Şaxtyor”a vurduğum yadımdadır, ancaq Qayın həmin matçda oynadığı yox.

- Necə oldu ki, 18 yaşında Ukrayna Premyer Liqasına düşdün?
- Ardıcıl 2 il Estoniya çempionatının ən yaxşı gənc futbolçusu seçildim. Ölkədən kənara çıxmağımın özü böyük perspektiv idi. Mən buna gənc yaşlarımda nail oldum. Xarici klubda oynayıramsa, düşünürəm ki, bu faktın özü artıq Estoniya futbolu üçün nailiyyətdir.

- Avropa Liqasının qrup mərhələsində oyun təcrübən var. "Karpatı”yla buna necə oldunuz?
- 2010/11 mövsümündə yaxşı komandamız vardı. "Sevilya”, Dortmund "Borussiya”sı və PSJ kimi məşhur klublarla bir qrupda mübarizə aparırdıq. Deyim biləsiniz ki, qrupa pley-off mərhələsində "Qalatasaray”a üstün gəldikdən sonra düşmüşdük. Azərbaycana yaxın olan Türkiyədə oynadıq. İlk matçda İstanbulda 2:2 hesablı heç-heçə qeydə alındı. Evdə bizə 0:0 hesabı bəs edirdi. Ancaq 90-cı dəqiqədə qol buraxdıq. Buna baxmayaraq, ruhdan düşmədik və 90+1-də hesabı bərabərləşdirdik. Beləcə, dramatik matçda 1:1 hesabı qeydə alındı və biz qrup mərhələsinə vəsiqə qazandıq.

- Bəs "Qəbələ” ilə qrupa düşmək perspektivini necə görürsən?
- Biz hələ ki qrup yox, "Apollon”la cavab oyunu düşünürük. Püşkdən gileylənə bilmərik. Çünki potensial rəqiblərimiz arasında Dortmund "Borussiya”sı, Belçikanın "Standard” və İngiltərənin "Vest Hem” komandaları vardı. "Apollon”u da keçmək üçün bütün gücümüzü ortaya qoyacağıq. "Qəbələ”ylə yeni tarix yazmaq istəyirik.

- "Apollon” necə rəqibdir?
- Çox texnikalı futbolçuları olan komandadır. Baş məşqçiləri portuqaliyalı olduğundan, heyətində portuqal, ispandilli futbolçular çoxdur. "Apollon” "Çukariçki”nin tam əksi, bizə münasib rəqibdir.

- Komandamızın Avropa Liqasında səfərdə keçirdiyi ilk oyunlarda qələbə qazana bilməməsini necə izah edərdin?
- Kubokda qalib, istənilən halda, 2 oyuna görə müəyyənləşir. Görünür, rəqiblərimiz ilk matçda qazandıqları qələbədən sonra arxayınlaşır və evdə onlara qalib gəlməklə mərhələ keçirik. Oyunlar göstərir ki, bu variant bizim üçün daha yaxşıdır. Hər halda, kubokda cavab matçını öz meydanında keçirmək sərfəli sayılır.

- Avrokuboklarda qol hesabını açsan da, ilk dublunu "Qəbələ”nin heyətində etdin. Özü də son 2 ayda rəsmi oyunlarda 2-ci dublundur.
- Elədir. İyunda millidə San-Marinoyla dubl etdiyim seçmə mərhələ matçında da 2:0 qalib gəlmişdik. Göz dəyməsin, dubl məndə yaxşı alınır (gülür). Bu, mənə özünəinam, yeni klubumda uğurlu başlanğıc baxımından çox lazım idi. Çünki ötən mövsümdə fərqlənə bilməmişdim. Avrokuboklarda artıq 4 qol vurmuşam. Sevinirəm ki, ilk dublum belə tarixi matça təsadüf etdi. Bir çox rekordların qeydə alındığı oyunda fərqlənməyim məni daha çox sevindirdi. Hər halda, tarixə düşə bildim. Tarixə düşmək isə hər zaman xoşdur.

- Qəbələdə və "Bakcell Arena”da oynamaq səndə hansı təəssüratlar yaradıb?
- "Bakcell Arena”dakı ab-hava məni yaxşı mənada təəccübləndirdi. Çünki "Qəbələ”nin matçına bu qədər azarkeşin gələcəyini düşünmürdüm. Tribunada bu qədər adam görmək bizdə xoş əhval-ruhiyyə yaratdı. Onlar bizə ürəkdən azarkeşlik edirdilər. Mən də onları sevindirə bildiyim üçün şadam. Qəbələdə atmosfer isə, sadəcə, möhtəşəm idi. İstərdim, sonrakı ev oyunlarıımızı orada keçirək.

- "Qəbələ”də niyə məhz "9 nömrə”ni seçdin?
- Əvvəllər bu nömrəylə oynamamışam. Çıxış etdiyim 11 və 20 nömrəli formalar isə "Qəbələ”də boş deyldi. "9” heç kimdə olmadığından götürdüm. Həm də hücumçu üçün münasib nömrədir.
- Komandanda son 4 ildə "9 nömrə”ylə oyun, qol sayında rekordçu olan Viktor Mendi oynamışdı.
- Bu, mənim üçün maraqlı məlumatdır. Bəlkə "9 nömrə”də hansısa gözəgörünməz qüvvə var (gülür). Hər halda, "Qəbələ” üçün uğurlu nömrədir. Çalışacağam ki, mən də "9 nömrə”ni layiqincə daşıyım, çox qol vurum. Bu başdan gurultulu sözlər demək istəmirəm. Onu deyə bilərəm ki, "Qəbələ” ilə çox uğurlara imza atmaq istəyirəm. Premyer Liqanızda oynayandan sonra çempionatınız haqda əsaslı fikir yürüdə bilərəm. Bəzi komandalarınızın, "Qarabağ”ın oyununu televiziyadan görmüşəm. Güclü komandadır, yaxşı futbolçuları, braziliyalı oyunçuları var.
- Azərbaycanda çıxış edən yeganə estoniyalı futbolçu kimi vətənində bütün diqqət səndə olacaq.
- Bəli, bunu bilirəm və Azərbaycanda ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Artıq ailəmi də yanıma gətirmişəm. Bura çox xoşumuza gəlir. Azərbaycanda hava istidir, Estoniyada isə daha çox yağmurlu. Qəbələ gözəl təbiətə, təmiz dağ havasına malikdir.
Bu, yeni doğulan övladım – oğlum Nikitanın da çox xeyrinə olacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR