"Tarixə topla səyahət" - 1992

Deyirlər təkrar biliyin anasıdır. 

İllər keçdikdə tarixə aid bir sıra məqamları istər-istəməz unuduruq. Buna görə tarixi yada salıb, biliyimizi yeniləməkdə fayda var. 

Sport7.az saytı yeni rubrikaya start verir. "Tarixə topla səyahət" rubrikasında müstəqil Azərbaycanın futbol tarixindən bəhs edəcəyik. Bu həm bildiklərimizi yada salacaq, həm də yeni-yeni Azərbaycan futbolu ilə maraqlanan azarkeşlərin məlumat almasına köməkçi olacaq. 

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın sayca 1-ci futbol çempionatı 1992-ci ildə start götürüb. 

Həmin dönəmdə Yüksək liqamızda indiki kimi 8 komanda yox, nə az-nə çox 26 komanda iştirak edib. 26 komanda hər birində 13 olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə I mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. 

Əsasnaməyə uyğun olaraq turnir 8 ən zəif komanda aşağı dəstəyə yuvarlanıb. 

Həmin ildə qələbəyə görə komandalar 2 xal qazanırmış. 

"Gənclik” komandası startda mübarizəni dayandırdığından nəticələri ləğv olunub, lakin bütün rəqiblərinə top fərqi sayılmadan (yəni 0:0) 2 qələbə verilib. "Şirvan” (Kürdəmir) isə II mərhələdə oynamaqdan imtina etdiyindən rəqiblərinə 2 qələbə verilib.

"Xəzər” mövsümün əvvəlində "Lənkəran” adı altında çıxış edib.

1992-ci ilin Azərbaycan çempionu adını paytaxtın "Neftçi" klubu qazanır. Komanda 36 oyunun 30-unda qələbə qazanıb. 62 xal toplayan çempion 2 dəfə heç-heçə edib, cəmi 4 oyunda isə məğlub olub. 

Çempiondan 5 xal geri qalan Sumqayıtın "Xəzər" komandası ikinci, 56 xalla "Turan" (Tovuz) isə üçüncü olub. 
 


Çempionatın ən sərrast futbolçusu isə gümüş makafatçı "Xəzər"in hücumçusu Nazim Əliyev olub. O, 33 oyunda 39 qola imza atıb. 

Bombardirlərin siyahısında ilk "10"luq belədir:

1. Nazim Əliyev, "Xəzər" (Sumqayıt) - 39 (33 oyun)
2. Samir Ələkbərov, "Neftçi" (Bakı) - 36 (34 oyun)
3. Mehman Allahverdiyev, "Kəpəz" (Gəncə) - 30 (28 oyun)
4. Yunis Hüseynov, "Neftçi" (Bakı) - 29 (25 oyun)
5. Azər İsayev, "Xəzər" (Sumqayıt) - 18 (32 oyun)
6. Əlövsət Bayramov, "Kürmük" (Qax) - 15 (27 oyun)
7. İlham Məmmədov,  "Turan" (Tovuz) - 15 (30 oyun)
8. Qurban Qurbanov, "Daşqın" (Zaqatala) - 13 (23 oyun)
9. Əli Abışov, "Plastik" (Salyan) - 13 (30 oyun)
10. Mahir Əliyev, "Qarabağ" (Ağdam) - 13 (31 oyun)


Statistikaya görə, çempionatın "ən qollu oyunu" "Kəpəz" - "Ümid" matçı qeydə alınıb. Bu oyun gəncəlilərin 13:1 hesablı qələbəsi ilə başa çatıb. Elə bu oyun çempionatın "ən yüksək hesablı ev qələbəsi" kimi də tarixə düşüb. "Ən yüksək hesablı səfər qələbəsi" isə "Şirvan" - "Kürmük" görüşündə qeydə alınıb. Burada qonaqlar meydan sahiblərini 7:2 hesabı ilə məğlubiyyətə uğradıb. 

Azərbaycan kubokunda isə 16 komanda iştirak edib. Finalda Mingəçevirin "Kür" komandası ilə Bakının "İnşaatçı" klubu qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi Azərbaycan kubokunun qalibi olub. 
 


Həmin vaxtlar Azərbaycan Superkuboku uğrunda görüş də keçirilib. Çempion "Neftçi" ilə Kubokun qalibi "İnşaatçı" qarşılaşıb. 1993-cü ilin 21 fevral tarixində Sumqayıt şəhərində keçirilən matçda "Neftçi" 4:1 hesabı ilə qalib gəlib. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR