Səttar Əliyev: "Qorxudan iddialı danışırlar ki, psixoloji təzyiq yaratsınlar"

Səttar Əliyev:
Azərbaycanın tanınmış məşqçilərindən olan Səttar Əliyev "Qarabağ"ın bu gün "Kukesi"yə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib.

Sport7.az-a açıqlamasında Səttar bəy bunları söyləyib: "Qarabağ"ın oyunlarına baxdım. Rəqib "Qarabağ"ı analiz etmişdi. Səfərdə sıx oynadılar, açılmadılar. Ona görə də düşünürəm ki, Qurban müəllim də oyunlarını analiz edib burda onları meydançalarının özlərinə aid olan hissəsindən çıxarmaq üçün yol tapacaq. Onları məcbur etməlidilər ki, boşluq versinlər. Düzdü "Kukesi"nin bu gün ilk oyundakından da sıx oynayacağı, əks-hücumlara bel bağlayacağı gözlənilir. Müdafiə futbolu oynayacaqlar, bu 100 faizdi. İmkan tapanda dərhal əks-hücuma keçəcəklər. "Qarabağ" onları öz "silahları" ilə vurmalıdı. Şəxsi fikrimi deyirəm, "Qarabağ" sıx müdafiəni yarmaq üçün, topu gəzdirməlidi. Onlar da görəcək ki, rəqib birtoxunuşlu oynayır, öz futbollarına hörmət etmək üçün irəli çıxmalıdı. Verdikləri boşluqdan istifadə olunmalıdı. Amma, eyni zamanda diqqətli olmaq lazımdı. Yəni müdafiə yaddan çıxmamalıdı. Rəqibin bir qol vurması çətinlik yarada bilər. Yəqin ki, Qurbanovun öz planları olacaq. Cinahlardan hücuma keçib təhlükə yaratmaq mümkündü. Fikrimcə, "Qarabağ" 2:0 hesablı qələbə qazanacaq".

Əliyev komandanın heyəti ilə də bağlı danışıb: "Çempionlar Liqasının qrup mərhələsində oynadığı heyətlə indiki arasında fərq görürəm. Almeydagilin vaxtında, görünürdü ki, məsələn komanda meydana çıxıb rahat qələbə qazanacaq. İndi, yeni futbolçuların vaxtı az olub, ya nədisə, mövqelərarası uyğunlaşma görünmür. Buna baxmayaraq "Qarabağ"ın öz dəsti-xətti, oyunu var. Düzdü hər rəqibə hörmət etmək lazımdı, çünki cüzi səhv üzündən zərbə ala bilərlər. Bunun olmaması üçün, hücum zamanı müdafiəni unutmaq lazım deyil. "Kukesi"nin evdə sıx oynaması, onların Bakıda əks-hücumlara güvənəcəklərinə dair siqnaldı. "Qarabağ" bundan da qat-qat güclü rəqiblərlə oynayıb. Yəqin ki, Qurban müəllim onların taktikasına qarşı yol tapacaq".

"Kukesi"nin istər baş məşqçisi, istərsə də futbolçuları oyundan öncə iddialı açıqlamaları ilə gündəmə gəlmişdi. Ancaq Səttar bəy bunun psixoloji təzyiqdən başqa bir şey olmadığını söylədi: "Ona görə iddialı danışıblar ki, evdə qol buraxmayıblar və heç-heçə oynayıblar. Bilirlər ki, "Qarabağ" qləbə qazanmaq üçün hücum edəcək. Bunlar da əks-hücumdan qol vura biləcəklərinə güvənirlər deyə, elə danışırlar. Bəlkə də qorxudan iddialı danışırlar ki, psixoloji təzyiq yaratsınlar. İddialısansa evdə, məsələn 2:0 qələbə qazanaydın. Bu bir qədər absurddu. Onlar evdə heç-heçə oynadıqlarına görə sevinirdilər. İddialı komanda məsələni elə doğma meydanda həll edər. Bir sözdü də, ortaya atırlar ki, təsir etsinlər. Sadəcə, diqqətli oynamaq lazımdı. İlk hissədə qol vurub, onları açılmağa məcbur etmək lazımdı. Belə mütləq boşluq olacaq. Onlar "Atletiko", "Roma", "Çelsi" deyil. "Qarabağ" qrupa düşəndə bu cür rəqiblərlə görüşüb. "Kukesi"nin səviyyəsi ilə arada fərq böyükdü. Bu keçilməz komanda deyil. Keçməsək nəyisə uduza, "yana" bilərik. Bu "Qarabağ" üçün faciə sayılar".

Sport7.az

Xəbər lenti