“Survivor” və milli qəzəb - Türkün türkdən başqa...

“Survivor” və milli qəzəb - Türkün türkdən başqa...

Koronavirus pandemiyası ilə çarpışdığımız bir vaxtda gündəm dəyişdi. Dünən axşamdan etibarən böyük əksəriyyət Dominikdə yaşananlara fokuslandı.
 
Dərd-sərimiz yaddan çıxdı, arxa plana keçdi. Səbəb sadədi. Maraqla izlənilən "Survivor”da yaşananlar onsuz da gərgin olan əsəbləri bir qədər də tarıma çəkdi. İnsanlarımız ölkəmizin bu yarışdakı ilk təmsilçisi Pərviz Abdullayevin mübarizəni dayandırmasını qəbul, həzm edə bilmir. Azarkeşlik hisslərinə yenik düşənlər sosial şəbəkələrdə "terror əsdirir”. Acun Ilıcalını, Türkiyəni, türk insanını qərəzdə günahlandırır, ən ağır ifadələrlə göydən-yerə vurur...

Əlbəttə, bizimkilərin hisslərini yaxşı başa düşürəm. Peşəkar kikboks üzrə 6 qat dünya çempionu olan "Kobra”nın "Survivor”dan kənarda qalmasına mən də üzüldüm. "Ünlülər” komandasının ən vacib fiqurlarından biri yarışla bu şəkildə vidalaşmamalıydı. İddiasına, gücünə, mübarizə əzminə görə seçilən həmvətənimiz belə sonluğu qətiyyən haqq etmirdi. Səsvermədən dərhal sonra Ilıcalı başda olmaqla məsələyə bir peşəkar kimi yanaşanların açıqlamaları da "Kobra”nın "potaya çıxarılmasının” və son olaraq yarışla vidalaşmasının "Ünlülər”in ziyanına işləyəcəyi yönündə idi.

1986-cı il yanvarın 5-də Ağdam rayonunun Qiyaslı kəndində dünyaya gələn Pərvizi bundan sonra "parkur”da görməyəcəyik. Mübarizə əzmi və ədəb-ərkanı ilə tamaşaçıların rəğbətini qazanan "Kobra” türklər demiş, "könüllərin çempionudu”, yarışı izləyən hər bir azərbaycanlının qəlbində taxt qurub. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdı. Pərviz xanım komanda yoldaşlarının və SMS-in güdazına getdi. Bu üzdən başqa xoşagəlməz məqamlar üzərində gəzişməyə dəyməz. Elə "Survivor” tarixinə göz atmaqla da hansısa güclü bir bəndin bu yolla sıradan çıxarıldığını görə bilərik. Bu bir yarışdı, oyundu. Təəssüf ki, burda heç də həmişə ən güclü qalib gəlmir. Çünki "Survivor” yalnız mübarizədən ibarət deyil. Yaşamaq, sağ qalmaq, yerini qorumaq üçün bütün mümkün ssenarilərə hazır olmaq lazımdı.

Pərviz üçün oyun bitdi, bununla barış(aq)ın. Türk insanını suçlamaq çıxış yolu, bizə yaraşan hərəkət deyil. Bir də axı nə tez unutduz yaxın keçmişi? Elnur Hüseynovu xatırlayın. Azərbaycanın "Avroviziya”dakı təmsilçisini nəzərdə tuturam. 2015-ci ildə "O səs Türkiyə”nin qalibi oldu adam! Acun Ilıcalının müəllifi olduğu layihədə parlaq performans sərgiləməklə zirvəni fəth etdi. İndi "ağ yuyub, qara sərdiyiz” Acun və türk insanı, sizin təbirinizcə desək, bizə yuxarıdan aşağı baxırsa, elə həmin vaxt bunu ortaya qoyardı da...

Evdə qalın, sağlam olun. "Oyun”un iştirakçısı olmayın. Unutmayın, Türkiyə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadı, sabah da yanında olacaq. Türkün türkdən başqa dostu yoxdu!

Kənan Həsənov, "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR