“Söhbət peçenyedə deyil, “vnimatelni” olmaqdadır” – Bizi keçmişə qaytaran yazı

“Söhbət peçenyedə deyil, “vnimatelni” olmaqdadır” – Bizi keçmişə qaytaran yazı
Keçən ay məhəlləmizi sökməyə gəlmişdilər. Sökülən təkcə binalar, xatirə dolu evlər yox, həm də ilk yıxılıb-qalxmaqlarımıza, yaralarımıza, davalarımıza şahid olmuş futbol meydamçamız oldu.
 
Futbol küçələrdən başlayır. Uşaqlıqda heç nə üçün yox, udan komanda olub, uduzan uşaqlara  peçenye aldırtmaq üçün futbol oynamağa dəyərdi. Ancaq söhbət peçenyedə deyil, "vnimatelni” olmaqdadır. Məhəllədə futbol oynamaq ilk olaraq birlik olmağı, bir qrup üçün çalışmağı öyrədir. Yəqin ki, bu gün "komanda daxilində işləyəmək bacarığı olan işçi axtaranlar, bizim bir komanda kimi necə sinxron oynadığımızı bilsələr, bizi dərhal işə cəlb edərdilər. Həmçinin, küçələr bizə rəqabəti öyrədirdi. Uşaqlıqda oynadığımız hər bir oyun xatirimdədir, ancaq futbola qarşı xüsusi bir sevgimiz vardı. Top tapan kimi meydançaya qaçırdıq, topun sahibini anası evə çağıranda isə bir xeyli məsul olurduq. Hə, bir də parça toplarımız vardı... Məhəllə futbolunda ənənəvi futbola xas qayda-qanun olmasa da, hər məhəllənin öz qanunu olurdu. Məhəllə daxili oyunda bir-birinə düşmən kəsilənlər "məhəllə-məhəlləyə” futbolda dost-qardaş olub, bir "məhəllənin şərəfi” üçün vuruşurdu. İndi yaşıdlarım o günləri köks ötürərək xatırlayırlar.

Şəhərlər isə dəyişir. Bizim o futbol meydançamızda yeni uca binalar tikiləcək. Bir çox uşağın meydançasını da əlindən beləcə alıblar. Artıq uşaqların futbol oynamaq üçün topa, komandaya yox, bir kompüterə ehtiyacı var. İstədikləri komandanı seçib kompüter tərəfindən idarə edilən digər bir klubla mübarizə aparırlar.

Qəribədir ki, oyunlar rəqəmsal dünyaya keçsə də, oğlanların futbol sevgisi də təzahürünü dəyişir, ancaq bitmir. Necə ki, qizlar bir müğənnini, modeli özünə örnək götürür, oğlanlar da bir futbolçunu kumir hesab edirlər. Kumir futbolçunun nəzərə çarpaq xüsusiyyətləri onu özünə nümunə götürən uşaqlarda da özünü göstərə bilir. Məsələn, mən ailəyə sadiqliyi Tottidən öyrənmişəm.

Ədəbiyyatı kənara qoysaq, şəxsi müşahidələrimə əsasən futbol həm də savaşdır, mübarizədir. Oğlan uşaqlarının təbiətindəki aqressiyanı, enerjini üzə çıxarmaq üçün əvəzolunmaz vasitədir. Ona görə də, qadın futbolunda demək olar ki, dava, bilərəkdən edilmiş oyundan kənar hərəkətlər görünmür.
Yenidən futbolun önəminə dönsək, bu oyun həyəcan, çoşqu və həzz verib, adrenalin bəxş edən müalicə üsuludur. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitədir. Bir çox sahədə inkişaf etmiş Almaniyada ötən əsrin 80-ci illərindən "küçə və ya məhəllə futbolu” anlayışı yoxdur. Ekspertlərin rəyinə əsasən, alman futbolunun əvvəlki qədər güclü olmamasının səbəbi də elə budur. Yeni nəsil futbolu küçədə qan-tər tökərək deyil, sadəcə barmaqlarını hərəkət etdirərək oyun konsolları vasitəsilə öyrənirlər. Braziliya və İtaliyada isə böyük meydançalara gedən yol küçələrdən başlayır.
 
"Yekədiş” Ronaldodan Del Pieroya qədər bir çox əfsanə məhəllə futbolunda yetişib. Odur ki, küçələri, məhəllədəki kiçik futbol meydançalarını uşaqlara geri qaytarmaq lazımdır. Söhbət futbol qaydalarını bilməkdə yox, canlı futbolun həyəcanını, ağrısını yaşamaqdadır. Otağa qapanıb real dünyadan uzaqlaşmaqdansa, adını unutduğum bir yazarın da dediyi kimi küçəyə çıxın və xoşbəxt olun!

Mustafa Kamal
 
 

Xəbər lenti