Ştuxlik azərbaycanlı hakimlərin haqqını yeyir? – Məmmədovun yeni yalanı

Ştuxlik azərbaycanlı hakimlərin haqqını yeyir? – Məmmədovun yeni yalanı

Amal ABUŞOV

Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirildi. Konfransdan sonra da AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov onlayn formatda jurnalistlərin suallarını cavablandırdı.

Bəribaşdan deyim ki, çox üzrlü səbəbdən həmin onlayn mətbuat konfransında iştirak edə bilməmişəm. Dostlar bilir, sonra vaxtlar ölkəmiz adına daha vacib işlərin yerinə yetirilməsində öz köməyimi göstərirəm. Bu səbəbdən də vaxtım xeyli məhduddu. Amma imkan tapan kimi həm futbol dünyasında baş verənləri təqib və analiz edirəm, həm də fikirlərimi oxucularımızla mütamadi bölüşməyə çalışıram. Bütün bunları ona görə yazdım ki, kimlərsə Elxan Məmmədovun onlayn mətbuat konfransına qatılmamağımda başqa məna axtarmasın. İllərdi AFFA-nın mətbuat xidmətinə müraciət edirəm, cənab Məmmədovdam şəxsən müsahibə götürmək istəyimi bildirirəm. Öz nəzarətində olan saytlara dürlü-dütlü açıqlamalar verən Elxan bəy bizimlə görüşdən yayınır. Bu cür onlayn konfranslar, ümumi brifinqlər isə həm vaxt məhdudiyyəti, həm də geniş manevr qabiliyyətli Məmmədovun sürüşkən cavabları səbəbindən eyni effekti vermir.

Qayıdaq Elxan Məmmədovun həmin onlayn mətbuat konfransı zamanı verdiyi cavablardan birinə. AFFA-nın vitsesi və baş katibi Hakimlər və Hakim İnspektorlar Komitəsinin avstriyalı sədri Fritz Ştuxlikin müqaviləsiylə bağlı suala belə cavab verib: "Ştuxlikin müqaviləsi 2021-ci ilin sentyabrında başa çatacaq. Mövsüm bitəndən sonra 2 ay ərzində bu məsələyə baxılacaq və əlavə məlumat olacaq. Sədr olaraq, 4 illik dövr təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən Ştuxlik təsdiqlənib. Müqavilə ilə bağlı müəyyən problemlər yaransa, müzakirə olunacaq. Müqaviləyə hər iki tərəf xitam verə bilər. 4 il müddətində hər il müqavilə avtomatik olaraq uzadılır. Bunun üçün İcraiyyə Komitəsinin iclasına ehtiyac yoxdur”.

Yenə də yalan, özü də ağ yalan. Əvvəla, Azərbaycan futbolunun və hakimliyinin hazırkı səviyyəsi hansısa əcnəbi sədrə ehtiyac yaratmır. Nə gərin çempionatlarımız var, nə də hər gün üzə çıxarılan istedadlarımız. Koronavirus pandemiyası həm maddi, həm də mənəvi problemləri özüylə gətirib. Azərbaycanda futbol gah dayandırılır, gah da oynanılır. Tribunada azarkeş, turnir cədvəlində gərginlik də yoxdu. Üstəlik, iqtisadi problemlərimiz xirtdəyə qədərdi. 44 günlük ağır Vətən müharibəsi ölkə iqtisadiyyatına öz təsirini göstərib. İşğaldan azad olunan torpaqlarımızın bərpası xeyli vəsait tələb edir. Ölkə olaraq hər bir qəpiyin qədrini bilməli, onu faydalı işlərə yönəltməliyik. Bəs AFFA nə edir? Azərbaycanın neft pulları Canni De Byazinin, Fritz Ştuxlikin, Milan Obradoviçin bank hesablarına axıdılır.

2018-ci ilin sentyabrında Ştuxlik təyinat alarkən şəxsən Elxan Məmmədov bunları demişdi: "UEFA ilə müzakirələr aparılırdı. Bizə bildirildi ki, inkişaf sürətiniz çox zəif gedir. Elit təbəqədə hakimlərimiz yoxdur. Yalnız Əliyar Ağayev var. Biz bu sayı çoxaltmalıyıq”. Nooldu, cənab Məmmədov? Sayı çoxaltdıqmı? İnkişaf sürətimiz artdımı? Əliyar Ağayevdən başqa ortaya hakim çıxarmağınız bir tərəfə, onlarları da məhv etdiniz, pərən-pərən saldınız. Bütün bunların fonunda Ştuxliklə müqavilənin hər ay artırılması, onun yağ içində böyrək kimi bəslənilməsi nəyə xidmət edir?

Təkzib olunmayan rəqəmlərə görə, Fritz hər ay 20 min avro, təxminənn 40 min manat maaş alır. Onun gəlişindən sonra hakimlər üçün təlim-məşq toplanışları keçirilmir. UEFA-dan hakimlərin hazırlığı və təminatı üçün ayrılan pullar da ortadan qeyb olur, azərbaycanlı hakimlər adicə bloknot və qələmi öz pulları ilə alırlar. Olmaya, Məmmədovla Ştuxlik əlbir olur, UEFA-nın azərbaycanlı hakimlər üçün ayırdığı pulları da özləri bölüşdürür? Özləri demiş, niyə də yox?!
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR