Tennis Federasiyasında idmançılara laqeyd yanaşma:

Tennis Federasiyasında idmançılara laqeyd yanaşma: "Pul verməyini xahiş etməmişəm ki"

Azərbaycan Tennis Federasiyası, Bakı Tennis Akademiyası fəaliyyət göstərsə də, bu idman növündə ölkəmizdə elə də ciddi inkişaf hiss olunmur. Demək olar ki, gündəmə gələcək bir maraqlı hadisə, turnir, uğura rast gəlinmir. 

Ancaq bu o demək deyil ki, Azərbaycanda tennis oynaya bilən yoxdu. Əslində var. Var da... Ancaq üzə çıxarılmasına şərait yaranmır. 

Bakı Tennis Akademiyasının 8 yaşlı tennisçisi var - Ayşən Kərimli. Deyildiyinə görə bacarıqlı, istedadlı uşaqdı. Lakin nədənsə federasiya rəsmiləri nə istedadının fərqinə varmır, nə də ona dəstək göstərmir. Məsələ ilə bağlı Ayşənin atası Əli Kərimov Sport7.az-a danışıb. O narazı olduqları məqamı saytımızla paylaşıb. 

- Əli bəy, əvvəlcə Ayşən haqda ətraflı məlumat verin...
- 01.01.2011-ci il təvəllüdlü Ayşən Kərimli 2017-ci ildən müntəzəm olaraq tennislə məşğul olur. Daha əvvəl isə, 2 il gimnastika ilə məşğul olub. Xəzər rayon Buzovna qəsəbəsi 26 saylı orta məktəbin 2-ci sinfini bitirən qızım dərslərini də yaxşı oxuyur, əlaçıdı. 

Ayşən həftənin 1-3-5-ci günlərində 3 saat məşq edir. 2 saat qrupla, 1 saat isə fərdi. Əslində qrupla məşq zamanı 5, maksimum isə 8 uşaq olmalıdı. Ancaq Bakı Tennis Akademiyasının rəhbərliyi bir korta 16-17 uşaq buraxır. Bunu dəfələrlə desəm də, fikir verən olmayıb. 

Ayşən 21-29 mart tarixlərində Kiyev şəhərində təlim-məşq toplanışında oldu. Orada qruplarda ən çox 5-6 uşaq olurdu. Tennisimizin inkişafına görə bizdə də belə olmalıdı. 

- Narazılıq yaradan məsələləri ətraflı  olaraq bizimlə paylaşın...
- Yaş qruplarında tunirlər az keçirilir. Olanlar isə, olmasa ondan yaxşıdı. Demək olar ki, yola verirlər. 14 yaşa qədər turnir keçirilir. 8-10 yaşında olan bir uşaq o turnirdə necə oynasın? Əslində 10 yaşa qədər, 10-12 yaş və 12-14 yaş və s. olmalıdı.  Bizdə isə sadəcə ad olsun ki, turnir keçirilir. 
 
Ayşənin 8 yaşı var. 12 yaşına qədər olan uşaqlar arasında ona qalib gələ bilər tennisçi yoxdu. Çünki o idmançı çox sevir, məşqlərinə çox ciddi yanaşır. 8 yaşı olmasına baxmayaraq, 4 ildi əziyyət çəkir. 2 il gimnastika, 2 il tennis. 

Digər narazılığım isə istedadlı uşaqlardan pul alınmasıdır. Biz ora 370-400 manat pul ödəyirik. Əslində belə bacarıqlı uşaqlardan pul almaq əvəzi, dəstək olmaq lazımdır. Onsuzda bizim Buzovnadan Binəqədiyə gedib-gəlməyimiz əlavə xərcdi. 
 


Bu məsələ ilə bağlı 2 ay övvəl Federasiyanın I vitse-prezidenti Salam Əsgərəlizadəyə müraciət etdim. Bu vaxta qədər almısız, halal xoşunuz. Bundan sonra əl-ələ verək, istedadlı uşağa dəstək olaq dedim. Ancaq cavabında mənə dedi ki, Ayşəni bura gətirib, bu pulları mənə verməyi səndən xahiş etməmişəmki... Yəni belə çıxır ki, pulun yoxdu, uşağı gətirmə. Demək ki, mənim imkanım olmasa, uşaq itib batmalıdır da... Ancaq bununla razılaşmaram. Hazırda həmin şəxslə elə düşmən kimiyəm. Bunlara pul lazımdı, istedad yox. 

Hətta bir dəfə millinin baş məşqçisi Yalçın Manaflıya görə söhbətimiz oldu. Dedim ona nəticə verməyən bir məşqçini 10 ildir niyə saxlayırsınız? Cavabı o oldu ki, mənə sərf edir. Yəni, bunlar mafiyadlr. Prezidentimiz uşaqlar üçün hər cür şərait qurub, bunlara əmanət edib. Ancaq bu insanlar oradan pul qazanmaq, obyekt kimi istifadə edirlər. Bir çox xarici məşqçilərlə söhbətim olub. Çox yaxşı şəraitimiz olduğunu, lakin tennisinizin bərbad vəziyyətdə olduğunu deyiblər. 

- Bəs sizcə bunları işıqlandırmaqla nəsə bir dəyişiklik olacaq? Məsələn, bu şikayətdən sonra Ayşənə və sizə qarşı rəftarları daha da pisləşər, uşağın yoluna daha da əngəllər yaratmazlar?
- Mən bu məktubu bu yaxınlarda Mehriban xanım Əliyevaya göndərmişəm. Dəyişiklik olması üçün sözünü deməlisən. Ayşənin yolunu Allahdan başqa heç kim bağlaya bilməz. 
 


- Bəs Ayşəni ölkə xaricinə göndərib, orada peşəkar səviyyədə yetişməsi barədə fikriniz var?
- Martda Kiyevdə olanda Ayşənə sözün əsl mənasında vuruldular. İyul ayında biz 3 aylıq Moskva şəhərində məşqlər və turnirdə iştirak etmək fikrimiz var. Amma Kiyevdəki "Spin and win" akademiyası Ayşəni israrla ora çağırır. Orada qalmaq, ev və hər bir şərait vəd edirlər. Amma martda öz hesabımıza getmişdik. 

Ukraynada verilən məktubu sizə təqdim edirəm.
 


Öz övladım olduğu üçün demirəm. Ancaq Ayşənin dünya səviyyəli tennisçi olacağına çox inanıram. Başqa uşaq da olsaydı, istedad görsəydim, belə deyərdim. Ayşən tez inkişaf edir. Bu səviyyəyə çatmaq üçün tennisdə 4-5 il vaxt lazımdır. Amma o bunu 2 ilə yığıb. Bu çox önəmli məsələdi. 8 yaşında uşaq özündən 4 yaş böyükləri udursa, bu böyük uğurdu. 20-24 yaşlar arasında bu hiss olunmaz, ama 8 ilə 12 yaş arasında fərq hiss olunur. Ukrayna kimi tennisdə I kateqoriyada olan bir ölkədə Ayşənə öz yaşında rəqib yox idi. 

Özüm Kiyevə apardım ki, səviyyəsini öyrənim. Bizdə tennis zəifdi deyə, orada yoxlamaq istədim. Ora gedib gələndən sonra çox rahat oldum. Elə ona görə indi vuruşuram ki, gələcəkdə öz bayrağımız altında yarışlara çıxaq. Mən ölkəmizi, bayrağımızı çox sevirəm. Ancaq əgər görsəm ki, bu ölkədə qızıma qarşı saymamazlıq edilir, o zaman Ramin Quliyev kimi başqa bayraq altında çıxış edər. 

Röya Kərimli
Sport7.az
 








OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR