Tatu ustası olan MMA çempionu ilə FOTOREPORTAJ

Tatu ustası olan MMA çempionu ilə FOTOREPORTAJ

"Facebook"da tatu edən usta profilləri axtararkən Adəm bəyi tanıdım və onun yanına getmək qərarına gəldim. Ancaq getdiyim məkanda maraqlı mənzərə ilə qarşılaşdım. Salonun divarında tatu şəkilləri, eskizləri ilə yanaşı medallar asılmışdı. Sən demə "Tattoo Master"in həm də idmançı imiş. Bu fürsəti heç qaçırardım? Mənimki həm ziyarət, həm ticarət oldu.
 
 
Fikrimcə, həm tatu ustası, həm də MMA üzrə Azərbaycan çempionu olan Adəm Qəhramanovun müsahibəsi oxuculara da maraqlı olar. 
 


- Adəm, əvvəlcə özün haqda bizə məlumat ver. 
- 1990-cı ilin 10 oktyabr tarixində Naxçıvanda anadan olmuşam. 2013-cü ildə Bakıya köçdükdən sonra idmanla məşğul olmağa başladım. İlk nailiyyətimi 2015-ci ilin martın 26-da qazanmışam. Pankartion üzrə Bakı 2-ciliyində. 2016-ci ilin aprel ayında isə Qran pridə Azərbaycan çempionu olmuşam. Daha sonrakı müddətdə Bakı, Azərbaycan çempionluqlarım var. Beynəlxaq turnirdə də çempion adı qazanmışdım. Yarışlar hələ də davam edir. İlin sonunda Azərbaycanda MMA üzrə dünya çempionatının keçirilməsi planlaşdırılır. İndi ona hazırlaşıram. Ümid edirəm ki, komanda olaraq yüksək nəticələr əldə edərik. 
 


- Bəs necə oldu ki, tatu ustası kimi də fəaliyyətə başladın. Bu biraz əl qabiliyyəti tələb edən işdir...
- Dayım Şəmsəddin Böyükdüzlü Naxçıvanın əməkdar rəssamıdı. Özü də bir çox sərgidə iştirak edib. Mənə də əl qabiliyyəti ondan keçib. Marağım vardı. Yönləndirdilər və 3 ilə yaxındı peşəkar olaraq bu işlə məşğul oluram. 
 


- Hər halda ən çox müştərin idmançılar olur.
- Əlbəttə. Ən çox öz idman növümdəki yoldaşlarıma edirəm.
 


- Tatunu sırf maraq üçün edirsən, yoxsa maddi gəlir üçün?
- Hər ikisi.
 
- Bəs MMA-dan gəlir olur?
- Xeyr, hələ gəlir yoxdu. Çünki bizdə elə idman növüdür ki, sırf  məhşurlaşdıqdan sonra gəlir olur. O vaxta kimi ancaq özün-özünü maliyyələşdirməlisən. 

- Fikrincə, neçə müddətə o səviyyəyə çatarsan?
- Onu həyat göstərər. 3 aydan, 3 ildən sonra başımıza nə gələcəyini bilmirik. Zədə ala bilərəm, idmandan uzaqlaşa  bilərəm. Heç kim heç nədən sığortalanmayıb. 
 


- Ölkəmizdə MMA-ya diqqət varmı?
- Var. Keçmişlə müqayisədə qayğı, diqqət artıb. Artıq ölkəmizdə beynəlxaq yarışlar keçirilir. Sonuncu dəfə ən mötəbər yarışlardan olan ACB Bakıda keçirildi. Bu da ölkəmizdə bu idman növünə diqqətin artdığını göstərir. Bu da federasiya prezidenti Azad Əsgərovun və GƏnclər və İdman Naziri Azad Rəhimovun nailiyyətidir.

- Elə bir tatun var ki, hansısa idmançıda görüb bəyənib özünə də çəkmisən, və ya çəkdirmisən?
- Var. Aktyor olsa da, Dueyn Consonun tatusun bəyənmişdim.
 


- Təhsilin rəssamlıq üzrədi, yoxsa idman?
- İqtisadiyyat üzrə. 

- Bəs gələcəkdə hər hansısa biri ilə bağlı təhsil almaq fikrin var?
- Xeyr, elə fikrim yoxdu. Öz üzərimizdə işləyib, inkişaf edirik. Hansısa məktəbi bitirməyə gərək yoxdu.
 


- Bizim cəmiyyətdə tatuya elə də maraq yoxdu. Heç olmasa nəsə qazanmaq olur?
- Çox şükür, olur. Qazanc yaxşıdı. Belə baxanda, məsələn, rəssamlarla müqayisədə bizim gəlirimiz daha çoxdu. 

- Ən çox tatuya kimlər üstünlük verir? Xanımlar, ya bəylər?
- Təbii ki, bəylər üstünlük verir. Ancaq xanımlar da az deyil. 

Röya Kərimli
Sport7.az
 


 
 






 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR