"Simurq"u məcbur edirdilər ki, "İnter"ə xal versin" - MÜSAHİBƏ

Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb. 

Müsahibimiz "Simurq" azarkeşi olaraq tanıdığımız İnqilab Soltanovdur. 

- Futbola sevginiz nə vaxtdan başlayıb?
- 1968-ci ilin əvvəlində atam "Rekord" televizoru almışdı. Çünki atam futbolu çox sevirdi və "Neftçi" azarkeşi idi. Həmin dövrdə çox az insanların evində televizor vardı. Ona görə də qonşular futbola baxmaq üçün bizim evə yığışardılar. O vaxt mənim 9 yaşım vardı. Mən də stolun altında gizlənib, sakitcə futbol oyunlarını izləyirdim. Və hər keçən gün futbola olan sevgim xəstəliyə çevrildi. O vaxt "Neftçi"nin uğurları məni çox sevindirirdi. Məğlubiyyət olanda isə ağlayırdım. Bir də həmin dövrdə Zaqatalada "Daşqın" klubu yanardı və SSRİ çempionatının aşağı divizionlarında çıxış etməyə başladı. Mən bütün ev oyunlarını stadiondan canlı izləyərdim. Atam məni hər oyuna aparardı. Beləliklə mən o vaxtdan futbol azarkeşi oldum. 

- Hər halda "Simurq" yarandıqdan sonra "Neftçi"yə baxmağı tərqidib doğma klubunuza verdiz sevginizi?
- Əslində mən "Daşqın" klubunun qatı azarkeşi olmuşam. Səfər oyunlarına da yollanırdım. Bunu o vaxtlar "Daşqın"ın heyətində çıxış etmiş Qurban və Musa Qurbanov qardaşları çox yaxşı bilirlər. Daha sonra "Daşqın" klubu dağıldı və Zaqatala 13 il futbolsuz qaldı. 2005-ci ildə isə "Simurq" klubu yarandı və neçə illər böyük futboldan uzaq qalan Zaqatala əhalisi "Simurq" klubunu öz doğmaları kimi qəbul etdi. Hansı ki, bu klub ilk vaxtlar oyunlarını Qaxda keçirirdi. Ancaq biz zaqatalalılar "Simurq"a dəstək olmaq üçün Qaxda keçirilən bütün ev oyunlarına gedirdik. O vaxtdan "Neftçi" bizə rəqib oldu və mən də təbii ki, Zaqatala adı olan yerdə başqa kluba azarkeşlik edə bilməzdim. Harada Zaqatala, orada mən. 
 


- "Simurq"la keçən günlərinizi necə xatırlayırsınız?
- Bunu yazmağa 24 saat vaxt lazımdır. (gülür)... Yaşadığım futbol həyatında "Simurq" mənə çox şey bəxş edib. "Simurq" klubu ilə çox gözəl illərim keçib. Həm sevincli, həm kədərli... O günləri heç vaxt unuda bilmərəm. Çünki bir azarkeş kimi futbolda həzz alan ən gözəl günlərimi mənə "Simurq" klubu bəxş edib. Bu klubun sayəsində Azərbaycanın bütün bölgələrində və Bakıda çox dəyərli dostlar qazandım. Özümü o dövrdə əsl azarkeş kimi hiss edirdim və bununla fəxr edirdim. Yekəxanalıq olmasın, bu gün İnqilab Soltanovu bütün Azərbaycanın futbol aləmi tanıyır. Bunun da səbəbkarı "Simurq" klubudur. Ona görə də mən heç vaxt o günlərimi və "Simurq"un mənə bəxş etdiyi o gözəllikləri  unutmaram. 

- "Simurq" klubunun adı daha çox "İnter"in "kiçik qardaşı" olmaqda hallanırdı. Bu qalmaqallı söhbətlərə münasibətiniz necə idi?
- Bəli, düz deyirsiniz. O vaxt həqiqətən belə idi. "Simurq"u məcbur edirdilər ki, "İnter"ə xal versin. Mən buna qarşı mübarizə aparırdım. Bunu o vaxtlar mətbuatın köməkliyi ilə xalqa çatdırmağa çalışırdım. Bu barədə mənə Anar Xanlarov və Əli Sahib çox dəstək olmuşdular. Mən o vaxt Cahangir Hacıyev haqda sərt açıqlamalar vermişdim. Hətta o vaxt məni stadiona buraxmaq istəmirdilər. Bu barədə planlar qururdular. Ancaq planları baş tutmadı. Hətta sizə deyim ki, o vaxt komandanın rəhbər üzvlərindən biri və klubun 1-ci və 2-ci kapitanları mənim evimə gəlmişdilər. Mənə sübut etmək istəyirdilər ki, "İnter"lə oyun təmiz keçir. Ancaq həmin şəxslər bu gün etiraf edirlər ki, İnqilab dayı sən haqlı idin. Mən buna xəyanət, satqınlıq adı verirəm. Çünki 120 minlik Zaqatala əhalisini aldatmaq və öz doğma azarkeşlərinə xəyanət edən klubun heç vaxt gələcəyi ola bilməzdi. 

- Elə buna görə hər iki klubun gələcəyi olmadı. 
- Haqlısınız. Düz buyurdunuz. Biz tərəfdə belə bir deyim var: "Haynan gələn, huynan gedər". Bu gün Azərbaycan futbolu elə bir vəziyyətdədir ki, "Neftçi" və "Qarabağ"dan başqa heç bir klubun gələcəyi yoxdur. Və bu klubların sabahı sual altındadır. Çox gülməli və ağlamalı futbolumuz var. 

- 8 komandalı çempionatımızı necə qiymətləndirirsiniz?
- Hazırda futbolumuz çox acınacaqlı vəziyyətdədir. Bu Azərbaycan çempionatı deyil, Bakı qəsəbələri və ya Abşeron çempionatıdır. Bu çempionatın Azərbaycanın 90 % ərazisinə heç bir aiddiyatı yoxdur. Heç kimə lazım olmayan, rəqabətsiz Bakı çempionatı. Hansı ki, səfər oyunlarının nə olduğunu bilmirlər və bütün oyunları Bakı küçələrində keçirirlər.  Sizə bir məsəl çəkim. Əgər bu gün Lənkəran, Gəncə, Tovuz, Şəmkir, Qusar, Zaqatala, Yevlax səfərləri olsa, "Qarabağ" ardıcıl 5-6 il çempion olar bilərdi? Əsla yox. Çünki o vaxt ən azından 5-6 klub çempionluq uğrunda mübarizə aparırdı. Hələ "Bakı" və "İnter" klublarını demirəm. İndi isə heç bir rəqabət olmadan, gəzə-gəzə futbol oynayaraq çempion olmaq adı hala çevrilib. 
 


- AFFA-nın çempionatı bu hala salmaqda məqsədi nə ola bilər? Bu klubları məhv etməklə nə qazanırlar?
- Futbolumuzu bu günə salan AFFA-dır. O vaxt "Xəzər Lənkəran", "Simurq", "Karvan", "Bakı", "İnter" və bir çox klublar AFFA-ya tabe deyildilər. Və bu klublar AFFA ilə hesablaşmadılar. İndi isə, "Qarabağ", "Qəbələ" və "Zirə"dən başqa 5 klub AFFA-ya tabedir. İndi düşünün, AFFA-ya hansı çempionat sərf edir?! 

O vaxt AFFA rəhbərliyi dəyişəndə çempionatda 14 komanda vardı. İndi isə 8 klub çempionatda iştirak edir. Hətta vəziyyət o yerə çatıb ki, I Divizionda iştirak etmək üçün də klub tapılmır. Əvəzedicilər çempionatı yaradıblar. Bu çox gülüncdür. Dünyanın heç bir ölkəsində belə çempionata rast gəlmək mümkün deyil. AFFA-nın apardığı bu yararsız siyasət futbolumuzu uçuruma aparır. Belə davam etsə, çempionatın adı "AFFA çempionatı" olacaq. Çıxış yolu isə var. AFFA kökündən istefaya getməlidir. O binada bir nəfər qalmamalıdır. Yeni nəsil yeni insanlar futbolumuzun başına gəlməlidir. Futbolu ürəkdən sevən və futbolu dərindən bilər insanlar AFFA-nı idarə etməlidirlər. Əks-halda bizi daha acınacaqlı günlər gözləyir. 

İndi özünüz fikiləşın o vaxt AFFA yaxşı qazanırdı, yoxsa 10 klubu isqal edən AFFA indi yaxşı qazanır?! Əlbəttə ki, indi. Deyirlər ki, bölgə klubları maliyyə çatışmamazlığına görə dağılıb. Razıyam, düz deyirlər. Ancaq maliyyə problemləri varsa, bəs necə olur ki, hər il Bakıda yeni bir klub yaradılır və Yüksək liqaya vəsiqə qazanır?! "Zirə", "Sabah", "Səbail" kimi klubları məsəl çəkmək olar. Bu klublar Azərbaycan futboluna nə verə bilər axı? Heç nə. 

Axı nəyə görə paytaxt klublarına lisenziya verilir, ama Zaqatala, Tovuz, Gəncə üçün pul və lisenziya tapılmır. Olmaz ki, heç kimə lazım olmayan paytaxt klublarının vəsaiti bölgələrə yönəldirsin? Əlbəttə ki, olar. Sadəcə bunu etmək istəmirlər. Çünki pulu sağ cibdən xərcləyib, sol cibə qoyurlar. Bütün klublara rəhbərliyi AFFA-ya təyin edir. Ona görə də ölkədə heç vaxt futbol olmayacaq. 

Röya Kərimli
Sport7.az

Xəbər lenti