"Sumqayıt"dan açıqlama: "Torun deşikləri böyük, top yaş..."

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində Sumqayıtda keçirilən "Sumqayıt" - "Qarabağ" matçında maraqlı olay yaşandı.

Oyunun 20-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Filip Ozobiçin zərbəsindən sonra top qpı ilə yanaşı qapı torundan da keçib meydanı tərk etdi. Düzdü hakimlər yoxlanışlardan sonra torda heç bir zədə, cırıq filan aşkarlamadılar və müəyyən müzakirələrdən sonra topun qapıdan keçdiyini bildirərək qolu hesaba aldılar. Bu qərarda "Sumqayıt"ın təcrübəli futbolçusu Rail Məlikov da hakimlərə kömək etdi. Ancaq topun tordan keçməsi hələ də müəmmalılığını qoruyub saxlamaqdadı. Bəs bu necə baş verib? Əslində iki variant düşünmək olar. Ya AFFA-nın "Nike" firmasından alıb klublara payladığı topların ölçüsü qeyri-standartdı, ya da "Sumqayıt"ın stadionundakı qapı torları keyfiyyətsizdi. Ancaq bu sualı cavabı elə klubun özündən almaq düzgün olardı.
 
Qeyd edək ki, oxşar hadisə oyunun sonlarında da yaşandı və bu məqam torun standartlara cavab vermədiyini göstərir.

"Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov Sport7.az-a açıqlamasında bunları bildirdi: "Bildiyiniz kimi, stadionun süni örtüyü təbii qazonla əvəzlənəndən sonra qapı torundan tutmuş, qapı dirəklərinə qədər bütün avadanlıqlar da dəyişdirilmişdi. Hətta künc bayraqları da yeisi ilə əvəzlənmişdi. Qapı torları da ölkə xaricindən, normal bir şirkətdən sifariş olunmuşdu. Qapı torlarında sırf keyfiyyətsizlikdən söhbət gedə bilməzdi. Sadəcə, torun deşikləri böyük, həmçinin top yaş olduğu üçün həmin problemi yaşadıq. Halbuki ondan əvvəl, İtaliyadan sifariş verdiyimiz torların deşikləri daha balaca idi və problem yaşamamışdıq.
 
Bu il stadionumuzda "Səbail" və "Neftçi" ilə oynamışıq. Bizim özümüzə də maraqlı gəldi ki, bu necə oldu. Müzakirə etdik və bunu torun deşiklərinin böyüklüyü, həmçinin topun yaşlığı ilə əlaqələndirdik. Rəhbərlik oyundan sonra göstəriş verdi ki, həmin torlar mütləq dəyişdirilsin. Yəqin ki, stadionun meneceri bugündən etibarən onunla məşğul olacaq. Hakim oyundan əvvəl dəfələrlə gedibxdı ki, görsün torun deşiyi, yaxud hansısa cırığı varmı. Ancaq dəfələrlə baxsa da, yenə anlaya bilmədi. Sonradan elə həmin oyunun sonlarına yaxın "Qarabağ" küncdən zərbə yerinə yetirərkən top torun çöl tərəfindən içəri daxil oldu. Belədə aydınlaşdı ki, həqiqətən də torun deşikləri böyükdü. Top güclü zərbə ilə hərəkət edəndə, üstəlik yaş olanda onun içindən keçir. Yəni torun cırıq olmasından söhbət gedə bilməz. Bu onun deşiklərinin böyüklüyü ilə əlaqədardı. Kimi cəzalandırmaq deyəndə bu nöqtə məsələsidi. Yatsan da yuxuna girməz ki, top o torun deşiyindən keçə bilər. Kimi günahlandıra bilərik ki? Ehtiyatsızlıqdan o zaman söhbət gedə bilər ki, tor cırıq olsun və stadionun meneceri ona baxmasın. Sadəcə, deşiklər böyükdü deyə, top zərbə ilə gələndə tordan da keçir".
 
 
Səbuhi Nərimanoğlu

Xəbər lenti