Skudettodan Auşvitsə... - Ailəsi ilə birlikdə ölüm düşərgəsində həlak olan üçqat İtaliya çempionunun hekayəsi

Skudettodan Auşvitsə... - Ailəsi ilə birlikdə ölüm düşərgəsində həlak olan üçqat İtaliya çempionunun hekayəsi

Məşqçi Arpad Veys "İnter”ə tarixinin ilk çempionluğunu qazandırıb, "Bolonya”ya iki çempionluq bəxş edib və Quardiola ilə Mourinyonun yararlanacağı dərsliyin müəllifi olub.

1938-ci ilin 14 iyulunda İtaliyada "İrqi manifest” sənəd olaraq nəşr olunur və bir çox mədəniyyət xadimləri və idmançılar tərəfindən imzalanır. Manifest anti-yəhudi təbliğatının tərkib hissəsi olmaqla, cəmiyyətdə "İtaliya irqini təmizləmək” çağırışları ilə qanunda radikal dəyişikliklərin edilməsini özündə ehtiva edirdi. Həmin ilin payızında faşist lider Mussolini yəhudilərin orduda xidmətini, dövlət orqanlarında işləməsini, italyanlarla ailə qurmasını, dövrü mətbuatda nəşrini, tədrisini, teatr və kinolarda işləməsini qadağan edən qanun imzalayır.  

Yəhudilər qarşısında qoyulan tələblərdən biri də 1919-cu ildən sonra İtaliyaya gələnlərin ölkəni tərk etməsi tələbinin vacibliyi idi. Bu qərara tuş gələn 5000 yəhudi sırasında A Seriyasının ən uğurlu məşqçilərindən biri - macar yəhudisi Arpad Veysin də adı var idi.
 


Arpad 1896-cı ildə Avstriya-Macarıstan imperiyasında, Şolt şəhərində anadan olub. XX əsrin ilk yarısında Dunay sahilində Vyana və Budapeşt dünya futbolunun əsas mərkəzi idi. Burada Cimmi Hoqan və Huqo Maysl işləyir, Bela Quttmann, Mattias Sindelar, Alfred Şeffer, İmre Şlosser kimi futbolçular çıxış edirdi. Macarıstan və Avstriya yığmaları 20-30-cu illərdə ən yaxşılardan idilər. 

Veys özünün professional futbolçu karyerasına Macarıstanın "Terekveşa” klubunda vinqer olaraq başlayır, 4 ildən sonra Brnodan yəhudi klubu "Makkabi”yə keçir. Həmin dövrdə o, Macarıstan yığmasında debüt edir və millinin heyətində 1924-cü il Olimpiadasına yollanır (həmin vaxt komandanın kapitanı Bela Quttmann olur). Lakin Veys turnirdə bir dəqiqə belə, meydanda olmur. Yoldaşlıq oyunları sayəsində "Makkabi" ilə bütün Avropanı gəzən Arpadın yolu bir dəfə İtaliyaya düşür və orada o, "Padova” klubunun skautlarının diqqətini cəlb edir. 28 yaşında Veys A Seriyasında debüt etmək şansı əldə edir. İki mövsüm sonra macar futbolçu ağır zədə səbəbindən "İnter”də karyerasını başa vurmalı olur.

Butsilərini mismardan asandan sonra Arpad "Alessandriya” klubunda baş məqşçinin köməkçisi kimi fəaliyyət göstərməyə başlayır, amma altı ay sonra özünün sabiq komandası, həmin dövrdə "Ambroziana-İnter” adlandırılan klubun baş məşqçisi təyin olunur. Macarın ilk təyinatı elə də uğurlu alınmır. Əsas rəqibləri ilə görüşlərdə məğlub olan komanda orta sıralarda qərarlaşır. Həmin dövrdə Veysin ən vacib qərarı gələcəyin ikiqat dünya çempionu - 17 yaşlı Cuzeppe Meatsaya debüt şansı vermək olur. "Milan”ın artıq çəki səbəbindən imtina etdiyi Meatsa çempionatdakı debütündən bir il sonra 40 (!) kq çəkiyə sahib idi. Veysi bu qərardan daşındırmağa çalışsalar da, Cuzeppe "İnter” forması ilə debüt etməklə bütün tənqidçilərin ağızlarını bağlayır.

Növbəti iki uğursuz mövsümdən sonra Arpad müvəqqəti olaraq komandadan ayrılır və təcrübə üçün Cənubi Amerikaya yollanır. Argentina və Uruqvay yığmaları Olimpiadada çox uğurlu oyun sərgilədiklərindən, baş məşqçi təcrübə toplamaq məqsədilə bir il burada yerli klubların oyunlarını izləyir və məşq proseslərində iştirak edir. Cənubi Amerika səfərindən sonra "İnter”ə qayıdan Veysin yeni ideyaları sayəsində komanda tam fərqli oyun sərgiləməyə başlayır.

Macar öz klubunu və Milanı çox sevirdi. Həmin dövrdə bu şəhər öz mədəniyyəti və inkişafı ilə İtaliyanın əsas mərkəzlərindən birinə çevrilmişdi. Şəhərin kafelərində futbolla bağlı müzakirələr əsas əyləncələrdən biri hesab olunurdu. Şübhəsiz ki, Vesyi taktiki biliyi, futbolçularla işi və innovativ yanaşması ilə yerli futbolsevərlərin diskusiyalarının mərkəzi fiquruna çevrilməkdə idi. 
  
Arpadın metodları əksər həmkarlarının işindən fərqlənirdi. O, ilk dəfə idman forması ilə məşqlərə çıxan, məşqlərdə futbolçularla bir yerdə meydanda olan mütəxəssislərdən biri idi. Veysin İtaliya futboluna ən vacib töhfələrindən biri dahi ingilis məşqçisi Herbert Çepmenin sxeminin yerli futbola adaptasiyası oldu. Arpad ingilis məşqçinin vurğunu idi və bu səbəbdən onun ideyalarını tətbiq etməyə çalışırdı. Bu ideyaların tətbiqi sonralar daha çox "kalço” anlayışı ilə yadda qalır. 
 


Veys taktiki prinsiplərini və oyun fəlsəfəsini 1930-cu ildə nəşr etdiyi dərsliyində qeyd edir. Bu dərslik müasir dövrümüzə qədər öz aktuallığını qoruyub saxlayır: Pep Quardiola və Joze Mourinyo da Arpadın bu əməyinin bəhrəsindən sonralar yararlanırlar. Kitabın önsözü İtalyaya ardıcıl iki dəfə dünya çempionluğunu gətirən dahi baş məşqçi Vittorio Potso tərəfindən yazılıb. Potso Veysə böyük hörmətlə yanaşırdı və onu özünün əsas ilhamvericisi və müəllimi adlandırırdı. Təbii ki, onda partiya hələ öz kursunu dəyişməmişdi və yəhudilərə qarşı hər hansısa bir təhlükə mövcud deyildi.

Veys kumiri Herbert Çepmen kimi taktiki novator olmaqla yanaşı, həm də şəxsən özü skaut fəaliyyəti ilə məşğul olurdu. O, Cuzeppe Meatsadan sonra Fulvio Bernardininin də istedadını üzə çıxarır, onu "Latsio”dan görüb bəyənir və "İnter”ə gətirir. Taktiki intellekti və gənc istedadların aşkara çıxarılması bacarığı tezliklə Arpada ilk uğurunu qazandırır. O, 34 yaşında ikən "İnter” tarixində ilk İtaliya çempionluğunu qazanır. Veys indiyə qədər İtaliyada ən gənc A Seriyası çempionu olan məşqçi kimi rekordu özündə qoruyub saxlamağı bacarır. Həmin il "milanlılar" "Mitropi” kubokunda (Çempionlar Kubokunun sələfi) finala kimi irəliləməyi bacarır, amma finalda "Sparta”ya məğlub olurlar. 1930/31 mövsümündə "İnter” çempionatda beşinci yeri tutur, klubun sahibi dəyişir və Arpad istefaya göndərilir. Bir il "Bari”ni İtaliyanın əsas liqasında saxladıqdan sonra "İnter” rəhbərliyi macarı yenidən komandanın sükanı arxasına gətirir. "İnter”ə üçüncü təyinatından sonra Veys komandanı "Mitropi” kubokunda finala kimi aparır, çempionatda isə ikinci yeri tuturlar. Daha sonra "Novara”da qısa müddət keçirdikdən sonra o, "Bolonya”ya yollanır.

Həmin dövrdə kosmopolit Milandan yorulan Veys daha sakit şəhər axtarırdı. O, fikirləşirdi ki, İtaliyanın şimalında onun yoldaşı Yelena, iki körpəsi - Roberto və Klara üçün daha təhlükəsiz olacaq və bu səbəbdən "Bolonya”nın təklifini düşünmədən qəbul etmişdi. Futbol nöqteyi-nəzərindən də bu qərar uğurlu idi. "Bolonya” 20-ci illərdə İtaliya çempionluğunu, 30-cu illərdə isə iki dəfə "Mitropi” kubokuna sahib olmuşdu. "Bolonya”ya ambisiyalı Renato Dallara sahib olmuşdu və o, ilk addımında yeni baş məşqçiyə yeni futbolçulara sahib olmaq üçün kart-blanş təqdim etmişdi. Hərçənd ilk vaxtlarda Veys bundan imtina etmək qərarına gəlir. Arpad və Renatonun əsas məqsədi həmin dövrdə ardıcıl 5 dəfə "Skudetto”ya sahib olan "Yuventus”un hegemonluğuna son qoymaq idi.   

Güclü motivasiyası olan Veys Dallara və İtaliyanın güclü klublarının ehtiyac duymadığı futbolçulardan ibarət yaxşı heyət formalaşdırır. Beş komandanın sona kimi çempionluq mübarizəsi apardığı çempionatda titulun taleyinə son turda aydınlıq gəlir. Arpad 40 yaşında ikinci dəfə İtaliya çempionu olur. Bu, İtaliya futbolunun və "Bolonya”nın ən yaxşı futbolçularından biri, dünya çempionu Ancelo Skyavio üçün son mövsüm idi. O, bu mövsümdə İtaliyanın bombardiri Cuzeppe Meatsadan (25) geri qalsa da, 10 qol vurmağı bacarır.

Bir il sonra Arpad uğurunu yenidən təkrarlayır. Bu dəfə "boloniyalılar"ın hücumdakı qəhrəmanı Karlo Requtsioni olur. O, 12 qol ilə yadda qalır. Düzdü, bu rəqəm İtaliyanın bombardiri, "Latsio”lu Silvio Piolinin qol sayından (21) kifayət qədər az  olsa da, çempionluq yolunda həlledici idi. Arpad Veysin komandası vurulan qollar baxımından qeyri-məhsuldar olmasına baxmayaraq (mövsümdə beşinci göstərici), müdafiə ilə hücum arasında ideal balans tapmaqla qələbəyə az ümid bəslənən oyunlarda qələbə qazanmağı bacarırdı.
 


1937-ci ildə "Bolonya” Parisdə təşkil olunan beynəlxalq sərgi çərçivəsində keçirilən futbol turnirində iştirak üçün dəvət alır. Burada həmin dövr üçün nadir hallardan biri hesab olunan ingilis klubu da iştirak edirdi. Həmin illərdə Britaniyanın futbol məmurları bu idman növünün yaradıcıları kimi özlərini hamdan güclü hesab edib, beynəlxalq turnirlərdə iştirakdan imtina etmişdilər. Bu qərara görə 1950-ci ilə qədər İngiltərə dünya çempionatlarında iştirak etməmiş, ingilis klubları "Çempionlar kuboku”nun ilk ilində kənarda qalmışdılar. "Çelsi”nin bu turnirdə iştirakı onu daha da nəzərəçarpan hala gətirmişdi. Lakin Veysin "Bolonya”sı buna fikir vermədən "Çelsi”ni 4:1 hesabı ilə məğlub edir. Bütün Avropa mətbuatında "Bütün dünyanı əsdirəcək komanda” başlıqları atılır. Qarşıdakı üç ildə Arpadın dəsti-xətti ilə formalaşan komanda daha iki dəfə İtaliya çempionu olur, lakin bu dəfə onsuz... Çünki futbol da faşist rejimin irqi ayrıseçkiliyi qarşısında diz çökmüşdü.

"Bolonya” faşistlərin üstün olduğu İtaliya şəhərlərindən biri hesab olunurdu. Arpad Veys irqçiliklə bağlı qanunlar qəbul olunmamışdan əvvəl komandanın sükanı arxasını tərk edib, ailsəi ilə birlikdə İtaliyadan gedir. O, "ev"i adlandırdığı Parisdə məskunlaşmışdı. Veys 3 ay ərzində yəhudi birini baş məşqçi təyin edəcək klub axtarır. Nəhayət, 1939-cu ilin yazında, çempionatda qalmaq uğrunda mübarizə aparan, Hollandiyanın "Dodrext” klubundan təklif alır. Kiçik klubdan söhbət gedir. Avropanın ən yaxşı klubundan Hollandiyanın hansısa əyalət klubuna aparan yol istənilən insanın depressiyaya düşməsinə səbəb ola bilərdi. Ancaq Veys ailəni bütün ambisiyalardan üstün tutan praqmatik insan idi. O, imkanları daxilində əlində olan futbolçularla ən yaxşı nəticəyə nail olur. Arpad komandanın çempionatda qalmasına nail olur, növbəti mövsümdə isə "Dodrext” turnir cədvəlində beşinci yerə qədər qalxa bilir. Yeri gəlmişkən, bu, komandanın indiyə kimi ən yaxşı göstəricisidir.

12 il bundan əvvəl jurnalist Matteo Marani Arpad Veys haqqında kitab yazanda həmin "Dodrext”in heyətindən sağ qalmış futbolçulardan biri ilə görüşməyə nail olur. O, cəmi 16 ay komanda ilə çalışır, amma oradakı futbolçuların xatirələrində karyeraları boyu çalışdıqları ən yaxşı mütəxəssis kimi qalmağı bacarır. Həmin oyunçu qeyd etmişdi: "Biz onu "Ser” deyə çağırardıq. Onun bütün dərsləri bizim üçün inanılmaz təcrübə idi”.

Almanlar Hollandiyanı ələ keçirəndən sonra yəhudiləri işlə təmin etmək qadağan olunur. Veys Dodrextdən getmək istəsə də, zabitlər və məmurları ələ almaq üçün pul tələb olunurdu, amma onun maddi vəziyyəti heç də ürəkaçan deyildi. 1942-ci ilin avqustunda gestapo bütün ailə üzvlərini həbs edir. Onları Vestrebrukdakı əmək düşərgələrinə aparırlar. Bir neçə aydan sonra isə o, bütün Avropanı ağuşuna alan naməlum yük qatarları ilə Osvintsem şəhərindəki Auşvitsə göndərilir. Ölüm düşərgəsinə çatan kimi ailə üzvləri bir-birindən ayrı düşür. Dahi məşqçinin yoldaşı Yelena, 12 yaşlı oğlu Roberto və 8 yaşlı qızı Klara Birkenaudakı qaz kameralarında qətlə yetirilirlər. Arpadın özü isə Osvintsemdəki əmək düşərgəsinə göndərilir. Görmə qabiliyyətini itirən, distrofiyadan əziyyət çəkən və kədərlənmək hissini itirən Veys 15 ay bu düşərgədə çalışmalı olur. 
 


Üçqat İtaliya çempionunu 31 yanvar 1944-cü ildə barakların birində ölü vəziyyətdə tapılır. Bir ildən sonra marşal Konevin başçılığı altında sovet ordusu Osvintsemdə sağ qalanları xilas edir. Bütövlükdə beş il ərzində bu ölüm düşərgəsində 1,1 milyon insan həyatını itirmişdi. Onlardan 430 mini macar yəhudisi olub.

2014-cü ildə Baridə küçələrdən biri Arpad Veysin şərəfinə adlandırılıb. Gənclər üçün hər il keçirilən yerli turnir də macar məşqçinin adını daşıyır. Bir il əvvəl İtaliya kubokunda "İnter” və "Bolonya” arasındakı qarşılaşmaya futbolçular Veysin şəkli və "Rasizmə yox” yazısı olan formalarda çıxmışdılar. "İnter" və "Bolonya"nın prezidentləri Arpadın sözügedən klubların tarixində silinməz iz qoyduğunu bildirmişdilər.
 


"Bolonya”nın prezidenti Albano Quaraldi: "O, məcburiyyət qarşısında qalıb, İtaliyanı tərk etməyəcəyi təqdirdə belə, bizim baş məşqçimiz olaraq qalacaqdı. Biz bunu unutmayacağıq. Bu cür qeyri-adi bir insan 70 il bundan əvvəl vəhşicəsinə öldürülüb... İndinin özündə belə, buna inanmaq çətindi”.      

"San Siro”da dahi məşqçinin xatirəsinə xüsusi olaraq lövhə açılıb.
  
Öz futbol dərsliyində Arpad Veys yazırdı: "Məşqçi avtoriteti onun iş metodları və futbolçularla münasibəti sayəsində yaranır. Çalışdırıcılar bütün bunlara öz əməlləri hesabına nail olmalıdırlar. Futbolçuya müsbət təsir etmək gücünə malik olmayan biri "yaxşı məşqçi" adlandırıla bilməz”.

Tərcümə: Fuad Şərifov


OXŞAR XƏBƏRLƏR