Tağı çiynində bitən Prosineçki

Tağı çiynində bitən Prosineçki
Atalarımız yaxşı deyib: "Bəylə bostan əkənin tağı çiynində bitər”. Azərbacan futbolunun bəyi də AFFA-nın baş katibi Elxan Məmmədovdu. Onunla sövdələşməyə gedənin, hansısa formada işbirliyinə razılaşanın tağı mütləq çiynində bitməlidi.

Biz buna bir çox misallar çəkə bilərik. Moskvadakı gül kimi iş-gücünü atıb, Bakıya AFFA üçün telekanal açmağa gələn televzyonçu İlham Rüstəmovun aqibətini hamımız görmüşdük. Adam gecəni gündüzə qatdı, "CBC Sport”un qısa müddətdə ekrana çıxması üçün canını qoydu. Çoxları təyin edilən tarixdə yeni telekanalın efirə çıxacağına inanmırdı da. Amma Rüstəmov bunu bacardı. Qısa müddətdə kollektiv formalaşdırdı, kövrək addımlarını adam "CBC Sport”u müxtəlif ideyalarla diqqət mərkəzinə sala bildi. Bir də onda ayıldı ki, ona ehtiyac qalmayıb. Yayım hüquqlarının alınmasıyla bağlı danışıqları təkbaşına aparması, onu Bakıya gətirənlərlə məsləhətləşməməsi, bəzən özünü həddindən artıq sərbəst hiss etməsi, rəqib gözüylə baxdığı telekanalların bostanına daşlar atması ipləri qopardı. Əkdiyi ağacın meyvələrini dərmədən Moskvaya yola salındı.

İndi Robert Prosineçki də oxşar vəziyyətdədi. Onun AFFA-dan xəbərsiz "Bursaspor”la danışıqlar aparması, millimizi Türkiyə klubuna dəyişmək fikrinə düşməsi münasibətləri dəyişib. Xorvatiyalı mütəxəssisin səhhətində ciddi problemlər yarandığı göz önündədi. Adam iyunun 13-də Bakını elə qəzəblə, stresslə tərk etmişdi ki, uzun müddət bura qayıtmaq istəmirdi. Qayıdarkən də səhhətinin və əhvalının yerində olmadığına gözlərimlə şahid olmuşdum. "Qarabağ” – "Qəbələ” oyunundan sonra "Azərsun Arena”nın pilləkənlərini təngnəfəs halda, çətinlik çəkərək düşürdü.

Dünən keçirlən mətbuat konfransının sonlarında həmin problemlər yenidən özünü göstərdi. Konfransın gedişində boğulan adamlar kimi öskürməyə başlaran Prosineçki sona doğru dözə bilmirdi. Əlini sinəsinə və kürəyinə gəzdirən xorvat bir an öncə konfransın bitməsini, zalı tərk etmək şansı qazanmasını gözləyirdi. Hətta adətinin əksinə olaraq, heyəti açıqlamadan getmək istəyirdi. İsrarlardan sonra heyəti açıqlayarkən hansı vəziyyətə düşdüyünü görmək isə ürəkağrıdan mənzərə idi.

Gördüyü işdən, yaşadığı mühitdən zövq ala bilməyən Robi əsəb gərginliyindən əziyyət çəkir. İş o yerə gəlib çatıb ki, ona nəzərdə tutduğu heyəti qurmağa, hazırlıqlı futbolçuları meydana buraxıb, futbol oynatmasına imkan vermirlər. Prosineçkinin ciddi müalicə almasına, psixoloji gərginlikdən qurtulmaq üçün Bakıdan və AFFA-dan uzaq gəzməsinə ehtiyac var. Amma burada girova çevrilib. Hansısa gizli şərtlər, anlaşmalar, kimlərinsə yanında gözükölgəli olması, ilk gündən Foqts kimi qətiyyətli davrana bilməməsi ona sərbəst hərəkət etməyə imkan vermir.

Yaxşı ki, qurtulmağına az qalıb. Sabah millimizlə birlikdə Bakını tərk edib, Almaniyaya yollanacaq. Robert bundan sonra çətin ki, bir daha Azərbayacana qayıda. Bu sözlərimi unutmayın!

Amal ABUŞOV

Xəbər lenti