Qolsuz əfsanə, təcrübəsiz Löv,

Qolsuz əfsanə, təcrübəsiz Löv, "Səddam" və titullar - Dünəndən bu günə "Ştutqart"

950-ci ildə şvabiyalı Ludolf tərəfindən əsası qoyulan Ştutqart Baden-Vürtemberq torpağının administrativ mərkəzidir. Almaniyanın ən önəmli sənaye mərkəzlərindən biri olan şəhərin əhali sayı təqribən 630 mindir. "Mersedes Bents" zavodlarının tikintisindən sonra şəhər "avtomobil sənayesinin beşiyi" adı ilə məşhurlaşdı. Bu arada, şəhər adının mənşəcə mənası "Stutengarten" sözündən gəlir və tərcümədə "at bağçası" deməkdir.

Ştutqartın düz mərkəzindəki qonşu binalarda Baden-Vürtemberq federal ərazisinə aid muzeyin 3 filialı yerləşir: "Köhnə qala" (zəngin arxeoloji ekspozisiya, orta əsrlərə aid dəb-dəbə, dekorativ tətbiqi sənət, simgə boyamaq və heykəltəraşlıq predmetləri), "Fruxtkasten" (müxtəlif musiqi alətləri, audiotexnikalar) və "Yeni Qala" (Roma lapidariumu).

Linden adına muzey Avropanın əhəmiyyətli etnoqrafik muzeylərindən biridir.

2006-cı ildə Ştutqart şəhərində yeni "Mersedes Bents" ofisi tikilib. 2009-cu ildə isə yeni "Porşe" ofisi istifadəyə verilib.

Ştutqart pivə festivallarının keçirilməsi ənənələri baxımından Münhendən geri qalmır. Hər il aprel ayının sonu və mayın əvvəlində şəhər ətrafı Bad-Kanştadt ərazisində Fryulinqsfest (Bahar bayramı) festivalı keçirilir. Bunun davamı olaraq isə şəhər payızda Cannstatter Volksfest festivalına ev sahibliyi edir.
 



"Ştutqart" futbol klubu


Stadion: "Mersedes Bents Arena". Ştutqartda yerləşən və eyni adlı klubun ev oyunlarını keçirdiyi arena 60 500 azarkeş tutumludur.

Ləqəblər: "Şvabiyalılar", "avtozavodçular"

Klubun əsasının qoyulduğu tarix 1893-cü ildir ki, məhz bu ildə şəhərin tələbələrdən ibarət ilk reqbi komandası yaranır və 1912-ci ildə də futbol komandasının fəaliyyətinə start verilir.

Fəaliyyətinin ilk dönəmlərində "Ştutqart"ın müntəzəm olaraq qərarlaşdığı yerlər orta pillələr olur. Klub ilk uğurlarını 50-ci illərdə qazanır və bu uğurlar avtoqəza nəticəsində sol əlini itirmiş, "qolsuz əfsanə" kimi tanınan Robert Şlintslə birbaşa bağlıdır. Onun ön plana çıxdığı komanda 1950 və 1952-ci illərdə Almaniya çempionu olur, 1954 və 1958-ci illərdə isə ölkə kubokuna sahib çıxır.

70-ci illərdə "şvabiyalılar"ın heyətində "Borussiya Dortmund" və "Bavariya"nın əfsanəvi baş məşqçisi, sonradan "general" ləqəbini alacaq olan Ottmar Hitsfeld də top qovub.
 


Şlintsdən sonra "Ştutqart" növbəti titulunu bir xeyli gözləməli olur. 50-ci illərdəki parlaq dönəmin ardından yaranmış titulsuzluq sükutunu 1984-cü ildə Bundesliqa adı altında ilk Almaniya çempionluğunu qazanan Helmut Benthauzun rəhbərlik etdiyi komanda pozur. Artıq ölkə daxilində uğur qazanmaqla kifayətlənmək istəməyən "Ştutqart" bir neçə il sonra - 1988/89 mövsümündə Avropa arenasına səs-küy salmağı bacarır. Həmin mövsüm UEFA kubokunda finala qədər irəliləməyi bacaran "şvabiyalılar" həlledici etapda Maradonanın liderlik etdiyi "Napoli"yə iki oyunun nəticəsinə görə, 4-5 hesabıyla uduzur və gümüş medallarla kifayətlənməli olur.

1992-ci ildə "avtozavodçular"un baş məşqçi postuna Kristof Daum gətirilir və onun rəhbərliyi altında komanda elə ilk mövsümündə Bundesliqanın qalibi olur.
 


1996-cı ildə "Ştutqart" 36 yaşlı Yoahim Lövə tapşırılır. Ardıcıl iki mövsüm Bundesliqanı turnir cədvəlinin ilk dördlüyündə bitirən komanda paralel olaraq 1997-ci ildə Almaniya kubokuna sahib çıxır. Üstəlik, "Ştutqart" 1997/98 mövsümündə UEFA Kuboklar Kubokunun finalına çıxmağı bacarır, lakin bu dəfə də 1989-cu ildə olduğu kimi, həlledici matçda minimal hesabla məğlub olurlar. Hərçənd oyunun böyük bölümündə "Ştutqart" təşəbbüs sahibi olsa da, "Çelsi"nin heyətində oyuna sonradan daxil olaraq matçda vurulan yeganə qolun müəllifi olan Canfranko Zola kuboku "zadəganlar"a qazandırır.
 


Klubun həmin dövrdəki liderlərindən olan bolqar ulduz Krasimir Balakovun sözlərinə görə, Löv futbolçuların ən yaxşı dostu idi. O, komandanın 3 lideri - Krasimir Balakov, Covane Elber və klubun yetirməsi Fredi Bobiç üçün kart-blanş təmin etmişdi və bu üçlü istədiklərini etmək hüququna sahib idi. Həmin mövsüm "Ştutqart"ın vurduğu qolların 85%-də pay sahibi olan möhtəşəm trio Lövə təşəkkürünü bu formada bildirmişdi.

Daha sonra klubda Feliks Maqat dönəmi başlayır. "Dəmir Feliks" kimi asosasiya olunan mütəxəssis fiziki məşqlərə həddindən çox önəm verdiyi üçün "Səddam" ləqəbi ilə də tanınırdı.

2003-cü ildə "Ştutqart" Bundesliqada mövsümü ikinci pillədə başa vurur. Feliks həmin dönəmdə Kevin Kuranyi, Timo Hildebrand kimi oyunçuları tədricən əsas heyətə cəlb etməklə yanaşı, Aleksandr Qleb və Filip Lam kimi işıq üzünə çıxardığı istedadlı gənclərlə komandanın dinamikasını artırır.
 


Aleksandr Qlebin dediyinə görə, oyunçular onun keçdiyi məşqlərdən sonra qaytarırdı. "Maqatın mövsüm öncəsi hazırlıq prosesindən uğurla keçdinsə, bu sənə 3 mövsüm bəsdi", - deyə belarusiyalı bildirmişdi.

Aleksandr bundan başqa, Maqatın güclü psixoloq olduğunu, özünə inam qazanmaq və əsas heyətə düşmək anlamında ona çox böyük köməyinin dəydiyini də vurğulamışdı: "Lakin illər ötdükcə fiziki yüklənmənin dozasını qaçırırdı. Sanki Eyfel qülləsinə qalxırıqmış kimi qaçış məşqləri etdirirdi. Maqat məşqlərdə, demək olar ki, heç vaxt qayda pozuntusu zamanı fitini çalmırdı. Oyunçulara məşq prosesindəki idmançılar yox, Kolizeydə son damla qanına kimi döyüşən qladiatorlar gözüylə baxırdı və Feliks futbol komandasının məşqində olan Kolizey döyüşünə baxıb, hər şeydən məmnuncasına deyirdi: "Əla!!!"

2003/04 mövsümündə "şvabiyalılar" Çempionlar Liqasında qrup ikincisi kimi 1/8 final mərhələsinə adlayır. Bu mərhələnin ilk matçında portuqaliyalı Meyranın avtoqolu ilə doğma meydanda "Çelsi"yə 0-1 hesabı ilə uduzurlar. Londondakı cavab matçında isə hesab açılmır və "Ştutqart" iki oyunun nəticəsinə görə, 1998-ci ilin KK finalında olduğu kimi, bu dəfə də "zadəganlar"a minimal hesabla məğlub olaraq mübarizəni dayandırır.

Mövsüm sonu Maqat "Ştutqart"la yollarını ayırıb, "Bavariya"nın sükanı arxasına keçir. "Şvabiyalılar" baş məşqçi postuna Civanni Trappatonini gətirir. İtaliyalı mütəxəssis klubda Mario Qomesi əsas heyət üzvünə çevirməkdən başqa ciddi heç nə ilə yadda qalmır.
 


Daha sonra Armin Fe dönəminə start verilir. Fenin komandası 2006/07 mövsümündə "Ştutqart"ın tarixi ərzindəki 5-ci çempionluğunu əldə edir. Elə həmin ildə komandanın forvardı Mario Qomes Almaniyanın ən yaxşı oyunçusu seçilir. Qomesə qədər bu fərdi mükafata "Ştutqart"da çıxış etmiş yalnız iki oyunçu - 1982-ci ildə Karl-Haynts Förster və 1998-ci ildə Yurqen Klinsman - layiq görülmüşdü.

Əslində, "Ştutqart" çempion olduğu 2006/07 mövsümünə uğursuz start vermişdi. İlk 4 turdan sonra komanda 15-ci pillədə qərarlaşırdı. Növbəti turda möhkəm "Verder Bremen" səfərində ilk hissədən sonra 0-2 hesabıyla geriliyə baxmayaraq, komanda ikinci hissədə toparlanıb 3 qol vurur və Bremendən 3 xalla ayrılmağı bacarır. Ardınca 9 oyunluq məğlubiyyətsizlik seriyası, "Bayer", "Şalke" və "Hamburq" üzərində qazanılan 3-0 hesablı qələbələr komandanın çempionluq inamına inam qatır. Sona 8 tur qalmış lider "Şalke"dən 7 xal geridə olan "Ştutqart" son 8 matçının hamısında qalib gəlməyi bacarır. Sonuncu turda "Enerqi Kotbus"a qarşı matçda Sami Xediranın qızıldan dəyərli olan qələbə topu "şvabiyalılar"a çempionluq sevincini bəxş edir.
 


Həmin "qızıl heyət"in Sərdar Taşçı, Tomas Hitçlsperqer, danimarkalı bombardir Yon-Dall Tomasson və brazilyalı Kakau kimi aparıcı simalarının adlarını çəkmək olar.

Bundan sonra klubun ciddi nailiyyətləri olmur. Həmin çempionluqdan sonra "Ştutqart" ildən-ilə orta səviyyəli komandaya çevrilərək düşmə zonasına daha da yaxınlaşır və nəhayət 2015/16 mövsümünü 17-ci pillədə başa vuraraq ikinci Bundesliqaya yuvarlanır. Lakin çox keçmir ki, (elə növbəti mövsümdəcə) klub Bundesliqaya qayıtmağı bacarır.

Bu mövsüm "Ştutqart" çox uğursuz çıxış edir. 27 turdan sonra aktivində cəmi 20 xalı olan komanda hazırda 16-cı pillədə qərarlaşıb. Lakin veteran Mario Qomes və partnyorları asan təslim olmaq niyyətində deyil.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR