"Sumqayıt"ın futbolçusu: "Qərarımdan məmnunam""

"Mehdi Şərifi yaxın dostum və "Persepolis"dən keçmiş komanda yoldaşımdır. O, Azərbaycan Premyer Liqasında çıxış edərkən ölkədəki vəziyyətdən razı idi. "Sumqayıt"dan təklif gələndə Mehdi ilə məsələhətləşdim və bu komandanı seçdim. Qərarımdan məmnunam".

"Report"un məlumatına görə, bunu cənubi azərbaycanlı futbolçu Adəm Həmati IRNA-ya müsahibəsində "Sumqayıt"a keçidi barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib: "Keyfiyyət məni qane edir. Futbolun səviyyəsi yüksəkdir və komandaların infrastrukturu beynəlxalq standartlara uyğundur. Bura gəldiyim üçün həqiqətən sevinirəm".

Komanda yoldaşları ilə yaxşı münasibətdə olduğunu deyən oyunçu baş məşqçi Ayxan Abbasovun ona güvəndiyini vurğulayıb: "Məşqçilər korpusu ilə də münasibətlərim yaxşıdır. Şadam ki, baş məşqçi mənə inanır. Matçların əksəriyyətində meydana start heyətində çıxıram".

"Sumqayıt"da sağ cinah müdafiəçisi kimi çıxış edən Həmati mövqe dəyişikliyinin oyununa mənfi təsir etmədiyini söyləyib: "Bura gələnədək hücumameylli yarımmüdafiəçi kimi çıxış edirdim. Həmçinin vinger kimi də oynamışam. Amma baş məşqçi dedi ki, sağ cinah müdafiəçisi kimi çıxış etməliyəm. Sevindiricidir ki, yeni mövqeyimə tezliklə uyğunlaşa bildim. Ayxan Abbasov da oyunumdan razıdır".

7 turdan sonra 14 xalla turnir cədvəlinin zirvəsində yer aldıqlarını xatırladan futbolçu komandada yüksək ab-havanın hökm sürdüyünü bildirib. O, hazırkı uğuru davam etdirmək iqtidarında olduqlarını vurğulayıb.

Həmati Azərbaycan Premyer Liqasında ulduz futbolçuların oynadığını bildirib: "Azərbaycanda oynamış bir çox futbolçu daha əvvəl Avropanın nüfuzlu liqalarında çıxış edib. Ötən il qanalı yarımmüdafiəçi Maykl Essyen burada oynayıb. Həmçinin "Milan" və "Çelsi"nin sabiq qapıçısı Asmir Beqoviçi qeyd edərdim. Bu, liqanın səviyyəsinin yüksəlməsinə səbəb olub. Azərbaycan futbolu sürətlə inkişaf edir. Tezliklə Avropa standartlarına yaxınlaşacaq".

"Sumqayıt"dan komanda yoldaşı olan Əli Qurbaninin Azərbaycan millisinə dəvət almasına da münasibət bildirən yarımmüdafiəçi ona görə sevindiyini bildirib: "Yığmada bir neçə legioner çıxış edir. Əli Qurbani bu şansı əldə etdiyi üçün sevincliyəm. Mənim Kanada və İran vətəndaşlığım var. Ona görə Azərbaycan millisində oynaya bilmərəm".

Qeyd edək ki, Adəm Həmati "Sumqayıt"a 2019/2020 mövsümünün əvvəlində keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR