"Bu, haqsızlığa uğramış komandanın "kompensasiya"sıdır" - Tahir Süleymanov

Sabiq FİFA refersi Tahir Süleymanov Macarıstan-Azərbaycan matçında hakimin qolumuzu saymamasına münasibət bildirib.
 
Sport7.az xəbər verir ki, Süleymanov baş verənlərin səhv deyil, bilavasitə qərəz olduğunu və bunun UEFA-nın tapşırığı ilə yerinə yetirildiyini bildirib.
 
Milli necə çıxış etdi, hər kəs gördü. Ümumi oyunun təhlili başqa mövzudur. Sonda gələn qolla bir xal qazanılmalıydı. Bəhlul Mustafazadənin vurduğu qol çox müzakirə edilir. Qol "səhv" adıyla qeydə alınmadı. Öncədən gözlənilirdi...

Macarıstanın Slovakiya ilə ev oyununda böyük qalmaqallar yaşanmışdı. Hakim idarəçiliyi ədalətsizliyinə görə. Macarlar açıq-aşkar sıxılmış, uduzdurulmuşdu. Oyun gedə-gedə, matçdan sonra etirazlar aşıb-daşırdı. Buna görə UEFA mədəni Avropada Macarıstan millisini, federasiya, stadionu cərimələmiş, tribunalar fanatların üzünə qapanmışdı. Belə qarşılaşmalardan sonra "kompensasiya" mütləq olur. Xorvatlarla matç münasib deyildi və səfərdə idi. Macarların evdə Azərbaycanla görüşü əsl "ədalət"ın bərpa olunması anı idi. Belə də oldu. Hakim idarəçiliyi baxımından çətin oyun deyildi. Belə görüşləri bir epizod həll edir. Epizod isə çox asan sezilirdi. Bəhlul Mustafazadəni, əlini-qolunu görmək üçün hakimlərə heç nə mane olmurdu. Baş hakimin arxa-yandan görməməsini nisbətən qəbul etmək olarsa, köməkçinin epizodu dəqiq sezməməsi mümkünsüzdür. Köməkçi hakimin görmə bucağı ideal idi. Qapı meydanında Bəhlul, top, bədən, əl-qol açıq görünürdü. Epizodda nə qarışıqlıq var idi, nə də hakim(lər)ə mane olacaq başqa faktor. Ən incə məqam da, Bəhlulun kürəyi heç köməkçiyə tərəf deyildi. Hakim futbolçunu, topu, açıq bədən hərəkətini, topun trayektoriyasını ideal bucaqdan görürdü.

Belə qolların sayılmaması səhv deyil, əvvəlki oyunlarda haqsızlığa uğramış komandanın "ödənişi", "kompensasiya"sıdır".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR