Sport7.az-dan

Sport7.az-dan "Formula 1" həvəskarlarına müjdə

Bildiyiniz kimi, bu yay Bakıda böyük idman bayramı keçiriləcək. Avtomobil idmanı həvəskarları səbrsizliklə doğma şəhərimizdə keçiriləcək "Formula 1" yarışlarının startını gözləyirlər. 

Biz də Sport7.az olaraq bu böyük idman bayramından kənarda qala bilməzdik. Artıq saytımızda bu yarışla bağlı mütəmadı olaraq xəbərlər, maraqlı məlumatlar yer alacaq. Sürət həvəskarları Zamiq Salahovun qələmindən çıxacaq yazılardan faydalana biləcəklər.  
          

Gələn il ölkəmiz "Formula 1" yarışlarına ev sahibliyi edəcək. Startı iyunun 19-a planlaşdırılan yarış Bakı küçələrində baş tutacaq.

Trasın konfiqurasiyasını müəllifi məşhur arxitektor  Herman Tilkedir. Saat əqrəbinin əksi isqitamətində pilotların 51 dövrə mübarizə aparacağı  trasın ümumi uzunluğu 6.006 km-dir. Trasboyu 8 sağa, 12 sola olmaqla 20 döngə var. Xatırladaq ki, bu tras təqvimdə ən uzun 2-cidir."Avropa Qran Prisi" adı altında baş tutacaq yarışda, "Bakı Şəhər Halqası"  sürətli şəhər trası olacaq.

Yarışın startı "Azadlıq" meydanından veriləcək. Pilotlar Bakının tarixi məkanlarından, dəniz sahilindən keçəcək. Yarışın Neftçilər prospektindəki 2.2 km-lik hissəsində  bolidlər 340km/saat sürət yığacaq ki, bununla da ən sürətli şəhər trası ünvanına sahib olacaq. Yarışda orta sürət isə 210km/saat nəzərdə tutulub.

Bundan başqa, "Pirelli"nin gələn ildən tətbiq edəcəyi yeni "Ultrasoft" təkərlərini istifadəyə verəcəyi şəhər traslarından biri də Bakıdakı olacaq.

Trasın bəzi hissəsi qədim daş küçələrindən keçdiyindən həmin küçələrə yarış standartlarına cavab verəcək şəkildə asfalt örtüyü çəkilməlidir.

Artıq bəzi küçələrdə təmir işlərinə başlanılıb. 

Yarışın təşkilati işləri ilə məşğul olan "Bakı Şəhər Halqası" şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai  bu yaxınıarda "F-1.az" saytı üçün müsahibə verib. Həmin müsahibənin maraqlı məqamlarını diqqət yetirək: 

- Bakıda keçirilən yarış "Avropa Qran Prisi" adlanacaq. Nə zamansa bu yarışın adının dəyişdirilməsi nəzərdə tutulubmu?

- Əvvəlcə qeyd edim ki, müqavilə 10 il müddətinə bağlanıb. Bildiyiniz kimi, "Formula1 Qran Pri" yarışı miqyasına görə beynəlxalq çempionatdır və mütəmadi olaraq hər il təxminən 20 ölkədə, 5 qitədə təşkil olunur. Tədbirə ev sahibliyi edən ölkələr hər biri özlüyündə nadir cəhətləri və müxtəlif kriteriyalar üzrə bir-birindən seçilir. Bu kriteriyalara ölkənin yerləşdiyi coğrafi məkan, yarış trekinin şəhəriçi və ya şəhərdən kənarda olması, gündüz və ya axşam saatında keçirilməsi və s. daxildir. Buradan çıxış edərək demək olar ki, iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan yarışa "Avropa Qran Prisi" adı verilməsi sırf ölkəmizin coğrafi təsnifatı ilə bağlı bir məqamdır. Avropa Qran Prisi titulu Valensiyadan sonra boş idi və bu titulu bizə təklif edəndə onun məmnuniyyətlə qəbul etdik. Belə ki, son illər ölkəmiz Avropaya inteqrasiya yolunda bir çox təbdirə imza atıb. Düşünürük ki, Qran Prinin Avropa qitəsi ilə əlaqələndirilməsi Bakı şəhərinin Avropadan gələn "Formula1" azarkeşləri üçün turizm istiqaməti kimi tanınmasına kömək edəcək. Unutmaq lazım deyil ki, "Qran Pri" paytaxtda, "Bakı Şəhər Halqası" trekində keçiriləcək və müvafiq kontekstlərdə bu trekin adına da istinad olunacaq. Biz nə vaxtsa bu adı dəyişməyi düşünürük.

- Təmsil etdiyiniz şirkətin başçısı Arif Rəhimov müsahibələrin birində tribunların 19 min 500 tamaşaçıya nəzərdə tutulduğunu demişdi. Bu rəqəm kifayət edəcəkmi?

- Bəli, ilkin plana görə, Bakı Şəhər Halqası boyu bu il 19 500 oturaq tamaşaçı yerləri nəzərdə tutulub. Bundan əlavə yarışı izləmək üçün ayaqüstü tribunalar qurulacaq ki, ümumilikdə məkanın canlı izləyici tutumu 40 000 ətrafında olacaq. Düşünürük ki, təhlükəsizlik və rahatlılıq meyarlarını nəzərə alaraq bu rəqəmin artırılması düzgün olmazdı.  A.Rəhimov bir-neçə gün əvvəl çıxışında bildirib ki, 28000 bilet satılacaq, 7000 otel otağı olduğundan xarici azarkeşlər üçün cəmi 10000 bilet nəzərdə tutulub.

Xatırladaq ki, gələn il iyun ayının 18-19-u dünyada daha məhşur bir avtoidman yarışı olan "Le-Man 24 saat yarışı" baş tutacaq.Yarışın finişi Bakıda tədbirlə üst-üstə düşəcəyindən, "Qran Pri"nin saatı irəli çəkiləcək.

Bildiyimiz kimi, "Mercedes" komandası 2014-2015-ci ildə digər komandalara heç bir şans vermədi. İki mövsüm ərzində həm pilotlar, həm də konstruktorlar çempionluğun üstün şəkildə əldə etdi. Ümid edək ki, gələn il liderlik üçün mübarizə aparan komandalar "Mercedes"lə güclü rəqabət aparar və ölkəmizdə baş tutacaq yarışda azarkeşlərə xoş təəssüratlar yaşadar.
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR