Təmkin Xəlilzadə: "Hakimlər əziyyətimizi yerə vurur"

Təmkin Xəlilzadə:
"Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə komandanın durumundan danışıb.

Ötən tur "Qarabağ"la matçın 90-cı dəqiqəsində rəqib həmkarını təpiklə vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılan və "Keşlə" ilə görüşü kənardan izləmək məcburiyyətində qalan Təmkin Sport7.az-a müsahibəsində bunları söyləyib.

- "Keşlə" ilə oyunu kənardan izlədin. Hansı hissləri keçirdin?

- Mənim üçün çox ağır hisslər idi. Əziyyət çəkdim. Çünki meydanda olanda başqa hisslər keçirirsən. Amma kənardan baxanda, istər-istəməz ürəyin partlayır, komandaya kömək edə bilmirsən. Adam çox əsəb keçirir. Oyuna gəlincə, gözləmədiyimiz halda qapımızda qol gördük. Tamamilə üstünlük bizdə oldu. Hücumlar qurduq, düzdü qol da vurduq. Amma ikinci qolu vurmağa gücümüz çatmadı. Bir qədər də oyunun sonlarındakı epizodla bağlı hamımız üzgünük. Əziyyətimizi yerə vururlar. Hakimlər bir qədər diqqətli olsalar yaxşıdı.

- Hakimliyin nəticəyə təsiri oldu?

- Əlbəttə, oldu. Elə bir məqamda fərqli qərar çıxarmaq, penaltini qeydə almamaq sadəcə... Nəbilim... Desəm ki, hakim epizoda uzaq idi, belə deyil. Düz gözləri qarşısında olan kobudluq idi.

- Ümumiyyətlə, komanda mövsümün əvvəlindən toparlana bilmir. İnamsızlıq, ardıcıl xal itirilməsi... Bunun səbəbini necə izah etmək olar?

- Bilirsiz necədi, "qara zolağ"a düşmüşük. Ardıcıl məğlubiyyətlər, heç-heçələr... Fikrimcə bir qələbə bütün bunların üzərindən xətt çəkəcək. Hansısa oyunda istədiyimiz nəticəni əldə etsək, inanıram ki, qələbələrin davamı gələcək. Bir qələbəyə ehtiyacımız var. Bunun üçün alışıb-yanırıq. Komanda çox bərbad səviyyədə də deyil. Düzdü, turnir cədvəlində ürəkaçan yerdə qərarlaşmamışıq. Bir qələbə olsa, hər şeyin qaydasına düşəcəyinə inanıram.

- Necə fikirləşirsən, "Keşlə" ilə matçda sənin yerin görünürdü? Oynasaydın, komanda qələbə qazana bilərdi?

- (gülür) Bu suala cavab vermək çətindi... Belə bir şey yoxdu ki, deyim "Təmkin meydanda olsa komanda 100 faiz qələbə qazanardı". Komandada yoxam, amma məni layiqincə əvəz edən futbolçular var. Heç vaxt "mən yoxam, komanda axsayacaq" deyə düşünməmişəm. Meydanda olsaydım, qələbə üçün əlimdən gələni edərdim. Amma oyunu kənardan izləmək, mənim üçün dəhşət ağırdı. Həmin 90 dəqiqə mənim üçün 1-2 ilə bərabər oldu.

- Baş məşqçinin fikirləri öz yerində. Təcrübəli futbolçu kimi komandada nə çatmadığını düşünürsən?

- Bunu bir məqama bağlayardım. Hazırda psixoloji durumumuz yaxşı deyil. Nəticələr belədi, hər oyundan sonra jurnalistlər də bizə suallar verir, evə gəlirik, evdəkilər də səbəb soruşur. Beynimiz də bir qədər dolub. Bu vəziyyətdən çıxış yolunu özümüz tapmalıyıq. Psixoloji durumu düzəltməli, nə olur olsun, qarşıdan gələn "Zirə" ilə matçda 3 xalı qazanmalıyıq ki, hər şey qaydasına düşsün.

- Bu psixoloji durum məşqlərə də təsir edib?

- Xeyr, məşqlərimiz yüksək səviyyədə davam edir. İnamsızlıq olsa, məşqlərimiz normal getməz. belə şey olsa məşqçilər görər və dərhal aradan qaldırar. Oyunlara hazırlaşırıq. Sadəcə, çatışmayan qələbədi. Bir komanda ardıcıl uğursuzluq yaşayanda hamı üstünə düşür. Belədə istər istəməz futbolçular öz üzərlərində təzyiq hiss edirlər. Bu turdan sonra fasilə var və bundan maksimum yararlanmağa çalışacağıq. Bütün olanları 3 xala bağlayıram, olsa, bütün söz-söhbətlərin üzərindən xətt çəkəcək. 

- "Zirə" ilə oyuna hazırlıq necə gedir?

- Artıq "Keşlə" ilə oyunu unutmuşuq. Bakıya gəlmişik. Bu gün fasilə verib, sabahdan məşqlərə başlayacağıq.

- Qarşıdan millinin oyunu gəlir. Düşünürsən ki, ötən tur "Qarabağ"la oyunda etdiyin hərəkət yığmanın qapılarını üzünə bağlaya bilər?

- Bu sual artıq mənə neçənci dəfədi verilir. Bilirsiz, yığma və klub ayrıdı. Bu klubda baş verib. Qurban Qurbanovun intizama ciddi fikir verən məşqçi olduğunu bilirik. Özü də futbol oynayıb. İnşallah, özü də fikirləşər və məni hardasa başa düşər. Etdiyim hərəkətə haqq qazandırmıram. Olmamalı idi, amma oldu. Buna baxmayaraq Qurbanovun belə qərar verəcəyini düşünmürəm və millidən dəvət gözləyirəm. Qarşıdakı iki oyunda canla-başla yığmaya kömək etməyə hazıram.

- Yığmada da son vaxtlar qələbə olmadığı üçün bir qədər inamsızlıq yaranıb. Qarşıdakı oyunlarla bağlı nə düşünürsən?

- Azarkeşləri də başa düşürəm. Sizin vasitənizlə onlara səslənirəm, sona qədər dəstəkləmək, yığmanın yanında olmaq lazımdı. Onları görəndə bizə daha çox istək gəlir, motivasiya oluruq. Uğur qazananda dəstəyə ehtiyac olmur. Uğursuzluq zamanı komandanın yanında olmaq lazımdı. Azarkeşlərlə bağlı heç nə danışmaq istəmirəm. Onlara həmişə dəstək verdiklərinə görə təşəkkürümü bildirmişəm. Ruhdan düşməsinlər. Milli adından söz verirəm ki, inşallah əziyyətlərini yerə vurmayacağıq.

- Şansları necə dəyərləndirirsən?

- Konkret dönüş nöqtəsi olmalıdı. Bu oyunlardan çox şey asılıdı. Elə bilirəm ki, istədiyimiz nəticəni əldə etsək, qalan oyunlarda meydana daha rahat çıxacağıq.

Sport7.az

Xəbər lenti