"Slovakiyaya vurduğumuz qolu guya arxamla vurmuşam" - Vadim Vasilyev

Millimizin veteran futbolçusu Vadim Vasilyev Oxu.az saytına 2001-ci ildə Slovakiyaya qarşı keçiridikləri oyun barədə danışıb.
 
Sport7.az həmin müsahibəni təqdim edir:

–  2001-ci ildə Slovakiyaya qalib gəldiyimiz oyun haqda qısaca danışardınız...
– Həmin oyun haqda o qədər danışmışam. Hamı deyir ki, vurduğumuz birinci qolu arxamla vurmuşam. Amma topu sürüşərək ayağımın altı ilə qapıdan keçirmişəm. Düzdür, boynuma alıram ki, "podkat” etmək istəyirdim. Amma əvəzində topa "podkat” etdim (gülür). Əsas odur ki, top qapıdan keçdi, qol qeydə alındı və hesabda önə keçdik.

– Siz həm də o matçda məhsuldar ötürməyə imza atmısınız...
– Bayaq idman saytlarından biri yazmışdı ki, Zaur Tağızadənin ötürməsi ilə qol vurmuşam. Amma qeyd olunmur ki, Zaurun vurduğu ikinci qolun ötürməsini də mən vermişəm. Yeri gəlmişkən, biz həmin oyunda daha iki qol vura bilərdik. Əks-hücum zamanı Rüfət Quliyev və Qurban Qurbanov da qapıçı ilə təkbətək çıxmışdı, amma qol vura bilmədilər.

– Necə düşünürsünüz, həmin heyəti indi xatırlayan var?
– İnanırsınız ki, çoxundan soruşsan, xatırlamaz. Soruşsan ki o vaxt kim heyətdə olub, tam deyən olmaz. Deyən iki-üç futbolçunun adını çəkər. O da daha çox qol vuranların.

– Yeri gəlmişkən, yığmadakı digər qolunuzu da məhz Slovakiyaya vurmusunuz. Sanki Slovakiya sizin üçün uğurlu komandadadır...
– Elədir. 2:0 qalib gəldiyimiz oyundan əvvəl 2001-ci ilin martında Slovakiyada ilk oyunumuza çıxdıq. Hesabı onlar açmışdı. Daha sonra mən topla bir neçə nəfəri keçib cərimə meydançasına daxil oldum. Həmin vaxt məni yıxdılar, Slovakiyanın qapısına penalti təyin olundu. Penaltini də mən vurdum. Təəssüf ki, sonra iki top buraxıb 1:3 hesabı ilə uduzduq.

Həmin matçdan sonra mənə Almaniyanın "Enerqi” (Kotbus) klubundan təklif gəlmişdi. Almaniyaya baxışa getmişdim. Orda bəyənilmişdim. Müqavilə bağlamağıma üç gün qalmışdı. Amma ayaq əzələ bağlarım sıradan çıxdığından və diz nahiyəmdən zədə aldığımdan, müqavilə bağlaya bilmədim.
 
Qeyd edək ki, ötən gün Azərbaycan millisi Avro-202o-nin seçmə mərhələsində Slovakiyaya 0:2 hesabı ilə məğlub olub. 
 



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR