Slavik Qurbanovdan dəvət gözləyir: "Heç vaxt onu fikirləşməmişəm"

Slavik Qurbanovdan dəvət gözləyir:
"Keşlə"nin aparıcı müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunda yenidən diqqət mərkəzinə düşdü. Komandasının bərabərlik qoluna imza atan müdafiəçi ilk dövrədəki oyunda da "Qarabağ"ı məyus etmişdi. Onunla müsahibənin oxucularımız üçün maraqlı olacağını düşünüb, Alxasovla söhbətləşdik.
 
Sport7.az-a müsahibəsində futbolçu həm "Qarabağ"a 1:5 hesablı məğlubiyyətdən, həm bombardir olmaq istəyindən, həm də arzularından danışıb. 
 
- Əvvəlcə 5:1 hesalı nəticə ilə bağlı fikrini soruşmaq istərdik. Hesab niyə belə alındı? Komanda oyuna tam hazırlaşmamışdı?

- Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissə 1:1 oldu, yaxşı mübarizə apardıq. İkinci hissədə gözlənilmədən 10 dəqiqə içində 3 qol gördük. Nəsə demək çətindi.

- Əsas səhvləriniz nədə oldu?

- Bunu bizə oyunun təhlili zamanı məşqçi deyəcək. İkinci hissədə komanda şəklində çox səhvlər buraxdıq. Rəqib də bunlardan istifadə etdi. 

- Komandanın müdafiə xətti "Qarabağ"ın hücumlarının qarşısını almaqda çətinlik çəkdi. Düşünmək olar ki, "Keşlə"nin müdafiə xəttində xeyli problemlər var? Komanda mövsüm başlayandan, artıq 22 qol buraxıb...

- İndi deyə bilmərəm hansı mövqelərdə boşluq var və harda çətinlik çəkirik. Turnir cədvəlinə baxanda işimiz bir qədər çətindi. Amma hər şeyin düzələcəyinə inanıram. 

- Məhz sənin bərabərlik qolundan sonra qapıdan 4 qol buraxmağınız necə təsir etdi?

- İçi mən qarışıq hamıya pis təsir etdi. Fərqi yoxdu, mən qol vurdum, ya da başqası. İkinci hissə belə olacağını gözləməzdim.

- "Qarabağ"a ötən oyunda da qol vurmuşdun. Bu komandaya qarşı meydana xüsusi motivasiya ilə çıxırsan, yoxsa təsadüfdü?

- Bütün oyunlara eyni motivasiya ilə çıxıram. Sadəcə, "Qarabağ"la oyunlarda qol vəziyyəti yaranır və vururam. Qismətim belədi (gülür).

- Futbol tarixində bombardir müdafiəçilər çox olub. Sənin timsalında belə bir hal yarana bilərmi? Vurduğun qollar səndə bombardir olmaq fikri yaratmayıb ki? Ən azı "Keşlə"nin bombardiri olmaq.

- İnanmıram belə olsun. Heç vaxt onu fikirləşməmişəm. Bombardir, hücumçular, hücumameyilli oyunçular olur. Hər oyun qol vururlar. "Keşlə"nin bombardiri də ola bilmərəm, çünki burda 30-40 qol vuran hücumçular oynayıb.

- Müdafiəçi olsan da, tez-tez hücuma qoşulursan. Təsadüfən kumirin Roberto Karlos deyil ki?

- Bizdə taktika başqadı, cinahdakı futbolçular hücumameyilli oynayır. Ona görə də qol imkanlarımız olur. Kumirlər çoxdu, məsələn Xordi Alba xoşuma gəlir (gülür).

- Tərlan Əhmədov komandada hansı taktiki dəyişikliklər edib? Əvvəlki məşqçinin oynatdığı taktikadan əsər-əlamət qalıb? Ümumiyyətlə, baş məşqçi "Keşlə"də nələri dəyişib?

- Hər məşqçinin öz oyun sistemi var. Futbolçuların işi də məşqçilərin dediklərini yerinə yetirməkdi. Tərlan müəllim hücum futbolunu xoşlayır. Özü vaxtilə müdafiəçi olsa da, müdafiə futbolunu xoşlamır və hücuma üstünlük verir. 

- Milli ilə bağlı nə düşünürsən? Dəvət gözləyirsən Qurban Qurbanovdan?

- İnşallah, çağırar yenə də şans verər. 

- Qurban bəy millidə oynamağa hazır olan futbolçuları dəvət edir. Yəni, əvvəlki məşqçilərdən fərqli, özünü yaxşı göstərənlər mütləq şans qazanır. Millidə oynamaq üçün özünü tam hazır hesab edirsən?

- Millidə oynayan uşaqlar da öz komandalarının aparıcı futbolçularıdı. İnşallah, mənə də şans verər.

- Xorvatiya, Uels, Macarıstan, Slovakiya və biz... Nə düşünürsən?

- Heç nə, ancaq irəli. Milliyə uğurlar arzulayıram. İnanırıq ki, yaxşı nəticələr olacaq.

Sport7.az

Xəbər lenti