Tacsız qalan kral - Kimdir günahkar?

Tacsız qalan kral - Kimdir günahkar?

"Lion"a qarşı səfər matçında "Barça" xeyli qol epizodu əldə etsə də, bunları dəyərləndirə bilmədi. Oyunun ən yaxşısı yenə Messi idi. Problem ondan ibarət idi ki, əksər qol epizodları onun fərdi bacarığı, çətin situasiyalardan çıxa bilməsi nəticəsində yaranırdı.

İkinci oyunda "Lion" vurduğu qoldan sonra ruhlanıb, ardıcıl epizodlar yaradırdı. Amma Busketsin bir xətlərarası pası və Leonun iki oyunçunu uşaqcasına aldatması nəticəsində vurduğu qol komandanı rahatlatdı. Ardınca da iki məhsuldar ötürmə və iş bitdi.

Mövsümün ikinci yarısında Messi daha çox istirahət edir və daha çox oyun seçməyə başlayırdı. La Liqanın səfər matçlarında daha yaxşı oynaması da təsadüf deyildi. Bütün bunların nəticəsi olaraq, Leo 2015-ci ildən bu yana ilk dəfə idi ki, ÇL-dəki ən vacib perioda tam fit, formada girirdi. Liqadakı son matçlardan artıq maksimum formuna çatdığını görmək mümkün idi. Argentinalı "Yunayted"lə oyunda qolun xəbərçisi olan pası atması və son 30 dəqiqəlik periodda oyunu nəzarətdə saxlaması ilə komandanın son illərdə ÇL-dəki bərbad səfər matçları göstəricisinin daha da pisləşməsinin qarşısını almışdı. Amma "Barselona"dakı problemlər qalmağa davam edirdi.

"Blauqrana" "Mançester Yunayted"ə qarşı cavab matçında oyun başlar-başlamaz qapısında real qol epizodu gördü. Son illərin ən zəif MY-si "Kamp Nou"da "Barça"nın qapısında rahatlıqla qol epizodları yaradırdı. Amma yenə də komandanın ən çətin anında ortaya çıxan Messi oldu. Heç nədən sırf öz "sehri" hesabına yaratdığı şansı qol ilə bitirdi. Artıq "Barça" daha rahat idi. Növbəti qol və yaratdığı təhlükələr... - Leo "Barselona"nı 3 il sonra nəhayət yarımfinala çıxarmışdı.
 


"Liverpul" kimi, "Barça" üçün heç də münasib olmayan komandaya qarşı ilk oyunu 3 qol vurub, üstəlik qapında gol görmədən bitirərək "Enfild"ə getmək, yəqin ki, hər baş məşqçinin arzuladığı bir şeydi. Amma bizim nümunəmizdə bunun dəyərini bilməyən və ardıcıl ikinci il klubu biabırçı şəkildə turnirdən kənarda qoyan, səhvlərindən dərs çıxarmağı bacarmayan Ernesto Valverde var idi.

Məşqçinin keçən mövsümlə müqayisədə, tək fərqli gedişi bu səfər ÇL öncəsi daha çox rotasiya etməsi idi. Yəqin "Roma" məğlubiyyətinin yeganə səbəbini oyunçuların fiziki çatışmazlığında görürdü. Bəlkə də, heç matçı analiz etməmişdi, bilmirəm, ya da özündə səhv görmürdü. Valverdenin eqoist və qorxaq bir məşqçi olduğuna şübhəm yoxdur.

Valverde "Enfild"dəki matça mövsüm ərzində heç bir işə yaramayan, ilk oyunda da sıfır faydalı iş əmsalı ilə yadda qalan Koutinyo və Maneyə qarşı "möhtəşəm" müdafiəsi ilə seçilən Roberto ilə başlamaq qərarına gəlmişdi. Və pressinq altında "fantastik oyunu" ilə nam salan Rakitiçə də əsas heyətdə yer verməsi heç də təəccüblü deyildi. Mənim məşqçilik lisenziyam yoxdur. Ona görə Malkomun sürəti ilə irəlidə daha çox səmərə verəcəyini, Semedunun müdafiəsinin daha yaxşı olduğunu, Robertonun öndə daha faydalı ola biləcəyini, Alenyanın irəli daha yaxşı top daşıyacağını və Arturun top saxlamasının yararlı olacağını düşünməyimin də bir anlamı yoxdur.

Hesab və oyun "Barça"nın əleyhinə olduğu halda, Valverde yenə müdaxilə etməkdə gecikirdi. Evdəki oyunda etdiyi Semedu - Koutinyo dəyişikliyini edib, ondan ümid gözlədi. Halbuki iki matç fərqli idi, verməli olduğu cavab da fərqlənməli idi. Üstəlik, onun işin motivasiya tərəfində də nə qədər zəif olduğunu bir daha gördük. Komandanın buraxdığı 4-cü qol oyunçuların mental olaraq başqa yerdə olduğunun sübutu idi. Əksər futbolçular sanki finalın 1 matç uzaqlığında olduqlarının fərqində deyildilər. Mövsüm boyu komandanı mental olaraq irəli aparan tək adam Messi idi.
 


Mənə görə, Valverdenin etməli olduğu şeylər çox sadə idi. 3 qol üstünlüyünü qorumaq çox çətin bir şey deyil. Oyuna Vidal - Buskets -  Artur/Alenya yarımmüdafiəsi ilə başlamaq lazım idi. Messini də ilk dəqiqələrdən etibarən daha geridən, sırf yarımmüdafiəçi kimi oynatmaq faydalı olardı. Bu yolla rəqibin pressinqini daha rahat qırmaq olardı və irəlidə Malkomun sürəti ilə əks-hücumlar daha effektli olardı. Eyni anda Alenyanın mövcudluğu da Messinin lazım gəldikdə daha irəli çıxmasına şərait yaradardı. Həm də komandada Alenyadan başqa topu irəli daşıya biləcək yarımmüdafiəçi yox idi. Buna rəğmən, Valverde matça Rakitiç ilə başlayıb, Leonu irəlidə gözlədirdi. İkinci hissədə isə Arturu da oyuna salıb, oyunun tempini tamamən ələ alaraq/düşürərək işi bitirmək olardı.

Bir neçə ay əvvəl Valverdenin təcrübəyə istedaddan daha çox güvəndiyini və bu təcrübə faktorunun, əslində, komandaya daha çox zərər verdiyini yazmışdım. "Barça"da problemler çoxdur, saymaqla bitmir. Amma meydanın daxilində ən böyük problem son ÇL uğursuzluqlarının, səfər matçlarındakı əzilmənin başlıca səbəbkarı Rakitiçdir. Klub azarkeşlərinin əksəriyyəti tərəfindən top-5 yarımmüdafiəçidən biri hesab olunan, hətta yeri gəldikdə adı Tiaqo, Modriç, Verratti kimi oyunçularla müqayisələrdə hallanan və onlardan daha üstün fiqur kimi təqdim olunan Rakitiç. Onun oynadığı mövqə "Barça" üçün meydandakı ən önəmli mövqelərdən biridir. "Barselona" Çavi getdikdən sonra hələ də oranı normal oyunçu ilə doldura bilməyib. Üstəlik, tərz olaraq sözügedən mövqeyə heç uyğun gəlməyən birinə illərdi şans verirlər. Komandada Messi olduğu halda, mərkəz yarımmüdafiəçi mövqeyində Rakitiç kimi birinin oynaması Leodan maksimum yararlanmamaq anlamına gəlir. Messi hər oyun 3-4 rəqib oyunçu tərəfindən tutulur, dar zonalarda sıxışıb qalır. Belə olan halda, xətləri yara bilən, topu irəli daşımaq bacarığına sahib yarımmüdafiəçiyə ehtiyac var - yerində dönə bilməyən, ətrafındakı hadisələrdən xəbərsiz, ləng hərəkət edib, ləng düşünən və hər zaman maksimum ehtiyatlı oynayıb, səhv etməyərək ortalama azarkeşlərin gözündə səhvsiz oyunçu olan qorxaqlara yox. Neçə ildir ki, Messi özü üçün ideal mövqedə top qəbul edib, təhlükə yaradabiləcək ikən, bu, baş vermir, çünki məlum oyunçu topu aldıqdan sonra ləng hərəkət edib, sonda 2 pas variantından birini seçir: Pike, ya da Roberto. Yaradıcılıq! Bu arada, ikincini daha çox sevir. Gözlərimiz neçə ildir aşağıdakı mənzərə sayəsində bayram edir.



Bu pas xəritəsi bütün sevgi romanlarından daha dərin və daha mənalıdır. Qarşılıqlı eşq!

"Enfild"də buraxılan ikinci qola diqqətlə baxaq. Rakitiç bədəni hansı tərəfədirsə, gözü ilk kimi görürsə, ona da topu ötürür. Ən ehtiyatlı variantı yox, bu dəfə daha da pisini edib, ən yaxın variantı seçir. Albaya ötürmə verəndə 2-3 saniyə sonra ola biləcəklər onun vecinə deyil. Əsas olan topun ondan çıxmasıdır, əsas olan odur ki, səhv edən tərəf deyil. Bu, hər matç təkrarlanır. Hər görüşdə ətrafındakı oyunçuları düşünməyib, onları təzyiq altında qoyur, heç olmayacaq anda topu onlara verib, aradan çıxır. Halbuki Modriç, Frenki de Yonq, Tiaqo, Verratti kimi oyunçular burada nə edərdi?


 
Şəkildən göründüyü kimi, oyunçunun çevrilib, tamamən boşda olan Buskets və ya Messi ilə oynayaraq "Liverpul"un 3-4 futbolçusunu bir anda "azaltması" və təhlükəli əks-hücum yaratması üçün ideal imkan var. Amma əvəzində Rakitiç özünə ən yaxın adamı görür. Bəlkə də, Buskets və Messinin tamamilə boş olduğunu bilmirdi, çünki heç başını çevirib, ətrafına baxmır.

Rakitiç məğlubiyyətlə bağlı heç bir açıqlama vermədiyi halda, mətbuatda öz transferi ilə bağlı xəbər olan kimi anındaca reaksiya göstərə bilir. İki ildir hər fürsətdə yeni müqavilə istəyir. Son verdiyi müsahibədə bir daha komandanı zərrə qədər də düşünmədiyini göstərdi. Düşünsə, onsuz da, İnyesta, Çavi kimi əfsanələrin etdiyini edib, komandadan ayrılardı. Ancaq onu sadəcə bir şey maraqlandırır: özü/özünün rahatlığı.

Azarkeşləri uşaq yerinə qoyaraq, müsahibədə "Barça"nın tərzinin dəyişmədiyini deyir. Frenki ilə bağlı danışıb öz mövqeyinin ona aid olduğunu vurğulayır. Hər halda, bu adam özünü Çavi hesab edir. "Barselona" bu səviyyədə bir oyunçuya bu qədər rahatlıq verdiyi üçün top klub kimi idarə olunmadığını sübut edir. Müsahibəsində bildirir ki, "Liverpul" məğlubiyyəti açıqlana bilməz. Halbuki başlıca cavablardan biri elə onun özüdür.

Amma Rakitiçi də qınamıram. Xorvatiyalını verdiyi hər müsahibə ilə dağ başına çıxaran, meydanın daxilində komandaya vurduğu zərəri görməzdən gələrək onu müdafiə edib, fərqli olduğunu sanan azarkeşlər olduğu müddətcə İvanın belə şeylərini hələ çox görəcəyik.

Valverde istedada güvənsə və cəsur olsaydı, meydanda Alenyanı, hətta Rikini belə görə bilərdik. Bu oyunçuların kağız üzərində milyonluq olan dünya səviyyəli Koutinyo və Rakitç kimilərdən daha faydalı olacağına şübhəm yoxdur.

"Barselona" heyət olaraq çox kasaddır. Messi ümumən kollektiv oyundakı problemləri gizlətməklə yanaşı, həm də bir çox oyunçunu olduğundan daha yaxşı göstərir. Suares artıq ÇL-də bərbad performansları və qaçırdığı saysız-hesabsız qol epizodları ilə yadda qalır. Artur profil olaraq nisbətən daha uyğun görünsə də, keyfiyyət baxımından ilk ildəcə Çempionlar Liqasında komandaya bir neçə səviyyə atlatacaq qədər deyil. Alba yaxşı mövsüm keçirsə də, "Enfild"də bərbad idi. Komandada neçə ildir ki, normal sağ cinah müdafiəçisi yoxdur. Roberto, onsuz da, məşhur geri-dönüşlərdəki qollar xaricində nəyləsə yadda qalmır. Ondan sadəcə rəqib azlıqda qaldıqda və ya yorğun ayaqlara qarşı istifadə etmək olar. Semedu iki ildir ki, hələ də nə vaxt hücuma çıxacağını bilmir, cərimə meydançasına kross göndərərkən orada kimin olub-olmadığı hesaba qatmır.

Messiyə yalnız irəlilədiyi Çempionlar Liqasında kömək edən sadəcə ter Şteqen, Pike və Buskets oldu. Buskets demişkən, Rakitiç sevərlərin sevimli oyunçularındakı qüsurları görməyib, mövsümün "Barça" adına ən yaxşı yarımmüdafiəçisi olan birini qaralamalarını qeyd etmədən keçmək olmur. Serxio, demək olar ki, bütün böyük matçlarda komandanın ən yaxşı orta xətt oyunçusu idi. "Atletiko", "Tottenhem", "Liverpul" və "Lion"la oyunlar, əvvəl pis başlayıb, sonradan düzəltdiyi "Old Trafford" performansı, "Enfild"də təkbaşına qalıb maksimum edə biləcəyini etməsi... Çoxlarının gözdən qaçırdığı detal odur ki, Busketsin zəif görünən çıxışlarının səbəbkarı da Valverde, onun taktikası və ətrafındakı oyunçulardır. Yanına 2 gerçək mərkəz yarımmüdafiəçisi qoyub, doğru taktika ilə oynamaqdansa, 3 dayaq yarımmüdafiəçisi ilə oynadılan komandada Busketsdən nə gözləyirlər, mənə çox maraqlıdı.
 


Rəhbərlik illərdir ki, normal transferlər etmir və lazım olan profildə oyunçulara diqqət yetirilmir. Koutinyo və Dembele qarşılığında 300 milyon avroya yaxın pul xərcləndiyi halda, bu ikilinin ÇL-də komandaya verdiyi fayda sıfırdır. Bu, biabırçılıqdır.

"Enfild"də Leo 3 real qol epizodu yaratdı. Birincisi ilk oyunda da çətin anlar yaşatdığı, yaxşı top almaq bacarığına sahib Fabinyonu keçib, topu irəli sürərək Koutinyoya üçün yaratdığı, digər ikisi isə Alba və Suares üçün olan, onları Alisson ilə qarşı qarşıya qoyan ötürmələr. Leo topu qəbul edəndə ətrafına 4-5 oyunçu yığılırdı, buna rəğmən, irəli gedib, yeri gəldikdə cərimə zərbəsi qazana bilirdi. "Kamp Nou"dakı matçda da eyni şeyi görürdük. İndiyə qədər istər canlı izlədiyim matçlar olsun, istər keçmişdəki oyunlar, hansısa futbolçuya qarşı bu qədər ehtiyatlı davranıldığını, tədbir görüldüyünü görməmişəm. Belə çətin şərtlər altında oynayıb, buna rəğmən, bu qədər effektliv ola bilən başqa birini görməmişəm. Və bunu 10 ildən artıqdır ki, müntəzəm olaraq edir. O, doğrudan da, bənzərsizdir.

Messi bu mövsüm ÇL-də hesaba birbaşa təsir etməsi ilə yanaşı, oyun boyu da hər sahədə effektiv idi. Son illərə nisbətən daha çox pressinq edir, müdafiəyə yardımı ilə yadda qalırdı. Daha az topla oynayan, məhdud "Barça"da ola biləcək ən hərtərəfli oyunu oynayırdı. İndiyə kimi Çempionlar Liqasını qazanan futbolçular arasında bu qədər dominantını xatırlamaq çətindi. Hətta Messi özü belə, 2011 və 2015-ci illərdə nisbətən sönük matç keçirmək lüksünə sahib idi. Cari mövsümdə isə hər matç oyuna birbaşa təsir edərək çempionluğa doğru addımlayırdı, amma olmadı.

Effektsiz olduğu yeganə oyunda "Barselona" lazım olanı edə bilmədi. 3 qol epizodu yaratdığı, rəqib üçün yeganə təhlükə mənbəyi olan adamın oyununa effektsiz deyirik... Özü ilə bağlı standartları o qədər yuxarı qaldırıb ki, biz də ona arada haqsızlıq edirik. 2015-ci ildə Messinin "Bavariya"ya qarşı "Alyanç"dakı oyunu "Enfild"dəki performansından nə qədər yaxşı idi? Bəlkə də, eyni idi. İşin içinə hər iki "Barça" arasındakı keyfiyyət fərqini qatsaq, "Ənfild"dəki çıxışını daha üstün də saymaq olar. Bütün bunlara rəğmən, Leo oyunun başlarında yararlanmadığı, fərqlənsəydi belə, Alba ofsaydda olduğu üçün VAR qərarı ilə ləğv olunacaq qola görə tənqid olunacaqdı...

Messinin 10 ballıq şkalada 9-luq oynama lüksü belə yox idi. Bütün bunlara, "Barça" rəhbərliyinə görə, bəlkə də, ÇL tarixinin ən yaxşı futbolçusu sayılmayacaq. Nə edək, onun sönük olduğu oyunlarda ortaya çıxıb, yoxdan qol var edəcək Benzeması, yarımfinal, final matçlarında faydalı olacaq Beyli, müdafiəni alt-üst edib, öz hesabına qolun "təməlini atacaq" Marselosu, dünyanın ən yaxşı sağ cinah müdafiəçilərindən olan Karvaxalı yox idi. Onu xilas edəcək, daha rahat zonalarda topla qovuşduracaq Modriçi və Kroosu da yox idi. Hə, son saniyə qolları ilə matçları xilas edən Ramos da çatışmır. Messinin yarımfinalın hər iki oyununda və finalda heçnə ilə yadda qalmayıb, görünməz olub, buna rəğmən sonda təriflər eşitmək lüksü yox idi. Heç vaxt da olmayıb.

Klub daxilindəki bir digər problem isə oyunçuların hər fürsətdə Valverdeni müdafiə etməsidir. Alba bilir ki, Valverde olmasa, bu qədər matç oynamaz. Suaresin hər fürsətdə məşqçini tərifləməsi də normaldır. Yoxsa başqa birinin rəhbərliyi altında bu qədər əsas heyətə düşə bilməz, bərbad performanslarına rəğmən, ehtiyatda oturmadığı, əvəzlənmədən matçları bitirdiyi bir dünya olmaz. Rakitiçdən bəhs etməyə ehtiyac varmı? Başqa məşqçi və rəhbərlik ilə bu qədər müsbət rəftar görməyəcəyini, hər oyun 90 dəqiqə meydanda qalmayacağını, "Barça" kimi klubda əsas heyət oyunçusu olmayacağını bilir.

Daha da pisi isə son iki ildə ən çox zərər görmüş, adına ən çox ləkə gəlmiş və uğursuzluqları ən çox vecinə alan adam Messi özü olduğu halda belə, o da buna qarşı çıxmır. Ətrafdan pis reaksiya gəlsə belə, Leo məşqçi mövzusuna birbaşa qarışmalı və Valverdeni müdafiə etməməlidir. Və ən əsası, rəhbərlik özü də anlamalıdır ki, istənilən çətin xarakterli məşqçi Messi ilə yola gedəbilər. Əgər Tuxel Neymar və Mbappe kimi oyunçuları idarə edə bilirsə, Leo ilə niyə problem yaşasın? Əslində, Luis Enrike də buna sübutdur. Vaxtilə Messi ilə kiçik problemi olsa da, hər şey həllin tapmış və komanda inanılmaz uğur qazanmışdı. Problem də odur ki, bu rəhbərlik futbolu, fəlsəfəni və Messidən maksimumu necə alacağını bilmir. Bilsəydilər, 2015-ci ildən bəri daha məntiqli qərarlar qəbul edərdilər.
 
 
 
Messi ilə istənilən sistemdə uğur qazanmaq olar. Amma Valverde heç istədiyi sistemi belə oturda bilmir. Ondan fərqli, Sabelya bunu bacarmışdı. Argentina yığması praqmatik oyun üslubu ilə Leonun öndərliyində çempionluğun ucundan dönmüşdü.

Bir klubda Şteqen, Pike, Buskets və Messi kimi oyunçular varsa, ən ideal oyun üslubu topa sahib olmaq, dominant olmaqdır. Əks halda, bu oyunçuların da keyfiyyəti düşəcək. Çoxları Valverdenin Messidən maksimum nəticə aldığını düşünürdü, halbuki bu, mənim üçün çox gülməlidir. Statistikalara baxıb, Messinin ən yaxşı versiyasını gördüyünü düşünənlər yanılır. Statistikaların bu cür olması əksinə, Valverdenin sırf Leodan asılı olmasının sübutudur. Bir məşqçi 2 ildir klubdadır və komandanın yeganə planlı hücum kombinasiyası Messinin Albaya diaqonal paslarıdırsa və bunun günahı məşqçidə deyilsə, bəs kimdədir?

"Barça" yaşı artdıqca nisbətən yavaşlayan, amma digər sahələrdə daha da ustalaşan Messidən doğru yararlanmır. Hazırkı Leonun ətrafına həm müdafiə arxasına açılıb, onun üçün pas opsiyası yaradacaq, həm də müdafiəyə kömək edəcək 2 vinqer yerləşdirmək lazımdır. Messi maqnetik özəlliyə sahibdir, vinqerlər üçün yetərincə boşluq yaradır. Arxasında isə pressinq altında oynamaq bacarığına sahib, xətləri yara bilən 2 mərkəz yarımmüdafiəçisi olsa əla olar. Və ya 3-4-3 romb (3-3-1-3) oynayaraq qarşısına bir "9 nömrə" də qoymaq olar. Amma bu 9 nömrə artıq Suares olmamalıdır.

Beləliklə, komanda həm balanslı müdafiə oluna bilər, həm də Leoya "gəzmək" lüksü yaradar. Üstəlik, toplu oyunda Messinin ətrafında istifadə edə biləcəyi daha çox variant olar. Əldəki akademiya oyunçularını və şişirdilmiş futbolçuları nəzərə alsaq, bunlar kluba daha da ucuza başa gələr. Dediklərimi meydanda tətbiq edəbiləcək Tomas Tuxel, Erik ten Haq kimi məşqçilər də var. Hətta bu mövsüm ötən illə müqayisədə, "Betis"in başında daha uğursuz mövsüm keçirməsinə rəğmən, Kike Setyen belə bu komanda üçün daha uyğun adamdır. Bəli, uğursuz mövsüm - "Betis" azarkeşlərinin fikrinə hörmət etmək lazımdı. Uğursuz olmasına söz yox, amma o azarkeşlər və sərt tənqidçilər Setyendən öncə hansı halda olduqlarını və onları yüksək "mərtəbələr"ə göz dikəcək səviyyəyə gətirən adamın elə Kike olduğunu unudurlar.

Nəticə etibarilə, "Barselona" Leonun daha bir möhtəşəm mövsümünü acı sonluqla bitirdi. Halbuki gözəl hekayə üçün hər cür motiv var idi. Mövsümün əvvəlində verilən söz, Çaviestasız - əsas kapitan olduğu ilk mövsüm, bu qədər problemli komanda ilə hər matç üst səviyyə oynayıb, 10 il içində 3 fərqli məşqçi və 3 fərqli heyətlə 3-cü treblini qazanmaq imkanı. Bu mövsüm Leonun karyerası üçün "brilyant daş" olardı.

Son 3 mövsüm bu şəkildə davam edir. Amma 2017 və 2019-cu illərin yeri ayrıdı. Hər ikisində Messi inanılmaz səviyyədə idi. Xeyli problemləri olan komandada sözün əsl mənasında tək döyüşürdü - Lebron Ceymsin 2017-18 mövsümü kimi. Hər şeyi sırf statistika və nəticə üzərindən dəyərləndirməyən, işin detalına enib izləyən, düşünən insanlar bu mövsümü fərqli xatırlayacaq.

Lebronun 2017-18 mövsümündə etdikləri bir məna ifadə etmir? Klopp və ya Poçettinodan biri titulsuz qalacaq - bu, nəyisə dəyişəcəkmi? Hansısa həqiqətənmi "luzer" olacaq? Ten Haq necə xatırlanacaq? Və ya bu mövsüm Kavay Lenardın NBA pley-offunda etdikləri üzük qazanmayacağı təqdirdə silinib gedəcəkmi? İnanmıram, ən azından mənim üçün yox.

Leo mövsüm öncəsində ÇL qazanmaq üçün əllərindən gələni edəcəklərini demişdi. Messi sözünü tutdu - hətta artığını da etdi. Amma digərləri bu sözün arxasında duracaq cəsarətə sahib deyildilər. Bu mövsümü Messinin ən böyük liderliyini göstərdiyi, təkbaşına dünyaya meydan oxuduğu, tək bir komanda olduğu və öz komanda yoldaşları, məşqçisi tərəfindən qarşısı alındığı xüsusi mövsüm kimi xatırlayacam. Sözünü tutub, tacsız qalan kralın mövsümü...
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR