Sevincdən etiraf:

Sevincdən etiraf: "Sevgilimdi, ailəmdi, övladımdı "Qarabağ"

Stadionlarımızın tribunalarını bəzəyən zərif cinsin nümayəndələri ilə söhbəti davam etdiririk. Bu dəfə "Qarabağ" azarkeşi Sevinc Məmmədova ilə dərdləşmək imkanımız oldu. Uzun-uzun giriş yazan deyiləm. Keçim Sevincin maraqlı söhbətlərinə. 

Əvvəlcə bu gözəl xanım futbola olan sevgisinin tarixçəsindən xəbər tutaq. 
 


Bizim yaşda olan əksər azarkeşlərin futbol sevgisinin təməli 2002-ci ildə keçirilən dünya çempionatına gedib çıxır. O illərdə demək olar ki, bütün evlərdə insanlar ailəvi şəkildə həmin turniri izləyirdi. Eləcə də bizim evdə həmin matçlar zamanı həyat dururdu. Oturub maraqla baxırdıq. Düzdü ilk vaxtlar sadəcə maraq olur bu. Sonralar zamanla sevgiyə çevrildi. Anam futbolu ancaq milli səviyəsində izləyərdi. Klublara baxmırdı. Babam isə "Çelsi" azarkeşi olub. Elə onunla birlikdə İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını izləyə-izləyə azarkeş oldum.

- Səni "Qarabağ" azarkeşi olaraq tanıyıram. Bu komandaya sevgin nə vaxtdan  yaranıb? Özün də qarabağlısan?
- Futbol termininin nə olduğunu qavramağa başladığım gündən etibarən "Azərbaycanda futbol yoxdu" fikrini dəstəkləyənlərdən olmuşam. Çünki mən futbolla maraqlanand aətrafımda yaşıdlarım hamısı xarici klubları, xarici milli komandaları dəstəkləyiblər. Biz məktəbdə həmişə o vaxtkı ulduzlardan, Avropanın top klublarından danışmışıq, müzakirə etmişik. Azərbaycan futboluna da sadəcə millinin oyunlarına baxardıq, əksər vaxtlarda da məyus olardıq. Sonralar necə oldu bilmirəm, Qarabağı gördüm. Xoşuma gəldi. Yavaş yavaş maraqlanmağa başladım. İmkan düşdükcə izləyirdim. Üstəlik Azərbaycan futbolunda tərzini çox bəyəndiyim, hörmət etdiyim Rəşad Sadıqovun da "Qarabağ"a keçidi məni daha da bağladı "Qarabağ"a. Özüm Qarabağ zonasından deyiləm. İsmayıllıdanam. Bildiyimə görə, bizim heç vazt futbol klubumuz olmayıb. Heç torpağımızdan futbolçu da çıxmayıb. (gülür)... Həm də hər hansı bir klubu dəstəkləmək üçün o bölgədən olub olmamaq o qədər də əhəmiyyət kəsb etmir.

- Rəqib klubların azarkeşləri arasında mübahisəli söhbət var ki, "Qarabağ" azarkeşləri komanda avrokuboklarda uğurlu çıxıç etdikdən sonra artdılar. Bu fikrə münasibətin...
- Azərbaycan kimi futbolu kasad, uğuru az olan ölkələrdə bu halın baş verməsi təbiidir. Baxın, bizim bu vaxta qədər heç vaxr Avropada oynayan kıubumuz olmayıb. Son 10 ilə qədər kiməsə Azərbaycan klublarının nə vaxtsa Avropa Liqasında, Çempionlar Liqasının qruplarında oynayacağını desən, gülərdilər. Bizim ölkənin uğura ac olan insanları məhz belə səbəblərə görə Avropa kıublarına könül veriblər. Məsələn, bizdə "Qalatasaray"ın azarkeşləri niyə digərlərindən çoxdu? Çünki əksəriyət o UEFA kubokunun qazanılmasının şahidi olub, çünki "Qalatasaray" Türkiyənin ən titullu klubudu, çünki Avropada Türkiyə adına çox tarixlər yazıb. Belə misallar bütün ölkələr üzrə çoxdu. Azərbaycanda "Bavariya" azarkeşləri çoxdu, amma "Şalke", "Hoffenhaym" və digərlərinin azarkeşini bəlkə barmaq sayı qədər tapa bilərik. "Milan", "Yuventu"s, "Mançester Yunayted", "Liverpul" və bu kimi top klublarının bütün dünyada azarkeşlərinin çox olması onların uğurları ilə bağlıdı. Uğur azarkeş gətirir. Ölkə daxilindəki klublarda da belədi. Uğur olduqca, nəticə olduqca, Avropa həyəcanı olduqca hansısa bir neytral futbolsevər hansısa kluba könül verir. Sabah" Qarabağ"dan başqa bir klubumuz da davamlı olaraq avrokubokların qruplarında oynasa, qələbə, xal qazansa ona da maraq yaranacaq. Yəni, kimisə sən avroliqaya görə azarkeş olmusan deyib qınaya bilmərik. Bu, dünyanın hər yerində belədi. Ən uğurlu, ən titullu klubların, futbolçuların azarkeşləri daha çoxdur. Hər kəs Messi, Ronaldo heyranıdı, uşaqlar onları kumir seçir. Çünki onlar digərlərindən üstündür. Təbii ki, sadaladığım bütün hallar üzeə istisnalar mövcuddur. Amma istisnalar qaydanı pozmur.
 


- Yuxarıda qeyd etdin ki, Rəşad Sadıqovun "Qarabağ"a keçidi və "Qarabağ"ın Avropada çıxışlarıa görə bu kluba marağın yaranıb. Rəşad Sadıqov "Qarabağ"dan əvvəl "Neftçi"də çıxış etdirdi. Yalnış xatırlamıramsa, 2008-ci ildə klubunu dəyişdi. Və ya Avropada çıxışı götürsək, "Neftçi" "Qarabağ"dam əvvəl Avropada tarix yazıb. Nə əcəb Sadıqov "Neftçi"də çıxış etdiyi vaxt, və ya Avropada uğur qazananda paytaxt klubuna marağın yaranmayıb? 
- Yuxarıda da qeyd etmişdim ki, əvvəllər ölkə futbolunu ancaq milli səviyəsində izləmişəm. Onda heç hansı futbolçunun harda oynaması mənə maraqlı olmayıb. Sadəcə əvvəllər daha çox vətənpərvərlik hisslərim vardı və o illərdə, bayraq, himn kimi şeylərə aşırı dəyər verirdim. Ona görə milli nə qədər uduzsa da heç vaxt silib ata bilmirdim.

"Neftçi" qrupa düşənə qədər Rəşad artıq "Qarabağ"da idi və "Qarabağ" o zamanlar qrupa düşməsə də, svrokuboklarda parlaq oyunu ilə seçilirdi. Kollektiv olaraq çox bəyənirdim onları. Onda bizim çox gözəl azərbaycanlı oyunçulardan ibarət heyətimiz vardı. Fotostudiyada o vaxtki uşaqların şəkillərini həm ayrı ayrılıqda, həm də kollektiv olaraq çıxartırıb otağıma da yapışdırmışdım. "Neftçi"ni isə hətta avrokuboklarda belə izləmirdim. Düzdü, o vaxt biz heç indiki kimi prinsipial bir şeylər yaşamamışdıq, sadəcə olaraq heç vaxt mənə maraqlı olmayıb.

- Mən futbola başladığım zamanlarda oyunlara gedən qızlara qınaq çox olurdu. "Qız nədi, futbol nədi" atmacaları sənə də deyilib? Xüsusilə də, hıcablı xanımsan. Hər halda "başıbağlı" qızın stadiona getməsi ikiqat diqqətə və qınağa səbəb olar ki, "bunun burda nə işi var" ?
- İlk vaxtlar stadiona gələndə özüm də sıxılırdım. Qınaqlar da çox olurdu. İnsanlar elə baxırdılar, sanki stadion kişi hamamıdı  və mən səhvən ora girmişəm. Beynimdə bunu yavaş-yavaş bitirdim. Bunda tribunalardan tanıdığım dostlarımın da rolu oldu. Zamanla mənə hörmət edən insanlar artmağa başladı, özüm də komplekslərdən yaxa qurtardım.

Amma feysbuk hesabıma yazıb hədə qorxu gələnlər, stadionda kobudluq edənlər, söz atanlar az olmayıb. Bəzən dindar azarkeşlər lənət dolu mesajlar da yazırlar. Sadəcə gülüb keçirəm. Mən demək olar ki, heç bir oyunu buraxmıram. Bəzən işimi, bəzən ailə vəziyətimi təhlükəyə atıb matçlara gedirəm. Bu qədər şeyin qarşısında hansısa mental düşüncəli, qadını 4 divar arasına həbs etməyə meyilli insanların fikirlərini ciddiyə almaq özümə və hisslərimə xəyanət olar.
 

- Ailə üzvlərin bəs nə deyirdi?
- Babam və dayılarım futbola baxmağıma çox mane olmasalar da səfər oyunlarına, gec bitən matçlara getməyimə həmişə qarşı çıxırlar. Əvvəllər Gəncəyə, Qəbələyə gedəndə dəfələrlə evdə başqa səbəblər deyib getmişəm. Qonaqlıq, toy, nişan, rəfiqəmgil falan. Keçən il Gürcüstan deplasmanına getmişdim. "Qarabağ" "Samtrediya" ilə qarşılaşırdı. Evdə Şəmkirə nişana getdiyimi demişdim. (gülür)...Düzdü, məni yalan danışmağa bəzən özləri məcbur edir. Amma doğruluq mənim arzumun qarşısına sədd çəkirsə, məcburam yalan danışmağa. Zatən bir müddətdən sonra həqiqəti deyirəm.
 


- Bəs gələcəkdə övladlarının futbolçu olmasını istərsən?
- Mən əslində övladım olmasını istəmirəm. Ümumiyyətlə övlad dünyaya gətirmək məsuliyətli işdir. Onu düzgün böyütmək, onu bütün pisliklərdən qorumaq, doğru tərbiyə etmək, hər şeylə təmin etmək çox çətindi. Üstəlik bizim yaşadığımız ölkədə və getdikcə çətinləşən şərtlər altında. Həm də mən bundan sonrakı həyatımı daha sərbəst yaşamaq istəyirəm. Məni bir yerlərə, bir şeylərə bağlayan bağların olmasını istəmirəm.  Amma düşünürəm k, ana olsaydım övladımın öz öhdəsinə buraxardım hər şeyi. Mən zamanında karateylə məşğul olmağı çox istəmişəm. Rəfael Ağayevlə eyni şəhərdən olmağım, ona olan o vaxtkı heyranlığım, döyüş filmlərinə marağım məndə karateyə çox böyük maraq yaratmışdı. Həmişə o fikirdə olmuşam ki, qadın fiziki cəhətdən özünü müdafiə edə bilməsi üçün mütləq hər hansı bir idman növüylə məşğul olmalıdı. Ailəm mənim bu istəyimə qarşı çıxdı. Çox təəssüf ki bizimkilər belə məsələlərdə çox geri fikirlidilər. " Qız nədir"lə başlayan o qədərsüni əngəllərlə istəklərimizə qarşı çıxıblar ki... Mən 30 yaşa çatmaq üzrəyəm, bu hələ də davam edir. Bir gün ana olsam övladımın heç bir istəyinə qarşı çıxmazdım. Bir şeyin onun ziyanına olduğunu düşünsəm belə bunu qadağalarla deyil, anladaraq, göstərərk özünün dərk etməsinə çalışardım. Azarkeş olaraq mənimlə eyni klubi sevməsi üçün doğuşdan etibarən ona formalar, hər hansı aksesuarlar, atributlar alardım, bərabər matç izləyərdim, amma seçimlərinə əsla qarışmazdım. İdmançı, qrim ustası, elm adamı, hər hansı bir sənət sahibi olmağa uşaqlar özü qərar verməlidir. Mənim övladım hökmən bu şeyi etməlidir deyərək onlara öz arzularımızı yükləsək, gələcəkdə onlar da bunu öz uşaqlarına edəcəklər. Beləcə xoşbəxt olmayan bir nəsli yenisi əvəz edəcək.
 


- Gələcək üçün planların nədi? Səni yenə tribunalardan görəcəyik?
- Futbolla bağlı ən böyük arzum, istəyim, planım, hədəfim "Liverpul"un stadionunda bir matç izləməkdi. Bilmirəm Allah bunu mənə nəsib edəcək, ya yox. Amma bunu yaşamadan ölmək istəmirəm. "Qarabağın isə ölkə daxili demək olar ki, heç bir oyununu buraxmıram. Qəbələ, Gəncə, Naxçıvan səfərlərinə də getmişəm. İnşallah digər bölgələrdə təkrar klublar yaranar, oralara da dəstəyə gedərəm. Bir dəfə Gürcüstanda və bir dəfə Londonda "Qarabağ"ı tribunadan dəstəkləmişəm. Hər iki səfər o qədər gözəl, rəngarəng izlər qoyub ki yaddaşımda. Bundan sonrasında da dəstəyimi davam etdirmək istəyirəm. Nə qədər ki canımda can var, ayağım yer tutur, özüm yatıb özüm dura bilirəm, o vaxta qədər də stadionlarda, tribunalarda məni bir kənarda dayanıb "Qarabağ" qışqıran görəcəksiz.
 
"Qarabağ" mənim üçün bir futbol klubundan daha artığıdı bu gün. Sevgilimdi, ailəmdi, övladımdı, doğmamdı "Qarabağ". Hər axşam yatmazdan əvvəl heç olmasa 10-15 dəqiqə düşünüb, növbəti matçı üçün bir şeylər xəyal etdiyim dəyərimdi o mənim. Nə qədər ki Qarabağ var, mən də olacam. Allah bizi ayırmasın.

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR