Tərlan Əhmədov: "O adamlardan deyiləm ki, yalandan qiymətimi qaldırım"

Tərlan Əhmədov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Tərlan Əhmədov ölkə çempionatı ilə bağlı fikirlərini bildirib.

Tərlan bəy Sport7.az-a müsahibəsində bəzi klubların durumu, "Qarabağ"ın avrokuboklardakı çıxışı və yığmamızın qarşıdakı oyunlarından da danışıb.

- Premyer Liqadan başlayaq. Artıq 6 tur geridə qalıb. Nə düşünürsüz?

- Bütün oyunları izləyirəm. Açığı, hazırda çempionluq uğrunda iki komanda mübarizə aparır. Düşünürəm ki, sona qədər də belə olacaq. Söhbət, "Qarabağ"la "Neftçi"dən gedir. Ancaq düşünmürdüm ki, bəzi komandalar belə zəif çıxış edər. "Neftçi", "Qarabağ" və "Sumqayıt"ı çıxmaq şərtilə. "Sumqayıt" da çox xoşuma gəlir. Hazırda komanda gözəl futbol nümayiş etdirir. O biri komandaların çıxışı isə qənaətbəxş deyil. Tək-tək sadalamaq istəmirəm, amma dəst-xəttlə çıxış edən yoxdu. 6 tur keçib, bu müddətdə, normal mübarizə şəraitində keçən oyun yalnız "Qarabağ" - "Neftçi" olub. Başqa ürəkaçan oyun olmayıb.

- Geridə qalan turlarda qeydə alınan nəticələri sürpriz hesab edirsiz?

- Xeyr, sürpriz heç nə yoxdu. Sürpriz belə olmur ki. Hər halda Premyer Liqaya yeni gələn komanda çempion olsa bunu sürpriz adlandıra bilərik. Qalan nəticələri sürpriz saymıram.

- "Qəbələ"nin problemini nədə görürsüz? Komanda iddiasından əl çəkibmi?

- Yalnız "Neftçi"yə məğlub olduqları oyunu yüksək səviyyədə keçiriblər. "Sabah"la qarşılaşmada da gözəl oyun nümayiş etdiriblər. Ümumilikdə problemin nədə olduğunu bilmərəm. Çünki klub rəhbərliyi və məşqçilər var. Oyun baxımından onu söyləyə bilərəm ki, komandanın müdafiə xətti həddindən artıq böyük səhvlərə yol verir. Hərdən məşqçilər deyir ki, "uşaq səhvlərindən qol buraxdıq". Amma bu uşaq səhvləri deyil. Kobud səhvlərdi. Rəqib futbolçu ilə mübarizədə edilən səhvlər başqadı. Amma "Neftçi", "Sabah", "Sumqayıt", dünən baxdığımız "Keşlə" ilə oyunda buraxılan qollar səhvlərdən irəli gəlir. Müdafiə xəttindəki problemlər istər-istəməz nəticələrə təsir edir. Müdafiə xətti nə qədər inamlı olsa, nəticələr o qədər yaxşı alınar. Hərdən görürsüz ki, müdafiə xətti etibarlıdı, amma hücumda fərqlənə bilmirlər. Buna baxmayaraq müdafiədəki inam oyuna təsir edir və bir də görürsən ki, qol vurdular. Müdafiədən oynamağı xoşlamıram. Amma o xətdə kobud səhvlər olmamalıdı. Bu səhvlər hansısa problemlərin olduğunu göstərir. Ortaya suallar çıxır. Hər halda mətbuatda oxuduqlarıma, eşitdiklərimə əsasən deyə bilərəm ki, komandada ciddi problemlər yoxdu. Sadəcə, düşünürəm ki, əsas problem xətlərarası əlaqədə və müdafiədəki kobud səhvlərdi.

- Adınız "Qəbələ" ilə hallanırdı. Sizinlə danışıq aparan olubmu?

- Vallah, nə "Qəbələ", nə də başqa klublardan mənimlə danışıq aparan olub. Futbol ictimaiyyətindən kiminləsə, nə bir ay, nə 3 gün əvvəl nə də heç vaxt danışmamışam bu barədə. Mətbuatda yazdılar, mən də təkzib etdim. Nə olacağını bilmirəm. Adım hallanır, buna çox şadam ki, yaddan çıxmamışam. Ancaq ümumilikdə bu söhbətin hardan ortaya çıxdığını bilmirəm. Özümə də təəccüblüdü. Qismətdisə və belə şansım olacaqsa dəyərləndirərəm.

- Qarşıdan "Qarabağ"ın "Arsenal"la oyunu gəlir. Nə düşünürsüz?

- "Arsenal"ın "top-klub" olduğunu bilirik. Ardıcıl 7 oyun 7 qələbə istər-istəməz onun böyük klub olmasından xəbər verir. Düşünürəm ki, Bakıda gözəl oyun olacaq. Hamımız "Qarabağ"ın qalib gəlməsini ürəkdən istəyirik. Bu həm də Qarabağ" və Azərbaycan futbolu üçün yeni təcrübədi. Almeyda, Şehiç getdi. Komandaya yeni gələn futbolçular da var. Futbol bir illə bitmir. Amma görünən odu ki, rəqib rəqibdi. Fikrimcə, iki eyni stildə oynayan komandadı və bizi maraqlı qarşılaşma gözləyir. Zövq alınası oyun olacaq.

- Biz "Qarabağ"ın qələbəsinə inanmalıyıq. Bəs komanda "Arsenal"la qarşılaşmada nəyə ümid edə bilər?

- Bunu klub rəhbərliyi daha yaxşı bilər. 90 dəqiqə mübarizəli oyuna baxacağıq. Hamımız inanaq ki, oyun "Qarabağ"ımız üçün uğurlu olsun. Bu da var ki, İngiltərə və Azərbaycan çempionatları eyni deyil. "Qarabağ", "Neftçi", "Sumqayıt" normal futbol nümayiş etdirir. "Qəbələ"ni də problemləri olmasına baxmayaraq hələ silməmişik. Amma belə baxanda çempionatın və klubların səviyyəsi çox aşağı düşüb. "Zirə"ni, "Keşlə"ni qeyd edərdim. "Səbail"lə, "Sabah" da olsun, hələ "Qarabağ"la eyni səviyyədə mübarizə aparan komanda görmürük. İstər-istəməz, "Qarabağ"a hələ ki, bu çempionatda rəqib yoxdu. Sadəcə, komandanın başı Avroliqaya qarışıb. Bütün futbolçulara istirahət verilir. Dəyişikliklərlə meydana çıxırlar. Hərdən deyirlər ki, meydana ikinci heyətlə çıxıb. "Qarabağ" qarışıq heyətlərlə meydana çıxır. Amma "Arsenal" hansı çempionatda oynayır və həmin çempionat hansı səviyyədədi? Getdikcə də inkişaf edir. Bizdə isə klubların səviyyəsi "Qarabağ"la eyni deyil. Ya da belə desək, komanda gferidə qalan 6 turun hamısında eyni səviyyəli gərgin oyunlar keçirməyib.

- "Sportinq"lə oyun nə göstərdi?

- 0:2 hesabıyla məğlub olmuşuqsa, deməli, problemlər var. Gedən futbolçuların yeri gələnlərlə tam dolmayıb. Hiss olunur ki, problemlər var. Komanda Avroliqaya uyğun formalaşmayıb hələ. Amma "Sportinq"lə oyundan sonra təkmilləşmiş formada olmalıdılar. Ümid edək ki, "Qarabağ" "Sportinq"lə oyundan sonra bu dəfə daha yaxşı təsir bağışlayacaq.

- Qarşıdan yığmanın oyunları gəlir. Son iki matç nə göstərdi və hansı nəticələrə ümid edə bilərik?

- Hər halda bu suallar yığma məşqçilərinə verilsə daha yaxşı olardı. Kosovo və Malta ilə oyunlarda xallar itirdik. Qələbə qazanmalı oyun idi. Amma futbolun öz qanunları var. hamı düşünürdü ki, Kosovo və Maltadan 3 xal alacağıq. Düşünürdük ki, daha yaxşı komandamız var. Klubumuz Çempionlar Liqasının qrup mərhələsində oynayıb. "Qəbələ" də Avroliqanın qrup mərhələsində iki il ardıcıl çıxış edib. Futbolçularımız müəyyən təcrübə qazanıblar. Amma gözləmədiyimiz nəticələr əldə olundu. İstər istəməz qarşıdakı oyunlarda nə olacağını düşünəndə, qorxuruq, çox fikrə gedirik. Birinci yerə çıxmaq istəyiriksə qalan 4 matçın hamısında qalib gəlməliyik. İki oyundan sonra hələ ki,  ümidverici nəsə yoxdu. Amma Qurban Qurbanovun yaxşı komanda quaracağına inanaq. Bugünlərdə mətbuatda müsahibəsi vardı, komandaya yeni futbolçular cəlb olunacağını demişdi. İnşallah yaxşı nəticələr əldə olunar.

- Adətən işsiz məşqçilər xarici klublardan təklif aldıqlarını deyirlər. Sizin də xaricdən təklifləriniz var?

- Yalandan deyib qiymətimi qaldırım (gülür)? Buna ehtiyacım yoxdu. Hər halda bu haqda fikirləşməmişəm. Gördüyüm işlərlə nəyəsə nail olmağın mümkünlüyünü fikirləşirdim. Məşqçilik elə bir sənətdi ki, hər gün inkişaf edirsən. Hətta işləmədiyin dövrlərdə də oyunlara baxırsan, mütaliələr, analizlər edirsən. Heç kim deyə bilməz ki, məşqçiliyin pik nöqtəsindəyəm. Götürək Mourinyonu. Uğurları vardı, indi uğursuluqları sıralayır. Qvardiola "Barselona"da hansı nəticələri əldə etmişdi? İngiltərə çempionu da oldu. Amma Çempionlar Liqasında heç nə edə bilmədi. AZAL-da işləyəndə, gördüz ki, az büdcə ilə həm klubun yaşamasına, həm də futbolumuzun tam çökməməsinə çalışdıq. İstər-istəməz futbolumuza böyük zərbə dəyməməsinə, bacardığımız qədər uğurlu olmağa çalışırdıq. Amma bizdən asılı olmayan məsələlərə görə komanda Premyer Liqanı tərk etdi. Bəlkə də AZAL indi yox səviyyəsindədi. Bir il "Neftçi"də işlədim. Daha yaxşı nəticə qazanmağa çalışdıq. Düşünmürəm ki, xaricə, məsələn Avropaya gedim. Çünki buna hazır deyiləm, görüləcək işlər var. Amma o adamlardan deyiləm ki, yalandan xaricdən təklif olduğunu deyib, qiymətimi qaldırmağa çalışım. Keçmişdə müəyyən işlər görmüşəm. Hər halda bunu klub rəhbərləri bilir. Təklif olacaqsa işləyəcəm, olmazsa zamanımı gözləyəcəm. 

Sport7.az

Xəbər lenti