Stoilovla Qurbanovun oxşar problemi

Stoilovla Qurbanovun oxşar problemi
Azərbaycan premyer-liqasının yaxşı vaxtları idi. Hər tur gərgin oyunlar izləyər, stadionlara gedəndə ayağımızı sürüməzdik. Belə günlərin birində Kaxaber Tsxadadzenin çalışdırdığı "İnter” ardıcıl üçüncü qolsuz heç-heçə ilə razılaşmışdı. Tsxadadze özündən razı halda mətbuat konfransına gəldi, jurnalistlərin qarşısında təkəbbürlə danışmağa başladı. Mən də eləmədim tənbəllik, sual verdim ki, artıq üç oyundu komandanız qol vurmur, bundan narahat deyilsizmi? Hazırcavab gürcü özün itirmədi və sualıma sualla cavab verdi: "Bəs 3 oyundu bizə qol vururlarmı?”. Həmin mətbuat konfransında dava düşmüşdü, Tsxadadze mən də daxil olmaqla mətbuat nümayəndələri ilə söz savaşına çıxmışdı.

İndi Tsxadadzenin məntiqi ilə yanaşsaq, Millətlər Liqasının startı bizim üçün heç də pis sayılmamalıdı. Biz rəqiblərimizi uda bilməmişiksə, onlar da bizi məğlub edə bilməyiblər. Qurban Qurbanovun dedikləri də doğrudu, vəziyyət faciəvi deyil, qrupdan çıxmaq şansımız qalır. Riyazi baxımdan mümkündü. Bundan sonra keçirəcəyimiz oyunların hamısında qalib gəlirik, vəssalam. Taleyimiz öz əlimizdədi, Türkiyənin bir neçə dəfə sınaqdan çıxardığı kimi deyil. Sizin də xatirinizdədi, qardaş türklər 2016-cı ildə keçirilən Avropa çempionatının finalına yollanmaq üçün son turda özləri doğma meydanda İslandiyaya qalib gəlməli, paralel keçən qarşılaşmada isə Qazaxıstanın səfərdə Latviyanı məğlub etməsini gözləməliydilər. Xoşbəxt sonluq elə bu cür də oldu. Ondan sonra da Fatih Terimin "Biz bitdi demədən bitməz” sözləri dillər əzbərinə çevrildi.

Belə baxanda biz türklərdən daha şükürlü durumdayıq. Amma bununla nə dəyişəcək? İlk gündən demişəm, bir daha təkrarlayıram. Bizim üçün böyük turnirlərin final mərhələsinə can atmaq utopiya, şirin xəyaldı. Bir qədər də avantüra. Hansı günümüzə, nə potensialla, kiminlə bu cür iddialara düşürük? Futbolumuz daha böyük problemlərin məngənəsində boğulur, ildən ilə zəifləyir, Bakıya doğru təmərküzləşib, qəsəbələrdə, məhəllələrdə boğulmaq üzrədi. Azarkeşlər tribunalardan qaçaq düşüb, millinin məşqçiləri heyəti düzəltmək üçün futbolçu tapmırlar. Özü də bu tendensiya təkcə əsas millidə deyil, aşağı yaş qruplarına boylananda orda vəziyyətin daha qəliz olduğunu görürük. Bizim haramıza yaraşır dünya və ya Avropa çempionatının final mərhələsinə getmək?!

Futbolu inkişaf etdirmək üçün təkcə bər-bəzəkli bina, ütülü sözlər danışıb, bəzəkli qalstuklar vuran rəhbərlər kifayət deyil. Yaşıl meydanda topun dalıyca 90 dəqiqə qaçan, rəqibin hücumunu qarşılayıb, onun qapısına qol vura biləcək ifaçıların olmalıdı. Onları da Almaniyada, Dağıstanda, Ukraynada axtarmamalısan. Özün yetişdirməlisən. Yetişdirməlisən ki, həmin futbolçular da millinin formasını geyinməkdən, onun himnini səsləndirib, bayrağını yüksəltməkdən zövq alsınlar, qürur hissi keçirsinlər. 9 milyonluq ölkəni təmsil etdiyinin fərqində olub, məsuliyyətlərini dərk etsinlər. Daha hər iki oyundan bir azarkeşlərin bostanına daş atıb, uğursuzluğa min cür don geyindirməklə öz işlərini bitmiş saymasınlar. Millinin üzvləri arxayın olmasınlar ki, onlardan başqa bu ölkədə futbol oynamağı bacaran yoxdu, məşqçilərin seçim imkanları məhduddu.

Son bir ayda aut atışından sonra qolun vurulduğu üç epizoda şahid olmuşam. Birincisini Almatıda "Kayrat”la "Siqma”nın oyununda gördüm. İkinci epizod "Qarabağ” – "Neftçi” görüşündə yaşandı və orda da qonaq komanda autla başlayan həmlədən sonra hesabı açdı. Maltalılar da penaltini məhz autdan sonra gerçəkləşdirdikləri hücumla qazandılar. Elə bu cür xırda, amma oyunun taleyini həll edən epizodlara görə deyirlər ki, müasir futbolda güclü-zəif alayışı qalmayıb. Hamı özünə görə güclüdü. Futbola bir elm kimi yanaşanlar, öz gücünü qiymətləndirib, daha düzgün və az səhvlə oynamağı bacaranlar istənilən rəqibə başağrısı olurlar. Aut adi bir oyun epizodudu. Yan xətdən top atılarkən oyundan kənar vəziyyətin qeydə alınmaması hücum edən komandaya böyük imkanlar açır. Çünki belədə rəqibin cərimə meydançasını "işğal” etmək, müdafiəçilərin diqqətindən yayınaraq qəfil zərbə vurmaq üçün fürsət qazanırsan. Rəşad Sadıqovun yoxluğunda başsız atlı təsiri bağışlayan müdafiəçilərimiz isə belə vəziyyətlərə hazırlıqlı deyil, cərimə meydançası həndəvərində adam paylaşmağa çətinlik çəkir. Bunun işartılarını hələ Kosovo ilə oyunda görmüşdük. Maltada isə bilavasitə bizi cəzalandırdılar.

Qurban Qurbanovun bir ayın, yaxud da bir ilin içində bütün bu problemləri həll etməsi, milli komandaya yeni oyun fəlsəfəsi aşılaması mümkün deyil. Bu oyunçu nəsli ilə bizim işimiz elə Maltayla, Farerlə baş girləmək olacaq. Hazırda eyni problemləri Qazaxıstan millisində Stanimir Stoilov da yaşayır. "Astana”da qazandığı uğurlardan sonra onu da böyük ümidlərlə milliyə dəvət etdilər. Amma klubla millinin fərqindən bolqar mütəxəssis də əziyyət çəkir. Səviyyəli oyunçu qıtlığı, seçimin məhdudluğu onu da azarkeşlərin qarşısında çıxılmaz vəziyyətə salıb. Qazax futbolunun "qaymaqları” "Astana” və "Kayrat”da qazandıqlarının səfasını çəkir, legionerlərin kölgəsində gün keçirir, daha səviyyəli çempionata yollanmağı heç ağıllarına da gətirmirlər. Nəticədə onlar Andorranın, biz də Maltanın qarşısında aciz qalmışıq. Çıxış yolu köklü islahatlarda, sistem dəyişikliyindədi. Yoxsa günümüz elə "cırtanlar”ın arasında keçəcək. Özümüz və iddialarımız böyük olsa da…
 
Mənbə: "Futbol+", Amal Abuşov
 

Xəbər lenti