Təsadüflər və zərurətlər labrintində

Təsadüflər və zərurətlər labrintində
Dəyərli həmkarlarım dünən bir sorğu çərçivəsində mənə də sual ünvanlamışdılar. "Qəbələ”ylə "Qarabağ”ın bu həftəsonu keçiriləcək qarşılaşmasını hansi hakimin idarə etməli olduğunu soruşurdular. Bu tip müzakirələrin əleyhinə olsam da, cavab verməyi vacib saydım. 

"FİFA referilərimizin hər üçü, eləcə də, Orxan Məmmədovla Rauf Cabbarov Qəbələdəki oyunu rahatlıqla idarə edərlər” dedim. Həmin vaxt Fariz Yusifovun da adını çəkməyi düşünürdüm. Amma qəfildən xatırladım ki, Fariz bəyin Qəbələyə bu yaxınlarda gerçəkləşən səfəri məlum olayla yadda qalmışdı. Bu mənada onun adını bu oyunu idarə etməyə namizədlər sırasında çəkməyimiz düzgün olmazdı. Qalanlarının isə hakimlik bacarığı, indiyə qədər topladıqları təcrübə bu qarşılaşmanın yükünü çəkməyə tam imkan verir. 

Əlbəttə ki, bu mənim subektiv fikrimdi. Mənimlə razılaşanlar da var, razılaşmayanlar da. Onsuz da son 2-3 həftədə günümüz bu cür şəxsi qənaətlərə, ehtimallara zaman ayırmaqla, beynimizdə çək-çevir etməklə keçir. Buna nə zaman son qoyulacağını isə kimsə bilmir. Sanki kiminsə gizli əli Azərbaycan futbolunda sabitliyin olmasına imkan vermir, hakimləri klublarla, klubları bir-biriylə, klubları və hakimləri PFL-lə, azarkeşləri isə onların hamısı ilə üz-üzə qoymaqda maraqlıdı.

Premyer Liqanın həlledici, maraqlı bir mərhələyə qədəm qoyduğu məqamda bütün bunlar kimə lazımdı? Klubların enerjilərini, resurslarını bir-biriylə meydandankənar mübarizələrə sərf etməsi kimə sərf edir? Bununla Azərbaycan futbolu neçə addım irəli gedəcək, nə qazanacayıq, nə itirəcəyik? 

Hər bir sualın yetərincə geniş cavabı var. Amma subyektiv olduğu da məlumdu. Mən birini deyəcəm, kimsə onunla razılaşmayacaq, öz ehtimalını irəli sürəcək. Və beləcə yeni bir qovğanın, mübahisə və müzakirənin əsasını qoymuş olacağıq. Doğrusu isə bu deyil.

Ramil Diniyevin, Fariz Yusifovun, Əliyar Ağayevin, Ömər Paşayevin, Rəhim Həsənovun və digər hakimlərin səhvləri var. Birinci deyil, sonuncu olacağı da gözlənilmir. Bu məntiqlə futbol oynamaq, futbola baxmaq, həyacan keçirmək mənasız məşğuliyətdi. Bir oyundaki 3, yaxud da 5 hakimin verəcəyi qərar bütün 90 dəqiqənin taleyini dəyişdirəcək və biz də həmin 90 dəqiqə bitəndən sonra azı 9 gün onun qərarlarını müzakirə edəcəyik, ona dəyərmi? Cavab vermək, israr etmək, həqiqəti axtarıb tapmaq çox çətindi.

Həmin səhvlər təsadüfdürmü, yoxsa kimlərinsə sifarişindən sonra zərurətə çevrilir? Bunu təxmin etmək də çətin, hətta mümkünsüzdü. Çünki hakimlərin səhvləri də tam bir labrintə çevrilib. Bir tur "qara paltarlılar”ın əməllərindən xeyir görən komanda gələn oyunda onun altını çəkir. Bu labrintən baş çıxarmaq, təsadüflərlə zərurətin sərhədini tapmaq bizim üçün olduqca yorucu məşğuliyətdi.

Ümid edək ki, həftəsonu baş tutacaq "Qəbələ” – "Qarabağ” qarşılaşması bütün bu mübahisələrdən, "hakim qərəzli idi, ya yox”, "top əli tapdı, yoxsa əl topu tapdı” tipli tapmacalardan uzaq olacaq. Bütün bunların fövqünə yüksələcək, Azərbaycan futbolunun bəzəyinə çevriləcək.

Onsuz da usanmışıq...

Amal ABUŞOV




Xəbər lenti