Taekvondodan daha 2 medal Azərbaycana gəldi

Taekvondodan daha 2 medal Azərbaycana gəldi

Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları davam edir. 

Sport7.az xəbər verir, bu gün daha 2 dəst medal öz sahibini tapıb.
 
Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdiriblər. Sevindirici haldır ki, hər 2 çəki dərəcəsində Azərbaycan idmançısı finala çıxıb. Onlardan Milad Beiqi Harçeqani çempion titulunu qazandığı halda, Fəridə Əzizova gümüş medalla kifayətlənib. Nəticədə taekvondo millimizin əldə etdiyi medalların sayı 4-ə çatıb.
 
Kişilər
80 kq
Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
 
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və Oyunları titulla başa vurub. Rəqibinə 9:4 hesabı ilə qalib gələn taekvondoçumuz çempion adına layiq görülüb.
 
Bu, yığmamızın qazandığı 12 qızıl, ümumilikdə isə 29-cu medal olub.
 
Qadınlar
67 kq
Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.
 
O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Əzizova bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Bu dəfə rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib. Taekvondoçumuz çempionluq üçün Anastasiya Barişnikova (Rusiya) ilə mübarizə aparıb. Görüş həmyerlimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 5:6. Əzizova gümüş medalla kifayətlənib.
 
Bu, komandamızın aktivinə yazılan 28-ci mükafat olub.
 
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb. Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR