Tahir Süleymanov:

Tahir Süleymanov: "Ştuxlikin niyyəti çempionatı, klubları düşünmək deyil"

Premyer Liqanın geridə qalan 4 turu hakim səhvləri ilə zəngin oldu. Hətta, vəziyyət elə gətirib ki, hansısa oyunda səhv olmayanda artıq bu Azərbaycanın futbol ictimaiyyətində təəccüb doğurur. Gülməli də olsa həqiqətdi. Hakimlər Komitəsinin avstriyalı sədri Fritz Ştuxlik və ətrafı, yəni komitədə yer alan sabiq referilər hələ ki, yarıtmaz işlərini davam etdirməkdədi. Bunun nəticəsi olaraq ölkə futbolunda hakim səhvləri getdikcə artmağa başlayıb. Hətta, bəzilərinin artıq qərəzi idarəçilik etdiyini düşünənlər də var. Bəs səbəb nədi? İndiki hakimləri ümumiyyətlə Premyer Liqadan silib atmaq lazımdımı? Belə davamiyyət nəyə gətirib çıxara bilər? Bu suiallara cavab almaq üçün mütəxəssis fikri öyrənmək qərarına gəldik. Sabiq FİFA referisi, Azərbaycanın tanınmış hakimlərindən olan Tahir Süleymanovla danışdıq. 

Tahir bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Hakimlik bütün dövrlərdə diqqət mərkəzində olub, çox ağır sahədir. Bu gün də belədir. İdarəçiliyi, əsasən də gənc hakimləri günahlandırmaqdan öncə ümumi səbəblər araşdırılmalıdır. Ağacın budağını kəsməklə kök düzəlmir, ən yaxşı halda calaq olur...".

Tahir bəy belə nəticələrin səbəbinin nə olduğunu da dedi: "Nəticələrə təsir edən hakim səhvləri əvvəllər də olub. Əsasən belə durum çempionatda 7-10 turdan sonra başlayır. Bir tərəfdən komandaların əksəriyyəti ilk turlarda hələ xal saymırlar, digər tərəfdən də təlim-məşq toplanışlarından, hazırlıqdan sonra hakimlər ilk turlarda daha məsuliyyətli olur, üzərlərinə çox yük düşmür,  çempionatda yerlərini möhkəmlətmək üçün idarəçilikləri yerində olur. Bu yay komandalar xaricdə hazırlıq keçdikləri vaxt Hakimlər Komitəsinin rəhbəri Ştuxlik Azərbaycanda qazandığı pullarla Avstriyada istirahət edir, ara-sıra da avrokubok oyunlarında görünürdü. Hakimlər heç bir ciddi təlim-məşq toplanışları keçmədilər, vacib yoxlama oyunlarında praktika, nəzəri bilik, təhlil qazanmadılar. Ştuxlikin "UEFA da 3-4 günlük seminarlarla kifayətlənir" fikri isə absurddur. Almaniya, İtaliya, Ispaniya, İngiltərə, ümumilikdə bütün Avropadan olan FİFA referiləri, elə öz Əliyar Ağayevimizlə təcrübəsiz, gənc, püxtələşməmiş hakimlərimizi müqayisə etmək, bir tərəziyə qoymaq ibarəçilik düşüncəsinin, bacarıqsızlığının əyani göstəricisidir. Pespektivli cavan hakimlər hazırlıqsız olaraq çempionata buraxılır, hətta təyinatlarda belə FİFA referilərimiz onların kölgəsində qalır, saxlanılır. Kütləvi olaraq belə addımların atılması yolverilməzdir. Gənclər tədricən, rəqabətdən keçərək layiqli yerlərini qazanmalıdırlar".

Süleymanov gənc hakimlər arasında bacarıqlıların olduğunu, lakin Ştuxlikin rəhbərlik etdiyi komitənin onları düzgün şəkildə inkişaf etdirmədiyini də vurğuladı: "Gənc hakimlər arasında bacarıqlılar yox deyil, Azərbaycan hakimlik məktəbi hər zaman istedadları ilə seçilib. Onları birbaşa oda atmaq yanlış addımdır, hələ oyunlara tam hazır deyillər. İlk turdan başlayaraq nəticələrə təsir edən kobud hakim səhvlərinin kökündə hakimlər yox, ümumi işə yanaşmanın nəticəsi dayanır. Gənclərə dəstək vermək yaxşı haldır, əgər sağlam rəqabət yaradılarsa, onların üzərində hərtərəfli çalışılıb idarəçilik incəliklərini, səviyyəsini aşılayandan sonra meydanlara buraxılarsa... Reallıqda isə Ştuxlikin niyyəti çempionatı, klubları düşünmək deyil, "gəldim və neçə hakim hazırladım" təfəkkürüdür.  Hakimlər 1-2 ilə yetişmir, onlar var idi. Bununla yanaşı haqsızlıqlar da baş alıb gedirdi. Yeni sistemin yaradılması belə yanaşma ilə olmamalıdır. Hələ hazır olmayan gəncləri həvəsləndirib meydana sürükləmək, "yandırmaq" Azərbaycan hakimlik məktəbinə, futbola zərbədir. Bəxt gətirib ki, əvvəlki çempionat, rəqabət, iddialı, dolu tribunalı, dəstəyi olan klublar yox dərəcəsindədir. Əks halda, hətta bacarıqlı gənclər belə təbii olaraq oyunlara hazır olmadıqları üçün psixoloji təzyiqə dözməyərək yaşıl meydanlarda "sındırılardı". Heç 8 komandalı "Bakı birinciliyi"nə hazır deyillər və günah da onlardan çox cavanları kütləvi halda meydana buraxanlardadır. Əksər oyunlarda kobud idarəçilik səhvlərinin kökündə əsasən bunlar durur...

Sabiq referi belə davamiyyətin futbolumuz adına heç də xoş nəticələr verməyəcəyini də söylədi: "Belə yanaşma, gedişlərlə hələ kobud hakim səhvləri,  qalmaqalları çox yaşanacaq. İndi meydanda elə hakim səhvləri olur ki, onları ancaq "birinci sinif" şagirdləri edir. Rəqabətsiz çempionat olsa da, belə eksperiməntlərə yer verilməməlidir, U-19 liqası deyil. Elementar məntiq var. Bacarıqlı hakimimiz Əliyar Ağayev niyə hələ Avropada daha önəmli görüşlərə təyinat almır, idarə etmir? Çünki UEFA tədricən hakimimizi qalxan trayektoriya ilə o səviyyəyə hazırlayır. Birdən-birə mümkünsüzdür, həm yarışların nüfuzuna xələl gələr, həm də istedadlı hakimlər məhv edilər. Eyni yanaşma öz səviyyəsində Azərbaycan çempionatına da aiddir və doğrusu da budur. Bu sistem tək hakimliyə aid deyil, ümumi futbolda da belədir. Messi kimi futbolçu gənc dövründə Ronaldinyonun yanında 15-20 dəqiqə, bir hissə, tədricən oyunlara qoşularaq bu günlərə gəlib çatıb. Gəncləri öyrətməklə yanaşı qorumaq lazımdır, çempionat qarışıq "yandırmaq" yox".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR