Sizə salam gətirmişəm – Antalyadan reportaj

Sizə salam gətirmişəm – Antalyadan reportaj
Bu yazını azı iki gün əvvəl sizə təqdim etməyi planlaşdırmışdım. Amma çatdıra bilmədim. Gərək üzrlü sayasız. Hər şey İstanbulun dahi Atatürkün adını daşıyan hava limanından başladı. İtaliyadan İstanbula gələn təyyarə sərnişinlərini düşürdükdən sonra bizi də götürüb Bakıya doğru istiqamətlənməli idi. Havanın dumanlı olması səbəbindən həmin təyyarə İstanbul səmasında bir saatdan çox dövrə vurmağa məcbur oldu. Nəticədə "hava gəmisi”nin yerə enişi, bizim isə Bakıya gəlişimiz xeyli gecikdi. Beləcə yolçuluğumuz uzandı, özüylə həm əsəb gərginliyi, həm də fiziki yorğunluq gətirdi.
 
O qədər yorulmuşdum ki, özümü Antalyadan yox, Qaradağdakı daş karxanasından gələnlər kimi hiss edirdim. Elə o səbəbdən də bazar gününü bütünlüklə həmin yorğunluğu canımdan çıxarmağa, Bakının havasına uyğunlaşmağa sərf etdim. Dünənki günüm isə daha çox şəxsi işlərimin və məişət qayğılarının həllinə həsr olundu. Zarafat deyildi, bir həftə ərzində həllini gözləyən xeyli problemli məsələ yığılıb qalmışdı. Siz indi bu sətirləri oxuyursunuzsa, deməli, Antalyada görüb-eşitdiklərimin təəssüratlarını sizinlə bölüşürəm...
 
Həmin şəhər, həmin "Miracle”
 
Antalyaya 3-cü gedişim idi. Bundan əvvəlki iki səfərim də PFL-in təşkilatçılığı ilə gerçəkləşmişdi. Özü də məskunlaşdığımız otel də həminki idi – "möcüzəli” "Miracle”. İlk iki təəssürat yazımda "Miracle” barəsində ətraflı bəhs etdiyimdən təkrarçılığa lüzum görmürəm. Amma bir vacib qeydim sizin üçün də maraqlı ola bilər. Məsələ ondadı ki, 2014 və 2015-ci ilin qışında "5 ulduzlu” otelin qonaqlarının mütləq əksəriyyəti Avropanın qərbindən, əsasən də Almaniyadan gələnlər idi. Drezden "Dinamo”sunun və ya "Aue”nin azarkeşləri sevimli komandalarına daha yaxın olmaq, eyni zamanda da istirahət etmək üçün "Miracle”da məskunlaşırdılar. Bu ənənəni ardıcıl iki il görmüşdük. Almanların sayəsində oteldə xeyli gur və rəngarəng ab-hava hökm sürür, şam yeməyindən sona keçirilən əyləncəli proqramlarda və diksotekada əsasən Avropa müsiqiləri səsləndirilirdi. Bu dəfə isə mənzərə fərqli idi. "Miracle” İrandan və Avropanın müxtəlif ölkələrindən gələn iranlılar tərəfindən "işğal” olunmuşdu. Elə bu səbəbdən də otel rəhbərliyi musiqi seçimini onların xeyrinə etmiş, əyləncə proqramlarının keçirildiyi geniş zal əsl uşaq bağçasına dönmüşdü. Çünki avropalılar əsasən azyaşlılar olmadan Antalyaya gəlirdilərsə, iranlılar hər biri özləri ilə 2-3 uşaq da gətirmişdilər. Buna görə də axşam pik saatlarda masalarda boş yer tapmaq müşkül məsələ idi. Yanlarında oturduqları uşaqların başını telefon və planşetlə qatan iranlı valideynlər kişili-qadınlı pivə içir, hərdən bir də özlərinə xoş gələn ritmlərin müşayəti ilə "sındıra-sındıra” oynayırdılar.
 

 
Bu kiçik nüansı nəzərə almasaq, son üç ildə nə otelin, nə də Antalyanın simasında ciddi hansısa dəyişiklik baş verməyib. Gözəlliyi də, mülayim havası da, bol çeşidli və bizə nisbətən qiymətləri ucuz olan alış-veriş mərkəzləri də yerində idi. Etiraf etmək lazımdı ki, Azərbaycanda yaşayan və öz halal zəhməti ilə dolanan insanların böyük qismi üçün Antalyaya yollanmaq, oranın "5 ulduzlu” otellərində dincəlmək heç də əlçatan deyil. Amma bu işıqlı dünyada ilboyu zəhmət çəkən, işləyən hər kəsin heç olmasa 2-3 ildə bir dəfə bu cür gözəllikləri görmək, ailəsi ilə birlikdə yaxşıca istirahət etmək haqqı var. Kaş ki, hamımıza qismət olsun!
 
Yorulmayan hakimlərimiz

 
Azərbaycanlı hakimlər heç şübhə yoxdu ki, qışın bu çağında Antalyanın ən çox çalışan, sözün əsl mənasında alın təri axıdan qonaqları idi. Əvvəlki illərin təcrübəsindən bilirəm ki, toplanışın sonuncu günü, yəni yola çıxmazdan bir gün öncə Xəqani Məmmədov hakimlərə istirahət verir, həmin günə heç bir oyun və ya məşq salınmazdı. Bununla da hakimlərə Antalyanın günəşinin dadını çıxarmaqla yanaşı, şəhər mərkəzinə yollanıb, alış-veriş etmək imkanı yaradılırdı. Bu dəfəki toplanışda isə sədr (Xəqani Məmmədovu hakimlər belə adlandırırlar) sonuncu günə həm məşğələ, həm də oyun salmışdı. Orxan Məmmədovun başlçılıq etdiyi briqada fevralın 2-də "Xəzər”in Vyana "Qarabağ”ı ilə oyununda ədaləti qorudu. Hakimlərin axşam məşğələsinə isə PFL prezidenti Ramin Musayevin də iştirakı ilə saat 22:30-da yekun vuruldu. Təsəvvür edin ki, gecəyarısına yaxın toplanışı bitirən hakimlər dərhal da otaqlarına gedib, yol hazırlığını görməli idilər. Axı, səhər saat 10:00-da onlar da bizimlə birlikdə Bakıya doğru uzun yola çıxacaqdılar.
 

 
Jurnalistlərlə söhbətində cənab Məmmədov oyun sayının çoxluğuna görə bu addımı atdıqlarını bildirdi. Zarafat deyil, toplanış ərzində hakimlərimiz Antalyada düz 72 oyunda söz sahibi olmuşdular. Yetərincə ciddi rəqəmdi. Sədr sözlərinə onu da əlavə etdi ki, Bakıya döndükdən sonra hakimlərin istirahət üçün bir həftə vaxtları olacaq, buna görə də yorğunluqdan narahat deyil. Sözün düzü, mən də sonuncu məşğələdən çıxan və ondan sonra bizimlə birlikdə təxminən 12 saat yol gələn hakimlərin çöhrəsində yorğunluq sezmədim. Yəqin ki, bu dəfə böyük əksəriyyəti gənclərdən formalaşan hakimlərin də Suvorovun məşhur sözündən məlumatı var imiş – "Təlimdə nə qədər çətin olsa, döyüşdə də o qədər asan olacaq”.
 
"Qaya”ya rast gələn milli və Antalyada tapdığım baş katib
 
Antalyaya səfərimiz həm də tarixə şahidlik etmək imkanı qazanmağımızla əlamətdar oldu. Söhbətin milli komandanın Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxmasından getdiyini anladınız. Həmin qarşılaşmadan bir gün əvvəl isə millinin açıq məşqini izləmək və Qurbanova suallarımızı ünvanlamaq imkanı qazandıq. Həm ilk oyun olduğundan, həm də Araz Abdullayevlə Dmitri Nazarov kimi əsas fiqurların düşərgəyə gələ bilməməsi səbəbindən oyunun bizim üçün asan keçməyəcəyi bəlli idi. Acı da olsa, həqiqət belədir. Berti Foqtsa Robert Prosineçkiylə qiymətli zaman və milyonlar itirmişik. Bunu bərpa etmək üçün xeyli vaxta, gərgin və faydalı işə, eləcə də səbr etməyə ehtiyacımız var. Nəticəsini görəcəyik. Amma yaxın 5-6 ayda, yaxud bir ildə yox. Qurban Qurbanova nə qədər çox inansaq, ondan çox şey gözləsək də, reallıq belədi ki, bizim Moldova kimi müdafiədə intizamlı oynayan rəqibləri məyus edəcək taran forvardımız yoxdu. Gözümüz bir Rauf Əliyevi görürdü, o da hazırda klubsuzdu. Moldova ilə oyun barəsində çox oxumusuz, həm də görüşü canlı izləmisiz. Bu səbəbdən də geniş qeydlərə ehtiyac duymuram. Özünüz də gördünüz ki, millimiz Moldovanın timsalında "sərt qaya”ya rast gəlmişdi və bu cür qayaları yarmaq üçün hələ çox çalışmaq lazımdı.
 

 
Qurban Qurbanov suallarımızı cavablandırdıqdan sonra qarşımıza AFFA-nın baş katibi Elxan Məmmədov çıxdı. Bəli, bu həmin Elxan bəydi ki, düz iki ildi "Sport7.az”ın suallarından yayınır, ətraflı müsahibə üçün ünvanladığımız xahişlərə rədd cavabı verir. Antalyada hər ikimiz "deplasman”da olduğumuzdan baş katibi uzun müddət sorğu-sual etmək istəmədim. Bununla belə ona dörd sual ünvanladım. İnsafən, ümumi sözlər və yayındırıcı ifadələr çoxluq təşkil etsə də, cənab Məmmədov suallarıma ətraflı və səbrlə cavab verməyə çalışdı. Həm də əmin oldu ki, mənimlə də sual-cavab aparmaq, normal polemikaya girmək mümkündü. Ümid edirəm ki, belə bir şansımız "doğma meydan”da da olacaq və oxucularımız həmin vaxt maraqlı müsahibə oxuya biləcəklər.
 
Yeni dalğa – "Xəzər” 

Fevralın 2-də Antalyanın mərkəzinə, "Akdeniz Universiteti”nin stadionuna doğru istiqamətlənmişdik. Həmin gün orda yeni yaranmış "Xəzər” bizə doğma olan "Qarabağ Vyana” ilə gücünü sınacayacaqdı. Mənzil başına çatmamışdan əvvəl düşünürdüm ki, oyun kiçik və tribunaları olmayan, məktəb meydançalarını xatırladan bir stadionda keçiriləcək. Amma az sonra bu fikirlər məni tərk etdi, sözün əsl mənasında çox təəccübləndim. "Akdeniz Universiteti”nin stadionuna bizim Premyer Liqa təmsilçiləri həsəd apara bilərlər. Təbii ot örtüyü əla vəziyyətdə olan stadionun tribunaları da bütün standartlara cavab verirdi. Universitetin stadionu "Bayıl Arena” kimi süni örtüklü, "Dalğa” kimi ucqarda deyil. Şəhərin tam mərkəzində, gediş-gəliş üçün əlverişli yerləşən və əla vəziyyətdə olan stadionun icarə haqqı da bizdəki qiymətlərdən xeyli ucuz idi. Bu yerdə əlavə şərhə vaxt ayırmadan "Xəzər” barəsində danışaq.
 

 
"Xəzər”i ilk dəfə iş başında görürdüm. Onu da qeyd edim ki, jurnalistləri stadiona aparan avtobusu da klub rəhbərliyi xüsusiylə bizim üçün ayırmışdı. Ayırmışdılar ki, qısa müddətdə topladıqları və elitada oynayacaq səviyyəyə çatdırmağa çalışdıqları "Xəzər”i canlı izləyək. Dəyərli həmkarlarımız Emin Abbasovla Gündüz Abbaszadə meydandan kənarda, istedadlı mütəxəssis olduğuna şübhə duymadığım Elşad Əhmədov isə texniki zonada sərf etdikləri əməklə əla komanda formalaşdırıblar. Düzdü, "Xəzər” "Qarabağ”a 0:1 uduzdu, amma divizion təmsilçisi texnikalı oyunu ilə alqışımızı qazandı. Həm də bir məqamı vurğulayım ki, "Xəzər”in rəqibi fiziki cəhətdən hazırlıqlı görünən, bəzən kobudluq qarışıq sərt oyundan çəkinməyən və əsl atletləri xatırladan fubolçulardan qurulmuş komanda idi. Bizimkilər həm boy-buxunlarına görə onlardan geri qalır, həm də ağır toplanışın sonuncu günündə olduqları üçün fiziki baxımdan yorğun görünürdülər. Əhmədovun qurduğu komandanın meydandakı düzülüşündə, topla rəftarında, qısa və dəqiq ötürmələrində məşqçi işi hiss olunur ki, bu da gələcəyə ümidlə baxmağa əsas verir. Həmin ümid də deyir ki, "Xəzər” gələn mövsüm Premyer Liqada oynamağı bacarsa, özüylə yeni dalğa gətirə bilər.

Yenə görüşəcəyik, Antalya...
 
Səfərimizin sona yaxınlaşdığını eşidən əslən Cənubi Azərbaycanda olan Həşimi uzun müddət duruxdu. "Qalatasaray” azarkeşi olduğu üçün mənimlə tez dostlaşan Həşimi ayrılarkən yenidən görüşəcəyimizə inandığını bildirdi və Azərbaycana salam aparmağı rica etdi. Sizə salam göndərənlər arasında Atatürk hava limanında həmsöhbət olduğum bişkekli zəvvarlar da var idi. Onlar Bakıya internetdən baxdıqlarını, Azərbaycana gəlməyi çox arzuladıqlarını bildirirdilər. Söz verdilər ki, yayda gözəl paytaxtımıza baş çəkəcəklər. Hələlik isə onların salamlarını Bakıda yaşayan bütün qardaşlara çatdırmağımı istədilər. Mən də bu yazını qələmə almaqla həm Həşiminin və qırğız qardaşlarımızın salamlarını sizə çatdırdım, həm də Antalyada görüb-eşitdiklərimlə sizi də tanış etməyə çalışdım. Antalyaya isə "hələlik” demişik, yenidən görüşəcəyik. Bu dəfəki səfərimizin təşkilinə görə isə AFFA və PFL rəhbərliyinə təşəkkür edirəm.
 
Amal ABUŞOV Bakı-Antalya-Bakı

Xəbər lenti