Tərlan Əhmədov: "Neftçi"ni öz silahı ilə vurmaq lazımdı

Tərlan Əhmədov:
"Bacardığımız qədər çalışdıq müdafiədə səhvsiz oynayaq və rəqibi əks-hücumlarda tutaq”.
 
Sport7.az xəbər verir ki, bu sözlər "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

Paytaxt klubu onun rəhbərliyi altında ilk oyununu bu gün Topaz Premyer Liqasının "Qarabağ”la VII turundan təxirə salınmış görüşündə keçirib və bərabərə qalıb – 1:1.

Oyunsonrası mətbuat konfransında Əhmədov debüt matçını belə dəyərləndirib: "İlk hissədə istədiyimizi edə bilmədik. Amma fasilədən sonrakı epizodlarda qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Qol buraxandan sonrakı mübarizə məni sevindirdi. İstək var idi. Qarşıda 5 tur var. "Qarabağ”dan 1 xal almışıq və ədalətli nəticə də heç-heçə idi. 1 xal da bizə motivasiya verir. İki gündən sonrakı matça bizi daha aqressiv edir. Qarşıdakı 5 matçda daha baxımlı oyun keçirmək və nəticə qazanmaq istəyirik”.

- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsınız. Sizin üçün ikiqat motivasiya var?
- Həyat belədi, bir gün orda, bir gün burda. Mənim üçün önəmli olan tək "Neftçi” deyil. Bizi çempionatda 19 tur gözləyir. Təkcə "Neftçi”ni düşünsəm, o biri matçları unudaram. Həyatda hər şeyi unuduram. İntiqam hissi ilə yaşamaq insanı kiçildir. Olanlar keçmişdə, tarixdə qaldı. Sadəcə, qarşıdakı görüşə 3 xal üçün çıxacağıq.

- Bunu uğurlu start saymaq olar?
- 3 xal olsaydı, uğurlu start olardı. Heç-heçə də pis deyil. Hər qazanılan xal qızıl xala bərabərdi. Xüsusən də liderlərə qarşı. Mən 1-2 oyun üçün söz verib bura gəlməmişəm. Məşqçinin işi mövsümün sonunda ortaya çıxır. Bu gün də öz sistemimizi ortaya qoymağa çalışdıq. Uğurlu da saymaq olar, uğursuz da. Amma mən uğurlu sayıram.

- Matçın sonlarında 4-lü müdafiəyə keçdiniz. Bu nə ilə bağlıdı?
- Xeyr, sistemi dəyişmədik. Sadəcə, Azəri çıxarıb, onun mövqeyinə Slaviki keçirdik. Fikrim var idi ki, hücumu gücləndirmək üçün 4-lü müdafiəyə keçim. Amma Azərin zədələnməsi buna gətirib çıxardı.

- Samir Məsimovun qırmızı vərəqə epizodunda narazılığınız kimə idi?
- Samirin özünə. Hakim qərarını dəyişmir. Onunla mübahisəyə ehtiyac yoxdu. Dördüncü hakimə də bildirdim ki, bilərəkdən olmayan epizodu. Artıq vərəqəni vermişdi, etiraza gərək yox idi.

- Oyun planında çatışmayan cəhətlər nə idi?
- Çox şey var. Hücumda yaradılan qol epizodlarının az olması məni narahat edir. Komanda topa çox sahib ola bilmir. Yerdəyişmələr, bir-birini sığortalamalar ürəyimcə deyil. Bunlar bir günə yox, zamanla düzəlir. Ən ciddi narahatlıq az qol epizodu yaratmağımız oldu.

- Samirin qırmızı vərəqə alması sizə çətinlik yaratmayacaq?
- Hər bir futbolçu önəmlidi. Amma bunu ciddi itki kimi qəbul etmək istəmirəm. Bu baş veribsə, ən yaxşı alternativdən istifadə edəcəm.

- Açıq futbol oynayan "Qarabağ”dan xal aldınız. Qapalı futbol göstərən "Neftçi”yə qarşı necə olacaq?
- Bunu indi açıqlaya bilmərəm. Çünki rəqibə bütün siqnalları verə bilmərəm. Rəqibi öz silahı ilə vurmaq lazımdı. Rəqibin bizə nə hazırladığını bilmirəm. Amma biz də analiz edib, meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, bugünkündən bir az da maraqlı oyun izləyəcəksiniz. Bu 1 xal da bizə əlavə motivasiya verəcək.

- Cinah asmalarına çox üstünlük verirdiniz. Amma bunun 99 faizində top rəqib müdafiəçilərinə çatırdı. Vaqif Cavadovu meydana buraxmamağınızın səbəbi nə idi?
- Mənə cinahda əzmkar, cinahı bağlayan futbolçu lazım idi. Çatışmayan cəhətimiz az qol vurmağımızdı. Futbolda 90 faiz qol cinah ötürməsindən vurulur. Bizdə də belə bir problem var. Keçmiş oyunları analiz etmişəm. Oyunun gedişində hiss edirdim ki, hansısa məqamda nəsə ola bilər. Vaqif topla oynamağı sevən futbolçudu. "Qarabağ”la görüşdə bu, bizim ziyanımıza ola bilərdi. Amma qarşıdakı matçlarda ona şans veriləcək.

- Elnur Cəfərov hardadı?
- Dünən komandaya qoşulmuşam. O, sabah əvəzedici heyətlə meydana çıxacaq. Yığmanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Həmin vaxt dəvət edib yoxlayacağıq.

- Zaur Axundov qarşınıza konkret avrokubok hədəfi qoyubmu?
- Ötən il də "Keşlə” avrokubokda iştirak edib, uduzub. Bütün komandalar bunu arzulayır. Mən də komandamın liderlər sırasında yer almasını istəyirəm. Zaur müəllimlə söhbətdə də bunu müzakirə etdik ki, hər şey mümkündü. O hədəfə çatmağa çalışacağıq. Hələ ki, çempionat oyunlarını fikirləşirik. Deyirlər ki, avrokuboka ən yaxın yol kubokdan keçir. Niyə də olmasın? Komandanın bu potensialı avrokuboka çıxmağa imkan verir.

- Bu yaxınlarda bir söhbətdə demişdiniz ki, gözləyirəm kiminsə quyruğu qapı arasında ilişsin. "Keşlə”nin ayağı qapı arasında ilişib?
- Mən bu sözü heç vaxt deməmişəm (gülür). Sadəcə, "dincəlirəm” demişdim. Demişdim ki, kimin vəziyyəti ağır olacaq, yəqin ki, dəvət olunacaq. İki klub belə durumda idi. "Zirə”yə Samir Abasov yeni getmişdi. Heç "Keşlə”dən də gözləmirdim. Çünki baş məşqçi təzə gəlmişdi. Birdən-birə bu məsələ ortaya çıxdı. (Matç.az)
 
Sport7.az

Xəbər lenti