Şuşanı unutmayaq!

Şuşanı unutmayaq!
Düz 25 ildi Azərbaycan Şuşasızdı. 25 ildi ki, Şuşanın dağlarının başının dumanlı olub-olmamasından xəbərsizik. Heç o dağların başında nəyin olmasının, Şuşanın havasının necəliyinin bizə isti-soyuğu da qalmayıb. Çünki əlimiz çatmır, ünümüz yetmir.

"Şuşa getsə, başıma güllə vuraram” deyənlər sağdı. Yaşayırlar, bu torpağın üzərində rahatlıqla gəzirlər. Əslində, elə hamımız başımıza güllə vurmalıydıq. Bu 25 ildə ya Şuşanı ermənilərin tapdağından xilas etməliydik, ya da ki...

Bir-neçə il bundan əvvəl Azərbaycan çempionatına "Şuşa” adlı komanda qatılmışdı. Öndə gedəni də Nadir Qasımov idi. Planlarını – arzularını həvəsə nəql edərdi. Deyirdi ki, "Şuşa” birinci divizionun qalibi olacaq, ondan sonra Premyer Liqanın iddialıların birinə çevriləcək, avrokuboklara qatılacaq. Bütün dünya biləcək ki, Şuşa Azərbaycanın əbədi və əzəli torpağıdı. Sonradan Şuşanın adının qarşısına Qarabağ da əlavə etdirlər, oldu "Şuşa Qarabağ”. Amma nə "Şuşa” böyüdü, nə də onun Qarabağın adı əlavə olunmuş davamçısı. 

Ötən mövsümün əvvəlində Nadir Qasımovun ümidləri yenidən boy vermişdi. Komandaya yeni sponsor tapdığını deyir, xoşbəxt görünürdü. Kluba sahiblik etmək istəyənlər hətta mətbuat konfransı da keçirdilər, sinələrini irəli verib böyük və şirin vədlərini dilə gətirdilər. Sonradan məlum oldu ki, bu "Şuşa” da o biri Şuşa kimi fırıldaqçılara tuş gəlib. Kimlərsə yaralı vətən torpağının adından özləri üçün reklam mənbəyi kimi istifadə etmək fikrinə düşüb, sonra da aradan çıxıblar.

Bu gün həmin o qara tarixin, öldürücü dərəcədə əzab verən günün 25 illiyidi. Bizim nə Şuşamız var, nə də "Şuşa”mız. Adicə bir futbol klubuna həyat verib, onu gücləndirə, bütün dünyaya Şuşanın Azərbaycan torpağı olduğunu çatdıra bilmədik. Şuşanı qaytara bilmədiyimiz kimi...

... Tariximizdə o qədər belə günlər var ki. Bəzən şadyanalıq etməyə, hansısa bir tədbir keçirməyə çalışarkən bu cür günlərin ildönümündən qaçmağa da çalışırıq. Dəfələrlə Peşəkar Futbol Liqasının əməkdaşlarının oxşar şikayətiylə, azarkeşlərin və mətbuatın PFL-ə qınağıyla da rastlaşmışıq. "Filan təltifetmə mərasimi filan rayonun işğal gününə düşürdə, atəşfəşanlıq niyə oldu?”, "turun oyunlarını günü soyqırım və ya faciə günü ilə bağlı dəyişdirildi” tipli açıqlamalar azmı eşidilirb?

Taleyin qismətidi ki, Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarındakı çıxışına Şuşanın işğalı gününün 25 illiyində start verir. Azərbaycan himnini qısaldan, milli komandamızın heyətinə qeyri-azərbaycanlıları dolduran AFFA heç olmasa bu günə biganə qalmasın. Millimiz Kamerunla oyunda Şuşanı unutmadığımıza, bir gün o gözəl torpaqlara qayıdacağımıza, Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğuna işarə vuran hansısa pankartla meydana çıxmaqla böyük iş görmüş olar. Bu mümkün deyilsə, tribunalarda həmin pankartı açmaq, yanan ürəklərə bir su səpmək mümkündü. 

Şuşanı qaytara bilmirik, əlimizdən nəsə gəlmir. Heç olmasa o gözəl diyarı unutmayaq!

Amal ABUŞOV





Xəbər lenti