“Sirlər xəzinəsi” və hamı üçün 1:1

“Sirlər xəzinəsi” və hamı üçün 1:1
Azərbaycan futbolu əməlli-başlı sirli dünyadı. Burdan baş çıxarmaq, nəyin baş verdiyini anlamaq çox çətin məsələdi.
 
Dünən Topaz Premyer Liqasında 22-ci tura yekun vuruldu. "Qarabağ” liderliyini inamla davam etdirir. "Kəpəz” hələ də sonuncudur. "Zirə”nin qələbə həsrəti yenə uzandı. "Qəbələ” isə çoxdankı həvəssizliyindədi. Bəli, bunları hamımız bilirik. Amma bizim çempionatda daha maraqlı hadisələr baş verməkdədi. Yəqin ki, təkcə Azərbaycanın daxilində deyil, Biləcəridən o tayda da çoxlarının diqqətini cəlb edib…
 
Məsələ ondadı ki, klublarımız bir-birindən qorxmağa başlayıb və onsuz da sönük keçən çempionatımız işığı daha da azalıb, sönüklüyü "göz çıxarır”. Artıq üçüncü turdu ki, Premyer Liqada keçirilən dörd oyundan üçündə qalib müəyyənləşmir. Təsəvvür etmək, inanmaq çətin olsa da, reallıq belədi. Yaxşı yadımdadı, bir-neçə il bundan əvvəl İtaliyinan A seriyasında bir qarşılaşma xaric digərləri heç-heçə bitmişdi və bu hadisə qəzetlərdə manşet olmuşdu. Azərbaycanda isə artıq bir deyil, iki deyil, üçüncü dəfədi!
 
Qış fasiləsindən bəri keçirilən 8 turun hamısının arasında bir mistik əlaqə var. Belə ki, fevralın 10-da start götürən 15-ci turda da son üç turdakı kimi 3 oyun "sülh”lə bitib. "Keşlə” "Səbail”lə, "Zirə” isə "Sumqayıt”la 1:1 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ”la "Qəbələ”nin qarşılaşmasında isə qol vurulmayıb. Turun yeganə sevinəni "Neftçi” olub. "Ağ-qaralar” "Kəpəz”in minimal hesabla üstələyib – 1:0. Həmin vaxt düşünmək olardı ki, klublar "qış yuxusu"ndan tam ayılmayıb, relsə düşməyiblər. Amma sonrakı ssenari çox təəccüblü oldu.
 
16-cı turda bərabərlik qeydə alınmayıb. Növbəti turda "Neftçi” ilə "Zirə” 1:1 oynayıb, digər görüşlərdə isə "Sumqayıt”, "Qarabağ”, və "Qəbələ” 3 xal qazanıblar. 18-ci turdakı 1:1 hesabı isə "Sumqayıt”la "Qarabağ”ın payına düşüb. Qalan görüşlərin hamısında 2:1 hesabı qeydə alınıb və "Keşlə”, "Neftçi”, "Kəpəz” qalib gəlib. 19-cu tur da 16-cı tur kimi, "sülh”süz keçib.
 
Nə olubsa, bundan sonra olub. 20, 21 və 22-ci turda hər şey bir-birinin təkrarıdı. Özü də qarşılaşmaların mütləq əksəriyyəti 1:1 hesabıyla yekunlaşıb. 20-ci turda "Zirə” "Səbail”lə, "Keşlə” isə "Qəbələ” ilə bu cür nəticəyə "razılaşıb”: hərəyə bir qol və bir xal. "Neftçi” ilə "Qarabağ”ın qarşılaşmasında isə tərəflər qol vurmadan bir xal qazanıblar. Turun yeganə qalibi isə "Kəpəz”i məğlub edən "Sumqayıt” olub.
 
21-ci turda "karusel”in xoşbəxt oturacağında "Neftçi” oturub. "Xalq komandası” "Səbail”i iki cavabsız qolla üstələyib. 1:1 hesabı isə "Qəbələ” ilə "Sumqayıt”ın, "Qarabağ”la "Keşlə”nin görüşündə qeydə alınıb. "Kəpəz”lə "Zirə” qolsuz heç-heçəylə bir xala sevinib və ya üzülüblər. Və nəhayət 22-ci turda "Qarabağ” "Səbail”i Almeydanın penaltidən vurduğu qolla yendi. "Neftçi”ylə "Sumqayıt” hərəyə iki qol vurdular. "Zirə” və "Qəbələ”, "Kəpəz”lə "Keşlə” isə 1:1 hesablı heç-heçəylə turu başa vurdular.
 
Son üç turda keçirilən 12 oyundan 9-da (!) qalib müəyyənləşməyib. Bu 12 oyunun düz yarısında eyni hesab qeydə alınıb – 1:1. "Qəbələ” ardıcıl üç oyunda meydandan eyni hesabla ayrılır. "Zirə”nin də üç oyunundan ikisində həmin hesab qeydə alınıb.
 
"Sirlər xəzinəsi”ndə nə baş verir? Hardandı bizim klublarımızın bu 1:1 hesabına sevgisi? Olmaya, bir-birindən qorxamağa başlayıb? Cavablarınız bir-bir deyin…
 
Amal ABUŞOV
 

Xəbər lenti