Söz oyunu və futbol oyunu

Söz oyunu və futbol oyunu

Nəhəng stadion, güclü rəqib və kiçik futbol ölkəsi – Dünənki "Qarabağ” – "Sportinq” görüşünün qısa icmalı belədi. Bizim gücümüz nə Bakıya yaraşıq verən stadionlar, nə də rəqibimizin gücünə adekvat deyildi. Ona görə də Zubirin vurduğu qolun cavabını artıqlamasıyla aldıq.

Çoxları 1:6 hesablı nəticəni fiasko, faciə, Qurban Qurbanovun və onun əsəri olan "Qarabağ”ın sonu kimi qiymətləndirir. Amma "dozanı” bir az çox eləməyək. Hansı üzlə, hansı güclə, hansı günümüzə bu sözləri deyir, böyük iddialara düşürük axı? Bir az yerimizi bilsək, fiaskonun baş vermədiyini çox sakitcə qəbul edərik, acı gerçəkliklə barışarıq.

Son illərdə futbolumuzun yetişdirdiyi, yaxud da yetişdirə bildiyi Budaq Nəsirov elə həmin bu "Sportinq”in "A" komandası yox e, "B" komandasında özünə yer edə bilmədi. Əlbəttə ki, Budağın günahı yoxdu, ümumi səviyyəmizin göstəricisidi. Bizim futbolçuların gücü o səviyyəyə yüksəlməyə yetərli deyil.

Gənc yaşında diqqətləri üzərinə çəkən, Robert Prosineçkinin milli komandada şans verdiyi, millinin oyunları zamanı adı iştirak ərizəsinə daxil edildiyi üçün 50 min manat mükafat aldığına sevinən Elnur Cəfərov da Nəsirov kimi. Adam "Sportinq”lə müqayisə edilməsi mümkün olmayan "Tondela”dan qovuldu. Adını "əldə bir qədəh şərab” qoysa da, işin əsli belə idi. Portuqaliya çempionatının autsayderinin məşqçiləri və rəhbərliyi Riad Rəfiyevin tərifli futbolçusunun səviyyəsindən narazı qalmışdılar. İşlərin şuluq olduğunu görən Cəfərov da şərabı yerə dağıdıb, Portuqaliyadan qaçmağa üstünlük verdi.

Deyək ki, Budaqla Elnur cavandılar, xaricdə oynamağa təcrübələri və xarakterləri yetmədi. Bəs Kamran Ağayevə nə deyirsiz? "Boavişta”da xarüqələr yaratdımı? Ortabab klubun əsas qapıçısına çevrilə bildimi? Əlbəttə ki, yox. Elə Emin Mahmudov da onun kimi. Rusiyada əla futbol məktəbi keçən, milli komandamızın və lider "Neftçi”nin üzvü də Portuqaliyadan əli ətəyindən uzun qayıtmışdı. Bütün bunlar Priney yarımadasında yerləşən ölkəylə bizim aramızdakı səviyyə fərqinin göstəricisidi.

Dünən axşam BOS-un tribunalarında bir ovuc adam var idi. Soyuqda, axşamın ayazında fədakarlıq etmək, küləyə qalib gəlmək heç də hər kəsin həvəs göstəcəyi məşğuliyyət deyil. Əvəzində geniş kütlə "feysbuk”a toplanmışdı. Oyunun nəticəsi məlum olar-olmaz atmacalar, ittihamlar, istehzalar başlayacaqdı. Ara-sıra da divana uzatdıqları ayaqlarının yerini və vəziyyəti dəyişəcək, bir fincan isti çaydan qurtumlayacaqdılar.

"Qurban Qurbanov getsin”, "Rəşad Sadıqov getsin”, "Qarabağ” heyətini dəyişdirsin”, "bunlardan futbolçu olmaz”... hamınız haqlısız. Əla yazırsız, əla deyirsiz. Amma bütün bunlar söz oyunudu. Söz oyunu ilə futbol oyunu tamam fərqli şeylərdi, dostlar. Sözü oynatmağı yaxşı bacarsaq da, topu o sözlər kimi oynatmağı bacarmırıq.

Gələn mövsüm "Qarabağ” da qruplara vəsiqə qazanmasın, "Sportinq” Bakıya gəlməsin. Nə işimiz var oralarda? Özümüzə başqa məşğuliyyət tapaq. Görək gələn ilin bu vaxtı nə yazacağıq, kiminlə lağ-lağı edəcəyik... Olmaya, Roberto Bordinə?!
 
Amal ABUŞOV
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR