"Sünnətə gedirəm, ikinci hissəyə gələcəm" - MÜSAHİBƏ

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 
 
Bu dəfə şair Ulucay Akif futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Futbol sizin üçün nə deməkdir? 
- Mənim üçün iki idman növü var ki, onları həyatın kiçik modeli sayıram. Bunlardan biri şahmat, digəri isə futboldur. Bəli, futbol mənim üçün həyatın kiçik modelidir. Bu oyunun qaydaları ilə həyatın qaydaları üst-üstə düşür. Hətta bu oyun üzərindən həyatımda baş verən hadisələrin müqayisəsini, analogiyasını aparmağı çox sevirəm. "Offside” adında kiçik bir şeirim var:

tam "xəyallarım gerçəkləşdi”
deyib sevinmək istəyəndə  
həyat bayrağını qaldırır:
off-side!

Məsələn, insan ömrünün uzunluğunu da futbol oyunun dəqiqələri ilə hesablayıram. "Ağıl yaşda deyil, başdadır” məsəlini götürsək, futbol da belədir. Elə olur ki, bir oyunun talehi oyunun ilk 10 dəqiqəsində bəlli olur, yəni oyunda baş verən hər şey ilk 10 dəqiqədə olur, bütün qollar ilk on dəqiqədə vurulur, ya da elə olur ki, 90 dəqiqə heç nə olmur, əlavə olunmuş dəqiqənin son saniyələrində qol vurub oyunun müqəddəratını həll edirsən.

- Hansı klubun azarkeşisiniz?
- 5-6 yaşımdan "Fənərbaxça” azarkeşiyəm. Evdə 20-ə yaxın sırf bu komandanın forması var. Yarısını özüm almışam, yarısını hədiyyə ediblər və bu hədiyyə məni hər dəfəsində ilkmiş kimi sevindirib.  Komandam məğlub olanda ağladığım oyunlar da olub. Yəni, o dərəcə qatı azarkeşəm.

- Bəs ölkə futbolunu izləyirsiniz?
- Var ki, izləyək? Hərdən bizi ümidləndirirlər, sonra yenə öz ampulalarına qayıdırlar, sevincimiz boğazımızda qalır.  

Mən Bayılda yaşayıram, düz "Bayıl Arena”nın yanında. "Rəvan”ın oyunlarını izləyirdim əvvəl, indi isə fürsət olanda "Səbail” komandasının oyunlarını da izləyirəm canlı. Digər vacib oyunları da izləyirəm, amma zövq ala bilmirəm. Hətta həvəskar komandaların oyunlarını izləmək daha maraqlı olur deyə bilərəm.

- Azərbaycan futbolunun əsas problemini nədə görürsünüz?
- Azərbaycanın bütün sahələri bərbad günə salan bir problem var, o da "day-day” və "tapşırıq”dır. Heç idmanda da "day-daylıq” keçər? Ayıbdır e, vallah. Vəzifə filan deyil e bu, idmandır! Başqa idmançının qabağına çıxaranda təkcə özü biabır olsa, dərd yarı, axı bizi də biabır edirlər. Bizim ölkədə çox istedadlı futbolçular var, yəni gözəl komandalar yarada bilərik. Bizə mane olan ən böyük problem bu dediyimdir.

- Millimiz haqqında nə düşünürsünüz? Hər halda sonuncu biabırçılıqlardan xəbəriniz var...
- Ümumiyyətlə, həmişə pis şeyləri, mənfi şeyləri düşünməməyə çalışmışam (gülür). Millimizin nə oyun taktikası var, nə komanda ruhu, nə də ki komanda oyunu. Hərdən bir az qığılcım yaranır, o da növbəti oyuna kimi sönür. Oyunçularımız futbola "gəlir yeri”, "biznes” kimi baxmasalar, çox şey düzələr. Dünya futbolçuları özlərini sübut etmək üçün 40 yaşlarında belə bütün gücləri ilə öz üzərlərində çalışırlar, bizimkilər isə bir az pul qazanan kimi keçirlər biznesə.

- Azərbaycan futbolundan söhbət insanı neqativə kökləyir. Gəlin, bu qaramata çox da girməyək. Sonra təsirindən çıxmaq çətin olur. (zarafat)... Hər birimizin uşaqlıqda idmanla, xüsusilə də futbolla bağlı xatirələri olub. Sizin bizimlə paylaşa biləcəyiniz xatirəniz varmı?
- Uşaq  vaxtı mən də futbola gedirdim. "Göyçə” komandası var idi, orada hücumçu idim. Yadımdadır Bakı çempionatının finalına çıxmışdım. Paltardəyişmə otağında oyunun başlamasını gözləyirdim.  Elə oyuna az qalmışdı, evdən məni aparmağa gəldilər ki, sünnət olmağa gedirəm (gülür). 9 yaşım var idi. Onda elə də dərk etmirdim deyə məşqçimiz Niyazi müəllimə "Mən sünnət olmağa gedirəm, ikinci hissəyə gələcəm” dedim. Hara gəlirəm?! Onunla da futbol karyeram bitdi. 

Digər xatirələrim də məhəllə futbollarımız və universitet komandamızdakı oyunlardır. Onları da saymaqla bitirə bilmərəm. Hamısı da mənim üçün çox gözəl xatirələrdir.

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR