"Şüvəlan" Naxçıvanda çempion oldu

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi IV Heydər Əliyev Kubokuna yekun vurulub.
 
Sport7.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – "Şüvəlan”, MOİK, "Araz-Naxçıvan” və "Arpaçay” qalib adı uğrunda mübarizə aparıb.

Yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Gülqoyma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. 

Daha sonra "Arpaçay” və "Araz Naxçıvan” mübarizəsi baş tutub. Bu oyunda 3:0 hesabı ilə qalib gələn "Araz –Naxçıvan” 3-cü yeri təmin edib. Sonuncu oyunda isə "Şüvəlan” və MOİK üz-üzə gəlib. Çempionluq üçün "Şüvəlan”a 1 xal yetərli idisə, MOİK  mütləq qələbə qazanmalı idi. Lakin "Şüvəlan” işinin öhdəsindən layiqincə gələrək 1-0 hesablı qələbə qazanıb və kuboku muzeyinə aparıb. MOİK isə ikinci olub.
 
Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri oldu. Ən yaxşı qapıçı adına "Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görüldü. 
 
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR