Ştuxliklə Məmmədovun növbəti

Ştuxliklə Məmmədovun növbəti "qurbanı": "Cavab gəldi ki, "sən bizə lazım deyilsən"

Fritz Ştuxlik Azərbaycana gələndən sonra hakimliyin olan qalan səviyyəsi də aşağı düşməyə başlayıb. Avstriyalının komitəyə sədr təyin olunmasından, vaxtilə hakimlikdən rüşvət iddialarına görə qovulan sabiq referilərin yenidən komitədə yer almasından sonra hər turda qalmaqallar, hakim səhvləri ilə bağlı şikayətlər gəlməkdədi. Premyer Liqanın cari mövsümündə ilk 3 tur artıq geridə qalmasına baxmayaraq, hakim idarəçiliklərindən kifayət qədər şikayətlər oldu. Hakimlərimizin bu mövsüm üçün ciddi hazırlıq keçmədiyi də məlumdu. Əslində bunlardan daha vacib məsələlər var. Söhbət komitənin yeni tərkibdə fəaliyyətə başlamasından sonra bir sıra yerli hakimlərin qarşısının kəsilməsindən gedir. Yəqin ki, təcrübəli xanım hakimlərimizdən olan Xəyalə Əzizzadənin məsələsini diqqətli oxucular unutmayıb. Mətbuata açıqlamasında Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və təyinatlara nəzarət edən Elçin Məmmədovu günahlandıran xanım referi ona qarşı haqsızlıq edilərək, hakimlikdən uzaqlaşdırıldığını bildirmişdi. Ümumiyyətlə vəzifəsinin məsuliyyətini o qədər də dərk etməyən Ştuxlik və onun ətrafındakıların Azərbaycanda hakim yetişdirməməsi (halbuki ona məhz Azərbaycanda hakimliyin inkişafı üçün böyük pullar ödənir) bir kənara, olan qalanların da qarşısını kəsməkdə hansı məqsədi güddüklərini anlamaq çətindi. 

Həm Ştuxlik, həm də Elçin Məmmədovla bağlı redaksiyamıza növbəti dəfə şikayət daxil olub. Belə ki, əsasən aşağı liqalarda hakimlik edən Fuad Abbasov Sport7.az-a açıqlamasında qarşısının kəsildiyini, heç bir səbəb olmadan hakimlikdən uzaqlaşdırıldığını və AFFA-ya yaxın buraxılmadığını bildirdi: "Rəsmi olaraq 2013-cü ildən Azərbaycan çempionatının oyunlarını idarə etmişəm. Hazırda Premyer Liqada oyun idarə edən Səbuhi Bayramov və bir sıra bəzi hakimlər demək olar mənimlə eyni vaxtda gəlib hakimliyə. Hətta Vüqar Həsənli məndən də sonra gəlib. Bilirsiz necədi, kim "xodlu" gəlirdisə irəli gedib. Ancaq mənim kimi başını aşağı salıb oyun idarə edənləri "kəsib" atırlar kənara. Heç kim mənim hakimliyimdən narazılıq etməyib. Əksinə tərifləyiblər. Kiminlə dost olmuşamsa, çörək kəsmişəmsə bunlar hamısı meydandan kənarda baş verib. Amma meydanda ömrüm boyu problemlərim olmayıb. Səhvlərim olub, bu qaçılmazdı. Lakin heç kim idarəçiliyimdən narazılıq etməyib. 2013-dən bəri təyinat alırdım. Xaqani Məmmədov Hakimlər Komitəsində sədrliyinin sonlarına yaxın, necə oldusa, Allaha and olsun, heç səbəbini özüm də bilmirəm, dedi ki, "mən olduğum müddətdə təyinat almayacaqsan". 
Bilirsiz necədi, "Neftçi" - "Qarabağ" matçında "Neftçi" uduzur. Bu komandanın müəllimi ilə Xaqaninin münasibətləri var. Bu öz fikirlərini mənə yeridə bilmədiyi üçün Xaqaniyə zəng vurur ki, "sənin hakimin "evimizi yıxdı". Allaha and olsun Xaqani də məsələni araşdırmadan qərar verirdi. Bunu mənə həmin vaxt onun yanında işləyənlər deyirdi. Araşdırmadan qərar verdi ki, mən oyunlara təyinat almayım. Xaqani ilə problemim belə olub".
 
 

"Həmin hakimlərin bəziləri sual işarəsinə oxşayırlar" 

Abbasov yeni sədr gələndən sonra ümidlənsə də sonda hər şeyin onun gözlədiyi kimi alınmadığını bildirdi və bunda Elçin Məmmədovla ətrafındakıları günahlandırdı: "Yeni sədr gələndən sonra ümidlənmişdim. Çünki köhnə hakimləri qaytracaqlarını demişdilər. Gözlədim, lakin nə çağrıldım, nə də məlumat verdilər. Onu da deyim, nə vaxt test götürüblərsə bütün normativləri yerinə yetirmişəm. Zəng vurduğum adamlar, nə Əliyar, nə də başqaları telefonu açdılar. İndi gətirib, üzr istəyirəm ifadəmə görə, Cavid adlı gənci qoyublar ora. Əvvəl aşağı liqalarda sənəd işlərinə baxırdı. Protokola düzəliş etmək lazım olanda o bizə zəng vururdu. İndi sədrin əlaltısıdı. Bunu bir kənara qoyuram. And olsun Allaha eşidirəm ki, son vaxtlarda hakimlik edir. Qısası, özü-özünə təyinat yazır".

Sədrlə görüşüb, danşmağa da imkan tapan Fuad bəy, ona söz verilsə də yerinə yetirilmədiyini bildirdi: "Axırıncı dəfə sədri, üzr istəyirəm, "Atilla" hamamında gördüm. Ətrafında da gənc, hətta məndən də sonra gələn hakimlər vardı. Hətta aralarında eləsi vardı ki, onun idarəçiliyini mənimki ilə heç kim müqayisə edə bilməz. Aramızda yerlə göy qədər fərq var. Bunun üstünlüyü odu ki, xarici dili super bilir. Ona görə də gənclər arasında Avropa çempionatına göndəriblər. Ştuxlikə yaxınlaşdım, danışdım. Söz verdi ki, "səni qaytaracam". Həqiqətən çox sevindim. Onu da bildirdi ki, qayıtmaq üçün Elçin Məmmədova elektron məktub (e-mail) yazarsan. Mən də yazdım. Ancaq Məmmədovdan cavab gəldi ki, "sən bizə lazım deyilsən". Səbəb kimi də inkişaf etməməyimi, xarici dil bilməməyimi göstərdi. Dedim "Elçin müəllim, mənə nə vaxt şans verdin ki, inkişaf edim?". Elə Ştuxlikdə də eyni sözləri dedim. Hansı ki, idarəçiliyimi bəyənənlər çox idi, onların xəbəri olmadan belə məni, əvəzedicilərin, Birinci Divizion komandalarının yoldaşlıq oyunlarına dəvət edirdilər. Dedim ki, "mən yazıq gözümü açandan U-10, U-19 liqalarında hakimlik etmişəm. Bircə dəfə heç olmasa əvəzedicilərin oyunlarına təyinat verin, baxın necə idarəçilik edirəm. Heç idarəçiliyə görə qonorar da istəmirəm. Şans yaradın, oyun idarə edim. Hakim-inspektordan 8-dən aşağı bal alsam, heç bir yerdə hakimliyin adın çəkməyəcəm. Amma yetər ki, hakim-inspektor səmimi, ədalətli insan olsun. Yəni, "torba tikmək" üçün təyin edilməsin". Bu sözləri AFFA-da da işlədirdim, mənə deyirdilər ki, "çox danışırsan". Qısası, yola verdilər. İndi aşağı liqaların oyunlarına baxıram, bir gün sizi də dəvət edəcəm. Ordakı idarəçilikləri görsəz gülərsiz. Hətta, 1 saatlıq oyunun 55 dəqiqəsini gülməklə keçirərsiz. Elə qərarlar verirlər ki, siz jurnalist ola-ola, deyəcəksiz ki, "bunların başı xarabdı". Elə hakimlər gətiriblər ki, heç kim tanımır, bilmir ki, bunlar hansı yollarla, necə gəliblər. Özümü trifləmək üçün demirəm. Amma baxırsan ki, həmin hakimlərin bəziləri, üzr istəyirəm ifadəmə görə, sual işarəsinə oxşayırlar. Bir sözlə komediyadı. Bir neçə gün əvvəl Elçin Məmmədova yazdım ki, "mənə yol göstərin, hakimliyə qayıdım". Cavab verdi ki, bu işə o baxmır. Dondum qaldım. Fikirləşdim ki, yalan danışır, məni "fırladır". "Feysbuk"da status yazdım. Zəng vurub statusu silməyi tələb etdi və o işlərə baxmadığını dedi. Ştuxlikin verdiyi sözü, qışda məsələ ilə bağlı ona yazdığım məktubu da xatırlatdım. Heç nə demədi. Sadəcə, bildirdi ki, o işə baxmır və statusu silim. Mən də statusumda kiçik dəyişiklik etdim, amma silmədim. İstəyir UEFA-nın hakimlər Komitəsinin sədri zəng vursun, yenə silməyəcəyəm".

Referi keçmiş hakimliklə indiki arasında böyük fərqlər olduğunu da dedi: "Bilirəm, bu yazılanlardan sonra normativlərə çağıracaqlar. Dünyanın ən çətin normativini qarşıma qoyacaqlar. Amma demək istəyirəm ki, məni oyunla sınasınlar. Allaha and olsun, aşağı liqalarda darəçilik edən hakimlərin 90 faizi "yuxarıda" oturanlardan kimlərinsə qohumudu. Aşağı liqalarda keçmiş hakimliklə, indiki arasında yerlə göy qədər fərq var. Pis vəziyyətdədi, biabrçılıqdı. Komandaların birində məşqçi kimi çalışırdım. Mənə dedilər ki, hakimliyə qayıtmaq üçün məşqçilikdən çıxmalıyam. Sevindim və belə də etdim, amma faydası olmadı. Nəticədə "həm Əli aşından oldum, həm də Vəli aşından". Biabrçılıqdı vallah. Haqsızlıq çox olur. Bir dəfə baxsaz, tüpürərsiz hər şeyə. Səbuhi Bayramov mənimlə birlikdə, U-14 liqasında hakimlik edirdi. Necə oldusa birdən-birə Premyer Liqaya yüksəldi. Düzdü, haqqıdı, neçə ildi hakimlik edir. Amma daha ondan sonra gələnlər yox də. Məsələn Kamal Umudlunu deyim, hər idarəçiliyi bir mövzudu. Yəni, özümü onlardan əskik görmürəm. Onların məndən fərqli cəhətləri nə ola bilər ki? Vallah, şans vermirlər. Çünki özləri üçün artq 3-4 nəfər seçiblər".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR