Təklənmiş Məmməd

Təklənmiş Məmməd

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raunduna yüksəlməkdə hamımızı sevindirdi. İlk görüşdəki böyükhesablı məğlubiyyətdən sonra heç kimin inanmağı gəlməzdi ki, millimiz bizi qrupdan çıxmaqla sevindirəcək. Amma onlar çətin tapşırığın öhdəsindən gəlməyi bacardılar. 

Uğurun memarı kimi U-19-un baş məşqçisi Vüqar Məmməd göstərildi. Gənc mütəxəssisin buna haqqı da var idi. Uduzanda məşqçilər tənqid olunursa, qələbə qazananda da onları tərifləmək lazımdı. İndiki halda isə Vüqar bəy tərifli sözlərə, alqışlara layiq olan şəxsdi.
 
Onun adı AFFA-nın İcraiyyə Komitəsinin sonuncu iclasından sonra yenidən diqqət mərkəzinə düşdü. Məlum oldu ki, AFFA Qurban Qurbanov başda olmaqla milli komandaların digər çalışdırıcılarını istefaya göndərir. Təkcə Vüqar Məmməd istisnadı. Məmmədlə işbirliyi davam etdiriləcək. Səbəbini də təxmin etmişdik. AFFA baş katibi Elxan Məmmədovun brifinqə verdiyi açıqlama isə bu təxminin təsdiqi oldu. U-19 millimiz elit-raunda yüksəldiyi üçün onun müqaviləsinə xitam verilməmişdi, qalıb işləməsi məsləhət görülmüşdü.

Bir qədər sonra Vüqar Məmməd yenidən diqqətləri öz üzərinə çəkdi. Bu dəfə xoş xəbərlə yox, bəd xəbərlə. U-19 millimizin baş məşqçisi Pro kateqoriyasına yiyələnmək üçün verdiyi imtahandan kəsilmişdi. İşin maraqlı tərəfi o idi ki, dekabrın əvvəlində işini itirən gənc mütəxəssislərin hamısı kateqoriya imtahanından uğurla keçmişdilər. Rəşad Sadıqov, Zaur Həşimov və Ramin Quliyev məşqçilər üçün ən ali dərəcə sayılan Pro kateqoriyasına yiyələnmişdilər, Vüqar Məmməd isə yox. Burdan belə başa düşülürdü ki, AFFA-nın istefaya yolladığı məşqçilər etimad göstərdiyindən daha bacarıqlı və savadlı imiş. Sadəcə, bu qərarda digər məqamlar rol oynayıb.

Həmin məqamların nə olduğunu isə biz az sonra bildik. Vüqar bəy çalışdırdığı milli komandaya "Krasnodar”ın iki yetirməsinin çağırılmasına razılıq verdi. Özü də AFFA-nın sevimli metodları ilə bu prosesə yağ çəkdi, suvaq vurdu. Məmmədin həmin vaxt səsləndirdiyi fikirlərdən bəzilərinə diqqət yetirək: "Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyak U-19-da oynamağa razılıq veriblər. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər”. Mən burdan Vüqar bəyə səslənirəm. Petersonla Pidlisnyakın ailələri haqda daha ətraflı məlumat versin, bizi də onların həqiqətən də Azərbaycan köçdüyünə inandırsın. Ondan sonra Vüqar bəyə hörmətimiz daha da artar, kimlərinsə çaldığı havaya oynamadığına əmin olarıq.

Hələliksə belə bir fakt ortaya qoyulmayıb. Sergeylə Ruslanın Azərbaycana heç bir bağlığı yoxdu. İndiyə qədər AFFA-nın Rusiyada, Ukraynada, Almaniyada tapıb, "milliləşdirdiyi” "istedadlar” kimi. Əvvəllər buna Foqts, Prosineçki, Yaşar Vahabzadə, Təbriz Həsənov ikiəlli razılıq verirdi. Bundan sonra da həmin siyahıya Vüqar Məmməd qoşulacaq, Riad Rəfiyevin "kəşfləri”ndən qurulmuş komandanı çalışdıracaq. Çünki meydanda tək qalıb, razılıq verməsə, onu "oyundan” çıxaracaqlar. Pro kateqoriyasından kəsilməsi də buna bir siqnaldı. Yəni ki, çox yuxarıdan getmə, ehtiyatlı ol!

Amal ABUŞOV
          
 
 

Xəbər lenti