Sirli sıçrayış – Millimiz 11 pillə necə irəlilədi?

Sirli sıçrayış – Millimiz 11 pillə necə irəlilədi?
Dünən sevindirici xəbər aldıq. Sevincimizdən göyün lap yeddinci qatına qədər yüksəlmişdik. Orda Yaşar Vahabzadəni, Elnur Cəfərovu və Azad Kərimovu gördük. Çox yubanmağa vaxtımız yox idi. Bir az da oralarda qala bilsəydik xeyli tanış simaya rast gələcəyimizə şübhə etmirdim. Amma yerə qayıtmaq üçün tələsirdik, axı burda görəcəyimiz çox iş vardı...

Bizi sevindirən xəbər milli komandamızın FİFA-nın reytinq cədvəlində birdən-birə 11 pillə irəliləməsi barədəydi. Hazırda 439 xala malik komandamız 76-cı pillədədir. Azərbaycan millisi bu sıçrayışa heç bir oyun keçirmədən nail olub. Mayın 20-dən Avstriyada təlim-məşq toplanışında olan yığma yoldaşlıq görüşü keçirə bilməyib. Bununla belə, Robert Prosineçkinin baş məşqçi olduğu komandanın hesabına ötən ayla müqayisədə 53 xal əlavə olunub.  

Sözsüz ki, hər birimizin ürəyi bu xəbərdən dağa dönür. Amma çoxlarına qaranlıq qalan məsələlər də var. FİFA reytinq xallarını hansı əsasla hesablayır, komandaların yeri necə dəyişir? Azərbaycan millisi sonuncu oyunda Almaniyaya 1:4 hesabıyla uduzub. Ondan sonra millimiz heç bir rəsmi və ya qeyri-rəsmi oyun keçirməyib. Bəs necə olur ki, Prosineçkinin yetirmələri oynamaya-oynamaya 53 reytinq xalı qazanıb, 11 pillə irəliləyirlər? 

Olmaya, UEFA və FİFA Yaşar Vahabzadənin çalışdırdığı komandanın IV İslam Həmrəyliyi Oyunlarında qalib adını qazanmasını belə lütfkarlıqla qiymətləndirib? Bəlkə, bizimkilərin Avstriyada keçirdikləri məşqlər, ordakı ikitərəfli oyunlarda sərgilənən texnika FİFA-nın rəğbətini qazanıb?

Biz də bilmirik, əziz oxucular. Dünəndən bəri redaksiyamıza müraciət edirsiz, reytinq xallarının hesablanması qaydalarıyla maraqlanırsız. Biz də "Tarixi-Nadir” kitabını yarısına qədər oxuduğumuzdan və orda meydana çıxmayan komandalara xalın necə verilməsi ilə bağlı məlumata rast gəlmədiyimizdən sizi intizarda qoymağa məcburuq. 

Vəzifə borcumuza uyğun olaraq AFFA-ya müraciət etmək istədik. Şübhə etmirdik ki, AFFA-da çalışanlar bu qayda-qanunları bizdən yaxşı bilirlər. Bizə yardımçı olması üçün əvvəlcə qurumun sözçüsü Mikayıl Nərimanoğluna zəng vurduq. Xahiş edəcəkdik ki, ya özü bizə izahat versin, ya da başqa səlahiyyət və bilgi sahibinə yönləndirsin. Təəssüflər olsun, hörmətli Mikayıl bəy zənglərimizi cavabsız qoydu. 

Söz veririk, cavab alan kimi, sizə də çatdıracağıq.

P.S. Ötən ilin sonlarından AFFA-nın mətbuat xidmətinə sorğu ünvanlamışıq. Qurumun baş katibi Elxan Məmmədova Sport7.az oxucularını maraqlandıran sualların çatdırılması üçün şərait yaradılmasını xahiş etmişik. Necə ki, həmin ərəfələrdə baş katib tez-tez qələm əhli ilə belə görüşlər keçirirdi. Amma Elxan Məmmədov bizimlə görüşmək istəmədi. Ya həvəsi olmadı, ya da cəsarəti. Ümid edirik ki, nə vaxtsa suallarımıza ondan cavab ala biləcəyik.

Amal ABUŞOV
 


Xəbər lenti