Təmkinli “Qəbələ”nin Romanı

Təmkinli “Qəbələ”nin Romanı
Sosial şəbəkələr hər kəs üçün bir rahatlıq yaradıb. Onun vasitəsi ilə fikir mübadiləsi aparmaq, cəmiyyətin nə düşündüyünü öyrənmək xeyli rahatdı. Xüsusən də biz yazı-pozu adamları üçün. Arabir yazılarımız barədə onların nə düşündüklərini öyrənir, oxucu fikirləri ilə tanış oluruq. Eləcə də sualları cavablandırırıq. Dünən də belə günlərdən biri idi.

"Neftçi” ilə "Qəbələ”nin ölkə kubokunun yarımfinalındakı cavab görüşü gündəmi zəbt etmişdi. Hamı bu qarşılaşmadan danışır, nəticənin necə olacağı barədə proqnozlar verirdi. Sözsüz ki, azarkeşlər də öz komandalarının qələbəsini, yəni finala yüksəlməsini arzulayırdılar. "Qəbələ”nin sadiq azarkeşlərindən biri günorta saatlarında məndən oyunun necə bitəcəyini, favorit olaraq kimi gördüyümü soruşdu. Cavabım qısa idi: "Vacib olan "Qəbələ”nin bu oyuna köklənməsidi. "Neftçi” ilk görüşdə qələbə istəyinin nə qədər vacib olduğunu göstərdi. İstər fərdlər üzərindən, istərsə də kollektivin müqayisəsini aparsaq, "Qəbələ” bir addım öndədi. Yetər ki, bu fərqi meydanda göstərə bilsinlər”.

Rauf Cabbarovun idarə etdiyi möhtəşəm 90 dəqiqə sözlərimi isbatladı. Bu dəfə meydanın tək hakimi "Qəbələ” idi. Roman Qriqorçuk komandasını özü gücünə inandırmağı, finala yüksəlməyin zərurətini izah etməyi bacarmışdı. "Qırmızı-qaralar” cəmi 6 gün, hətta "Səbail”lə oyundan bəri keçən 3 gün ərzində xeyli dəyişmişdi. "Qəbələ” səviyyəli futbolçulardan qurulmuş yaxşı komanda olduğunu isbatlamağı bacardı.

Bu fikirlə mübahisə etməyə dəyməz. Çox sadə bir misalla isbatını görmək mümkündü. Yarımfinal qarşılaşmasının taleyini kim həll etdi? Əlbəttə ki, Baqali Dabo. Topaz Premyer Liqasının bombardi ilk görüşdə meydanda yox idi. "Bakcell Arena”da isə öz varlığını artıq 20-ci dəqiqədə hiss etdirməyi bacardı. Özü də çox vacib bir məqamda. Mustivarın bədəninə özündən xəbərsiz toxunan top qapıya daxil olmuş və "Neftçi” hesabı açmışdı. Hər keçən dəqiqə paytaxt klubunu finala yaxınlaşdırırdı. Üstəlik, oyundan əvvəl iki cavabsız qol vurmaq tapşırığının öhdəsindən gəlməli olan "Qəbələ”nin işi bir qədər də çətinləşmişdi. Məhz belə bir məqamda Dabo 6 gün əvvəl Jozef-Monrozun etdiyini etdi. Vurduğu qollara komandasını ürəkləndirdi. Bu qol həm də "Neftçi”nin gözünü qorxutdu. "Ağ-qaralar” başa düşdülər ki, meydanda dayandırılması heç də asan olmayan, hər an fərqlənməyi bacaran "qol maşını” var. Bu "maşın” cəmi 10 dəqiqə sonra yenidən öz işini gördü və ümumi hesabı bərabərləşdirdi. Ondan sonrası isə elə də çətin görünmürdü...

"Qəbələ” lazım olan qədər vurdu, artığını da Monrozun laqeydliklə qaçırtdığı penalti epizodu kimi israf etdi. Oyunun ssenarisi, rəqiblər arasındakı səviyyə fərqi eləydi ki, "Qəbələ”yə beş qol lazım olsaydı, o qədərini də vura bilərdi. Heç şübhəsiz ki, bu qələbədə Monrozla Dabo qədər bütün futbolçuların payı var. Zədədən dönəndən sonra diqqətləri üzərinə çəkən İlqar Qurbanovu, Qriqorçukun nəhayət ki, şans verməyə, inanmağa başladığı Təmkini xüsusiylə qeyd etmək mümkündü. Bu futbolçular oynamalı, bacarıqlarını meydanda göstərməlidlər. Onlara inanan məşqçi peşman olmaz. Necə ki, Roman İosifoviç olmadı.

Son günlər çox tənqid olunan, hər gün Latviyaya, yaxud da Qazaxıstana "göndərilən” Roman Qriqorçukun yeni tarix yazmaq üçün əla şansı var. Doğma meydanda keçiriləcək final oyununda kuboku başı üzərinə qaldırmalıdı. Sonrası isə xeyirlisi nədisə, elə də olsun!

Amal ABUŞOV
 

Xəbər lenti