Sübhan Əliyev: "İnşallah, kitab yazılacaq və onu da orda qeyd edəcəyik"

Sübhan Əliyev:
Bu gün "Neftçi"nin ən fəal azarkeş qrupu olan "Forza Neftçi"nin 9 yaşı tamam olur. 9 ildə Azərbaycan futbolunda öz yerini tutan və sözünü deməyi bacaran bu azarkeş qrupu idealogiyasından dönmədən daim "Neftçi"nin yanında olub. Hətta ən is vaxtlarda belə sevimli komandalarını dəstəkləyiblər. Eyni zamanda ölkə futbolunda rəqabət də yarada biliblər. 

Azarkeş qrupunun rəhbəri Sübhan bəy Sport7.az-a müsahibəsində "Forza Neftçi"nin yaradılış tarixi və fəaliyyəti haqda danışıb.

- "Forza Neftçi"nin ilk günlərini necə xatırlayırsız? Azarkeş qrupu necə yarandı?

- Bu günə qədər yadımdadı ki, 5 nəfər "Neftçi" azarkeşi idik. İndi hamısı bizimlədi. Şəhərdə oturmuşduq, qardaşım da yanımda idi. Məsləhətləşdik və qərara aldıq ki, yeni qrup yaradaq. Həmin vaxt gənc idik. "Neftçi" tribunasına yeni nəfəs və ruh gətirmək istədik. Şükür Allaha alındı. Uşaqlar da dəstək verdilər. Ən azından bilirdik ki, dostluq, qardaşlıq varsa "Neftçi" tribunasında yaxşı işlər görəcəyik. Geridə qalan 9 ilə baxanda, görürük ki, düzgün addımlar atmışıq. Beləcə 5 nəfərlə "Forza Neftçi"ni yaradıb bu səviyyəyə gətirdik. Amma dayanmayacağıq, çünki arzularımız var. "Neftçi" tribunlaraını tam doldurmaq istəyirik.

- Qrupunuz yeni yarananda "UltraNeftçi", "Flaqman", "Neftçimaniya" kimi dəstəkçilər də vardı. Onlarla rəqabətdən çəkinmirdiz? Fərqlənmək üçün nə etdiz?

- Bizim üçün bütün "Neftçi" azarkeşləri eynidi. Hamımız "Flaqman"ın tribunasından, 13-cü sektordan çıxmışıq. "Neftçi"lilər arasında rəqabət olmayıb. Hamının sözü birdi. Sadəcə idealogiyalar fərqli olduğu üçün ayrılıb öz qrupumuzu yaratmışıq. Bütün dünyada belədi. Bir klubun bir neçə azarkeş qrupu var. Məsələn Dortmund "Borussiya"sı da belə klublardandı. Sadəcə hərənin öz ağırlığı var. Belə olması heç də pis deyil. Gözəl inkişafdı.

- "Forza Neftçi" "Neftçi"nin azarkeş qrupları arasında ən fəalıdı. Digər fanklubların işini bəyənirsən?

- Başqa azarkeşlər də var. Əlbəttə, "Neftçi"lilər arasında fərq qoymuruq. Nə qədər çox olsa o qədər yaxşıdı. Ən azından komandanın pis günlərini görmüşük. Tribunada canlarını verən uşaqlar olub. İstərdik ki, birlikdə komandanın yüksəlişini görək. Başqaları üz döndərəndə biz "Neftçi"nin yanında olmuşuq. İnşallah "Neftçi"nin düzəlməsini istərdik. Sizin vasitənizlə "Neftçi"yə bildirmək istəyirəm, bizə ən böyük hədiyəni vermək istəyirlərsə ayın 11-də "Kəpəz" üzərində qələbə qazansınlar. Bu bizim üçün ən böyük hədiyyə olar.

- 9 ildə mövcudluğu qoruyub saxlamaq çətin deyildi?

- Əlbəttə, çox çətin idi. İtkilərimiz, həbsə düşən azarkeşlərimiz oldu. Lənkəranda, "Qarabağ"la oyunlardan sonra özüm də daxil günlərlə "içəridə" yatan uşaqlar oldu. "Partizan"la oyunda azarkeşlərimizi həbs etmişdilər. Bütün bunlara baxmayaraq ayaqda durmağı bacardıq. Şükür Allaha ki, indi "Forza Neftçi" əmin əllərdədi, qardaşlığımız var. Yumruğu eyni yerə vurduğumuza görə gözəl işlər görürük.

- Hazırda "Forza Neftçi"nin neçə üzvü həbsdə və ya komandadan, azarkeş qrupundan uzaqdadı?

- Hamısı yanımızdadı. Amma hərbi xidmətdə olan, xaricdə təhsil alan, işləyənlər var. "Neftçi" avrokuboklara vəsiqə qazanarsa səfərdə dəstək göstərəcək tərəfdarlar çoxdu. Ümumiyyətlə "Forza Neftçi"nin hazırda 400-500 nəfər üzvü var. Rəsmi olmasa da orta hesabla bu qədərdi. Onların da 80-90 faizi oyunlara gəlir. 

- "Neftçi"nin hazırkı durumu ilə bağlı nə düşünürsən? Hazırlıq zamanı heç də xoşagələn nəticələr olmadı.

- Təbii ki, azarkeş kimi həmişə arzumuz çempionluqdu. "Neftçi" elə klubdu ki, başqa nəticələr bizi qane edə bilməz. Yaxşı işlər görülmədiyinə görə, azarkeşləri uğursuzluğa öyrəşdirdilər. Biz isə uğur tələb edirik. Yoxdusa, klubdan getməlisən. "Neftçi" flaqmandı, 81 illik klubdu. Amma yoldaşlıq matçlarının heç biri bizi "açmadı". Ona görə də çox əsəbiyik. Tərlan müəllim müsahibələrində yaxşı olacağını, "Neftçi"nin əvvəlki gücünü qaytaracağını bildirib. Biz də tribunada son saniyələrə qədər dəstəyimizi verəcəyik. Təki hər şey onun dediyi kimi, yaxşı olsun. Biz də bir yumruq olub irəli gedək. Bu  mövsüm ən azı kuboku qazanmağı gözləyirik. 

- Ümumiyyətlə, Tərlan Əhmədovun işindən nə dərəcədə razısız?

- Gəldiyi gündən onun işindən razı olduğumuzu demişik. Sadəcə, 1:8-ə görə çox əsəbiləşmişik. Yoldaşlıq görüşü olmasına baxmayaraq bu nəticəni qəbul etməyimiz mümkünsüzdü. Amma Tərln müəllim iddialı danışıb. Təki dediyin etsin. Əmin olsun ki, 10 dəfə artıq dəstək verəcəyik. Etməsə qarşısında olacağıq. Bunu hamı bilir ki, "Neftçi" azarkeşi tələbkardı. 

- Bu 9 il ərzində komandanın ən yaddaqalan oyunu və uğuru hansı olub?

- Açığı bizim üçün ən yaddaqalan uğur "Xəzər Lənkəran"ı 5:0 məğlub etdiyimiz oyundu. İllər keçəcək, nəvələrimizə də danışacağıq. "Xəzər Lənkəran" əsas rəqibimiz olub və onlarla yola getməmişik. Ona görə də ən əziz qələbə bu olub. Düzdü APOEL-i məğlub etmək də bizim üçün başqa hiss idi. Yenə də, ən böyük uğur həmin "5:0"dı. Avroliqanın qrup mərhələsindənsə, "Xəzər Lənkəran"ı bu şəkildə məğlub etmək ən əziz qələbə idi.

- Bəs bu illər ərzində ən uğurlu, yaddaqalan pankart və ya plakatınız hansı olub?

- Pankartarımız çox olub. Əziyyət çəkilibsə, bunları ayırmaq istəməzdik. Çünki orda işləyənlər azarkeş qrupunun üzvləri olub. Ən yaddaqalan plakatımız "Xəzər Lənkəran"la səfər oyunlarının birində olub, amma aça bilməmişik. Həmin oyunda bölməyə aparıldığımız üçün stadiona girmək mümkün olmamışdı.

- Plakatda nə yazılmışdı?

- Bunu açıqlaya bilməyəcəm, sürprizdi (gülür). 

- Nə vaxtsa həmin plakatı açmaq fikrindəsiz?

- İnşallah, kitab yazılacaq və onu da orda qeyd edəcəyik. Təhqir filan deyildi. Tribunaya aid idi. sadəcə həmin vaxt stadiona buraxmadılar. Çox böyük iş görmüşdük.

- Ad gününü necə qeyd etməyi düşünürsüz?

- İnşallah qrup üzvlərimizlə birlikdə qeyd edəcəyik.

Sport7.az

Xəbər lenti